17 noyabr 2021 18:01
1386

 Avtobus dayanacaqlarının da qeyri-adisi olurmuş - FOTO

Bu yazıda sizə dünyanın ən qeyri-adi dizaynına malik olan dayanacaqlar haqqında topladığımız maraqlı məlumatları təqdim edirik

NCTU dayanacağı -Tayvan

Tayvanın “CHU Studio” studiyasının memarlarının layihəsi əsasında ölkənin ən yaxşı universitetlərindən olan Milli Chiao Tung Universitetinin yaxınlığında maraqlı avtobus dayanacağı quraşdırılıb.

Belə ki, “ NCTU” adlanan avtobus dayanacağında aydın şəkildə işarələnmiş oturacaqlar yoxdur.Burada  ictimai nəqliyyatı yalnız oturaraq deyil, hətta uzanaraq da gözləmək olar.

Bundan başqa qeyri-adiliyi ilə seçilən bu  dayanacağın damı da abadlaşdırılıb. Belə ki, burada hər kəs sərbəst şəkildə damda gəzə, ağacların altında dincələ, eləcə də idman tədbirlərinə baxa bilər.

Qərbi Avropanın ən nəhəng stansiyası

Beynəlxalq memarlıq firması “BDP”nin memarları olan  Keith Ingham və Çarles Vislon tərəfindən hazırlanan, Qərbi Avropanın ən böyük stansiyasının dizaynı praktik və zərifdir. Bura təxminən  1100-ə qədər avtomobil və 80 ikimərtəbəli avtobus tutumuna malikdir. Maraqlıdır ki, 10 il əvvəl stansiya  sökülmə təhlükəsini yaşasa da ,  sonra  memarlıq  əsərləri sırasına daxil olan bu stansiyaya toxunmayıblar.

Yarpağa bənzər dayanacaq-Böyük Britaniya

Məşhur memar Maykl Spayserə aid  böyük  dayacanaq, yarpaq şəklində hazırlanıb. Memarlar vestibül və sərnişinlərin gözləmə yerini örtmək üçün xüsusi alüminium panellərdən və şəffaf materiallardan hazırlanan  dəmir örtükdən istifadə ediblər.  

Qeyri-adi radio- dayanacaq - İran

İranın şimalında XX əsrin əvvəllərinə aid klassik radioqəbuledici şəklində tikilən avtobus dayanacağı var. Qeyd edək ki, bu  qeyri-adi konstruksiya az bir zamanda insanların diqqətini cəlb edib.  İranın Gülüstan əyalətinin inzibati mərkəzi olan Gürgan şəhərində yerləşən bu dayanacaq haqqında  ilk məlumatı, “Sputnik Persian” portalı verib.

Maraqlı dizaynı ilə seçilən  dayanacağın  divarlarına, daxilindən gecə-gündüz ətrafa  ənənəvi fars musiqisi yayılan  səsli dinamiklər quraşdırılıb.

Dayanacağın şəkilləri qısa müddət ərzində sosial şəbəkələr də yayılıb və  şəhər rəhbərliyinin şəhərin abadlığına bu cür yaradıcı yanaşması sosial şəbəkə istifadəçilərinin əksəriyyətinin ürəyincə olub. Onların fikrincə, «radio-dayanacaq» əyalətin mərkəzi olan Gürgan şəhərinin  küçəsinin ayrılmaz hissəsinə çevrilib.

Bir çox İran vətəndaşı etiraf edib ki, ilk dəfə  dayanacağın şəkillərini gördükdə, fotonun xaricdə çəkildiyini düşünüblər.

İstifadəçilərdən biri isə öz növbəsində, qeyd edib ki, belə dayanacağın bir “mənfi” tərəfi də var: burada dayanan sərnişin qəflətən gözəl musiqiyə maraqla qulaq asmaqla, lazım olan avtobusu əldən buraxa bilər.

Guimaraesin məşhur dayanacağı-Portuqaliya

Portuqaliyada yerləşən bu avtobus dayanacağı  “Arriva” nəqliyyat şirkətinin (avtobusları burada dayanır) logistik problemlərini həll etmək üçün inşa edilmişdi. Dayanacaq 96 avtobus tutumuna malikdir. Qeyri-adi dayanacağın şüşə divarları ətrafda yerləşən obyektlər ilə sanki bir vəhdət təşkil edir və ən əsası bol gün işığını özündə əks etdirir.

Palıd taxtalarından inşa edilən dayanacaq- Avstriya

Avstriyanın Krumbax şəhərində yerləşən avtobus dayanacağı ispan memarları Anton Qarsia-Abril və Debora Mesa tərəfindən inşa edilmişdir. Sanki yerli zavodlarda qalıqlardan  tikilmiş bu dayanacaq əslində elə kobud, işlənməmiş palıd taxtalardan ibarətdir.

Dalğaya bənzər dayanacaq- Abxaziya

Dünyanın ən qeyri-adi avtobus dayanacaqları siyasına daxil olan nəhənq  dalğaya bənzəyən bu dayanacaq Abxaziyanın Qaqra şəhərində yerləşir.   Bu dayanacaq  məşhur  Qaudinin  parlaq və mürəkkəb mozaikasına bənzəyir.Həmin dayanacaq Abxaziyanın məşhur memarı  Zurab Tsereteli tərəfindən inşa edilib.

İnfraqırmızı işıqları ilə məşhur olan dayanacaq- Böyük Britaniya

Böyük Britaniyanın Slough şəhərində yerləşən  avtobus dayanacağı  1800-cü ildə infraqırmızı şüalanmanı kəşf edən yerli astronom Uilyam Herşelin şərəfinə inşa edilib. "Dalğalı" dizaynı ilə seçilən bu  dayanacaq  müxtəlif infraqırmızı dalğa uzunluqlarını izləyir. Fasadın hamar və parlaq səthinin  müxtəlif işıqlandırma sayəsində  binanın görünüşü daim dəyişir.

Balinanın açıq ağzına bənzəyən dayanacaq- Hollandiya

Hollandiyada məşhur Spaarne xəstəxanasının yanında  bu qeyri-adi ilə seçilən dayanacaq, sanki  parlaq narıncı balinanın açıq ağzına bənzəyir.  Bu avtobus dayanacağı  dünyanın süni materiallardan tikilmiş ən böyük binası kimi tanınmaqdadır.

Branden avtobus dayanacağı-Avstriya

Avstriyada yerləşən "Branden" avtobus dayanacağı  Seo Fujimoto tərəfindən inşa edilib. Dizaynı ilə digərlərindən çox fərqlənən  “Branden”   yerli dayanacaqların heç bir funksiyasını yerinə yetimrir. Belə ki, insanları nə soyuqdan, nə də günəşdən işıqlarından qorumayan bu  dayanacaq spiral pilləkənləri dəstəkləyən nazik polad çubuqlardan inşa edilib və  həqiqi meşəyə bənzəyir.

Təyyarəyə bənzər “Poppenbüttel” avtovağzalı - Almaniya

Almaniyada yerləşən məşhur  “Poppenbüttel” avtovağzalı sanki bir təyyarəyə bənzəyir. Burada  şəffaf damın altında səkkiz avtobus üçün dayanacaq, eləcə də geniş gözləmə zalı inşa edilmişdir.

Samirə Tağıyeva, “İki sahil”