20 oktyabr 2021 00:59
903

İqtisadiyyatın sağlamlaşdırılması üçün qeyri-ənənəvi addımlar atılması zəruridir

Yeni tarif dəyişikliyi mövcud reallıqlardan irəli gəlir

Məlum olduğu kimi, Tarif  Şurasının oktyabrın 16-da keçirilən iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair məsələyə baxılıb və müvafiq qərarlar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi (1200 kubmetr daxil) üçün tariflər 1 kubmetr üçün 2 qəpik artırılaraq 12 qəpik müəyyən edilir. Əhali üçün 1200 kubmetrdən 2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər mövcud səviyyədə saxlanılır. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri hər kubmetr üçün 2 qəpik artırılaraq 22 qəpik müəyyən edilib. Enerji istehsalı üçün “Azərenerji” ASC-yə, “Azəristiliktəchizat” ASC-yə, həmçinin məhəllə qazanxanalarına və CNG tipli qazdoldurma məntəqələrinə satılan təbii qazın tarifi 3,5 qəpik artırılaraq 16,5 qəpik müəyyən edilib. Digər istehlakçılar üzrə qaz tarifləri əvvəlki səviyyədə - 1 kubmetr üçün 25 qəpik səviyyəsində, metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə olunan qaz üçün 20 qəpik səviyyəsində saxlanılır. İxrac olunan elektrik enerjisinin, habelə enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə verilən elektrik enerjisinin istehsalı məqsədləri üçün təbii qaz istehsalçı tərəfindən müqavilə qiyməti ilə alınır.

Qeyd edək ki, ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı yüksəlib. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb. Hazırda 1.000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir. Təhlillər göstərir ki, təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir. Bu isə həmin sahənin dövlət tərəfindən subsidiyalaşdırılmasına büdcədən asılılığın artmasına səbəb olur. Hazırda bu istiqamətdə görülən tədbirlər zərərlə işləyən və dövlət büdcəsinə yük olan sahələrin iqtisadi asılılıqdan çıxarılmasına xidmət edir. Bu baxımdan təbii qazın hasilatı və satışı prosesində yaranan zərəri aradan qaldırmaq, sahənin dövlət büdcəsindən asılılığını və büdcə subsidiyalaşdırılmasını azaltmaq, sahəyə investisiya qoyuluşlarının təmin edilməsinin cəlbediciliyini artırmaq, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin dəyişdirilməsinə zərurət yaranıb.

Təbii ki, tarif tənzimlənməsi dövlətin iqtisadi siyasətinə uyğun olaraq  mühüm məsələləri, xüsusilə enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına daha əlverişli şəraitin yaradılması, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, dövlətin sosial siyasətinin ardıcıllığının və əhalinin sosial rifahının təmin edilməsi nəzərə alınmaqla həyata keçirilib. Yeni tarif dəyişikliyi bu sahələrin dövlət büdcəsindən asılılığına, subsidiyaların aradan qaldırılmasına, büdcədə sərbəstləşən vəsaitin digər büdcə xərclərinə və sosialyönümlü tədbirlərə yönəldilməsinə, yeni investisiya qoyuluşlarının təmin edilməsinə, istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi imkanının yaradılmasına, təbii qaz hasilatı və satışı sahəsinin, o cümlədən hasilatçıların zərərlə fəaliyyətinin qarşısının alınmasına müsbət təsir edəcək.

Bundan başqa, Tarif Şurasının oktyabrın 16-da keçirilən iclasında elektrik enrjisinin tarif tənzimlənməsinə dair məsələyə də  baxılıb. Belə ki, əhali kateqoriyası üzrə mövcud olan tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) yeni qaydada müəyyənləşdirilərək differensiallaşdırılmış tariflərin sayı 2-dən 3-ə dəyişdirilib. Əhali qrupu üzrə tariflər istehlakı 200 kVts-dək (200 kVts daxil olmaqla) olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilib. Qeyri-əhali üzrə istehlakçı qrupunun digər sahələr üzrə tarif 1 qəpik artırılaraq 10 qəpik/kVts, xidmət və ticarət sahələri üzrə isə tarif 2 qəpik artırılaraq 11 qəpik/kVts  səviyyəsində müəyyən olunur. Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 1 kilovat/saat (kVts) üçün 6,6 qəpik səviyyəsində müəyyənləşdirilir, gecə-gündüz tarifi yalnız almünium sənayesinə tətbiq olunmaqla ortalama tarif 2,8-5,8 qəpik/kVts-dan 3,1-6,4 qəpik/kVts-a dəyişdirilib.

Şübhəsiz, yeni tarif dəyişikliyi mövcud reallıqlardan irəli gəlir. Belə ki, 2021-ci ilin əvvəlindən etibarən sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi, habelə pandemiya ilə mübarizə çərçivəsində hökumət tərəfindən iqtisadi təşviq paketlərinin həyata keçirilməsi, iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanmasına səbəb olub. Bu baxımdan elektrik enerjisinə tələbat artıb.

Təbii ki, tarif dəyişikliyi nəticəsində qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək. Həmçinin bütün bunlar ölkəmizdə  alternativ enerji istehsalçıları üçün əlverişli şərait yaradır. Əgər bu sektor inkişaf edərsə, təbii qaz əsaslı enerji istehlakı azala, iqtisadiyyatda yeni xidmət sahələri, inkişaf etdikcə daha da ucuzlaşa biləcək alternativ mənbələr yarana bilər.

Zahid Rza, “İki sahil”