12 noyabr 2021 21:57
825

10 noyabr razılaşmasından sonra regionda siyasi, hərbi və iqtisadi vəziyyət tamamilə dəyişib - Aydın Hüseynov

44 günlük müharibə Azərbaycanın tam Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə Bəyanat imzalandı.  Həmin tarixdən bir il ötür. Ötən müddət ərzində işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı yenidənqurma işləri sürətlə davam etməkdədir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, ötən il Ermənistanın təslim olmasını təsdiq edən kapitulyasiya aktı ilə nəticələnən 10 noyabr razılaşmasından sonra regionda siyasi, hərbi və iqtisadi vəziyyət tamamilə dəyişib: “İlk növbədə, Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək beynəlxalq hüquqla müəyyən edilmiş sərhədlərinin qorunmasını həyata keçirməkdədir. BMT qətnamələrini özü icra edən Azərbaycana beynəlxalq birlik tərəfindən rəğbət və etimad yüksəlib. Ölkəmizin böyük siyasi iradəsi və qətiyyəti bu gün də bir çox ölkələr tərəfindən təqdir olunmaqdadır. Vətən müharibəsinin bitməsindən ötən bir ildə regionda qüvvələr nisbəti və status-kvo dəyişib. Artıq bölgənin lider ölkəsi Azərbaycan yeni reallıqlar yaradır - kommunikasiyaların açılması və yeni əməkdaşlıq perspektivləri üçün səylə çalışmaqdadır”.

“Ali Baş Komandan, cənab İlham Əliyev 44 günlük Zəfərdən sonra bəyan etdi ki, qarşıda duran başlıca vəzifə müharibənin nəticələrini aradan qaldırmaq, azad edilmiş torpaqlarda möhkəmlənmək, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir” söyləyən deputat qeyd edib ki,  bu strategiyaya uyğun olaraq işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlərə start verildi və yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atıldı.

A.Hüseynov işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən yenidənqurma işləri barədə belə deyib: “Cənab Prezident İlham Əliyevin birbaşa iştirakı və təşəbbüsü ilə bərpa və quruculuq işlərinə start verildi. İlk növbədə, işğaldan azad olunan ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlandı və bu rayonların iqtisadi inkişaf proqramları hazırlanıb icra edilməyə başlanıldı. Eyni zamanda, yaranmış iqtisadi-siyasi reallıqlara uyğun olaraq işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünü yenidən müəyyənləşdirdi. Bu siyasətə əsasən, Qarabağın coğrafi statusunda da dəyişiklik edildi, Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları yaradıldı. Yeni iqtisadi rayonlar iqtisadi və siyasi bütövləşən Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsi üçün yeni tarixi fürsət yaratmaqdadır”.

Qarşıya qoyulan yeni hədəflərin və nəzərdə tutulmuş layihələrin uğurlu icrasından söz açan deputat xatırladıb ki, Cənab Prezident və Birinci xanım Mehriban Əliyeva Zəfərdən sonra ötən il noyabrın 17-də Füzuli və Cəbrayıl rayonlarına səfər etməklə işğaldan azad edilmiş ərazilərdə ilk quruculuğun əsasını qoydular: “Prezident İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı və bununla da Qarabağda Böyük Qayıdışın təməli qoyuldu. Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin və Füzuli Beynəlxaql Hava Limanının və Zəfər yolunun təməlləri qoyuldu. 2020-ci il noyabrın 23-də Ağdama səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam məscidini ziyarət edərək bərpası üçün tapşırıqlar verdilər. Dövlət başçısının 2020-ci il dekabrın 23-də Qubadlı və Zəngilan rayonlarına səfərləri ilə Qarabağda genişmiqyaslı quruculuğun yeni planları gerçəkləşdi”.

Həmsöhbətimiz bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərini azad etməsi bütün müharibənin taleyini həll etdi: “2021-ci ilin yanvarın 14-də cənab Prezident Şuşa şəhərinə səfər etdi, burada tarixi-mədəni irsin bərpası, Şuşanın əvvəlki şöhrətinin özünə qaytarılması üçün tapşırıq verdi. Şuşada bir çox infrastruktur obyektlərinin, mədəniyyət və tarixi abidələrin bərpası və yenidən qurulması ilə bağlı tədbirlər görüldü, yeni təməlqoyma mərasimləri keçirildi. 2021-ci ilin mart və may aylarında növbəti səfərlər zamanı Şuşada olarkən cənab İlham Əliyev və Mehriban xanım Əliyeva bir sıra mühüm obyektlərin əsasını qoydular. Şuşada Qafqazın ən nəhəng məscidinin və Şuşa şəhər 1 saylı məktəbin təməlləri qoyuldu. May ayında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli qürur, milli mənlik, mədəniyyət, incəsənət və tarix beşiyimiz olan Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalını təşkil etdi. İyunun 15-də qardaş Türkiyənin Prezidenti Şuşaya səfər etdi, bir sıra mühüm tədbirlər təşkil olundu, tarixi Şuşa Bəyannaməsi imzalandı. Avqustun 29-da Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinə növbəti səfərləri zamanı Şuşa şəhərinin Baş planı təqdim olundu. Həmin səfər zamanı bir sıra obyektlərin açılışı oldu, yeni layihələrin təməli qoyuldu. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, eyni zamanda, Vaqifin büstünün açılışı oldu. Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı baş tutdu. Natəvanın adını daşıyan bulaq istifadəyə verildi. Şuşanın simvollarından biri olan və təmir-bərpa zamanı füsunkar memarlıq ansamblı qorunub saxlanılan “Qarabağ” hoteli də cəmi bir neçə ay ərzində istifadəyə verildi. Cənab İlham Əliyev avqust ayında Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməlini qoydu. Avqustda Şuşada Vaqif Poeziya Günləri keçirildi. Beləliklə, zəngin mədəniyyət ənənələrimizin 30-40 ildən sonra yaşadılması gerçəkləşdi.
2021-ci il aprelin 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfəri zamanı Dövlət Sərhəd Xidmətinin ən müasir hərbi hissəsinin açılışı gerçəkləşdi. Zəngilanda “ağıllı şəhər” və “ağıllı kənd”in əsasını qoydu. Həmin səfər zamanı dövlət başçısı İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının təməlini qoydu”.

Yeni tarixi dövrü xarakterizə edən deputat söyləyib ki, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan son 4 ayda iki dəfə Qarabağa səfər etməklə bölgədə yeni geosiyasi proseslərin başlanması üçün dərin zəmin yaratdı: “Şuşa Bəyannaməsinin imzalanması və ardınca qısa müddətdə Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Azərbaycan-Türkiyə birliyinin daha bir təntənəsi olan Zəngəzur dəhlizinin əsasının qoyulması regionun siyasi və iqtisadi xəritəsini dəyişən mühüm addımların gerçəyə çevrildiyini göstərir.
Son bir ildə ən mühüm hadisələrdən biri Zəfər yolunun istifadəyə verilməsidir. Onu da qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərinin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində 2.2 milyard manat vəsait ayrılıb və maliyyə təminatı hesabına işğaldan azad edilmiş ərazilərdə dayanmadan sürətlə quruculuq daha da genişlənir. Beləliklə, 10 noyabrdan ötən dövr Azərbaycanın həyatında quruculuq və bərpa dövrü kimi xarakterizə oluna bilər”.

Günel Eyyubova, “İki sahil”