05 noyabr 2021 17:15
749

Zəfər Günü Almaniyada qeyd olunub

Almaniyanın Bonn şəhərində Azərbaycanın Zəfər Günü qeyd olunub.

Bu barədə "İki sahil"ə Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədr müavini Nuran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, BMT-nin mənzil qərargahının önündə reallaşan tədbir Alman-Azərbaycan Mədəniyyət evinin təşkilatçılığı ilə keçirilib.

Belə ki, tədbirdə Azərbaycanın möhtəşəm Zəfərinin ildönümünə həsr olunmuş açıq hava sərgiləri nümayiş olunub.

“Biz Qafqazda sülh istəyirik” adlı sərgidə 30 ilə yaxın müddət ərzində ermənilərin işğal etdikləri yaşayış məntəqələrində törətdikləri vandallıqlar alman ictimaiyyətinə “əvvəl və indi” devizli rəsm əsərləri ilə təqdim edilib.

Tədbirdə Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvləri, bu ölkədə yaşayan soydaşlarımız, almaniyalı fəallar və şəhər sakinləri iştirak ediblər.

Tədbirdə həmçinin Azərbaycanın milli musiqiləri canlı ifa edilib.