Müzəffər Ali Baş Komandanın “Kəlbəcər bizimdir!” müjdəsi ürəyimizdə qaysaq bağlamış 27 illik yaranı sağaltdı
Azərbaycanın ərazi etibarilə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi, ən yüksək dağ rayonu, təbiət xəzinəsi, Qarabağın “qala qapısı”, qədim insan məskənlərindən olmaqla yanaşı, mədəniyyətin, sazın-sözün beşiyi, qüdrətli sənətkarların yetişdiyi diyardır.
25 noyabr: Qələbə dastanına “Kəlbəcər Zəfəri” yazıldığı gün o möhtəşəm, unudulmaz gün
Qarabağın 30 illik işğalına son qoymuş Vətən müharibəsində hərb tariximizə misilsiz rəşadət nümunələri yazıldı. Bu tarixi qəhrəmanlığın nəticəsi olaraq sarsıdılmış, diz çökdürülmüş düşmən Ağdam, Kəlbəcər və Laçından bir güllə belə atılmadan, döyüşsüz çıxmağa məcbur edildi.
Nəzərə alsaq ki, İkinci Qarabağ savaşının ən mürəkkəb və daha çox itki tələb edən döyüşləri bu ərazidə aparılmalı idi, o zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin necə böyük qələbə qazandığını, düşmənə necə ağır zərbə vurduğunu, hərb tariximizi necə şərəfləndirdiyini daha aydın təsəvvür etməklə yanaşı, Azərbaycanın diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.
Qeyd edək ki, 2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
1993-cü ilin qara “2" rəqəmini 2020-ci ilin qırmızı ”25"i əvəzləyir
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53 min 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib. İşğal nəticəsində 13 minədək fərdi mənzil, minlərlə inzibati və sosial tikililər, 37.852 hektar meşə sahəsi işğalçılar tərəfindən məhv edilib dağıdılıb.Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.
Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib. Sahəsi 3050 km² olan Kəlbəcər rayonu böyük iqtisadi potensiala malikdir. Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonun payına düşür. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları mövcuddur. Kəlbəcər rayonu mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malikdir. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir.
Bir sözlə, Kəlbəcərin zənginliklərini saymaqla qurtarmaq olmaz. 27 ildir ki, işğalçı Ermənistan füsunkar, heyrətamiz, yeraltı və yerüstü sərvətlərlə zəngin olan Kəlbəcərimizin qoynunda məskunlaşıb, suyundan içib, təbiətinin ecazkar mənzərəsindən zövq alıb. Bəs, təcavüzkar dövlət dəyərləndirə bilibmi, bu qədər dəyərli Kəlbəcəri? Təbii ki, yox. Ermənistan heç bir zaman bu cür qiymətli yurda dəyər vermək iqtidarına və hünərinə sahib olmayıb. Bütün bunlar onu göstərir ki, altı da, üstü də sərvət olan Kəlbəcəri itirməklə Azərbaycan zəngin xəzinələr diyarını itirmişdi. Bu gün o xəzinə Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti ilə yenidən və əbədi olaraq xalqımıza qaytarıldı. O Kəlbəcər ki, qızıl, civə və başqa mineral daşlarına, isti, narzan və sərin bulaqlarına, şəfalı dərman bitkilərinə, saf ab-havasına, əsrarəngiz mənzərələrinə və saymaqla bitməyən digər sərvətlərinə görə dünyanın heç bir yeri ilə müqayisə edə bilməyəcəyimiz zəngin bir məkandır.
Kəlbəcərə həyat yenidən qayıdır
Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Görülən işlər və büdcədən ayrılan vəsait göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Hazırda rayon ərazisində müxtəlif infrastruktur layihələri reallaşdırılır. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda tunelin tikintisi həyata keçirilir. Qısa müddətdə işə salınan 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə rayonun işıqlı gələcəyindən xəbər verir. İşğaldan azad edilmiş digər rayonlarımız kimi, Kəlbəcər də özünəməxsus iqtisadi imkanlara malikdir. Rayonun torpaqları olduqca məhsuldardır və tarixən burada kənd təsərüfatı, heyvandarlıq kimi sahələr inkişaf etdirilib. Yaxın perspektivin əsas hədəflərindən biri elə bölgədə aqrar sahəni inkişaf etdirməkdir. Buranın yaylaqları isə qoyunçuluğun inkişafına xidmət edəcək. Qızıl, civə kimi yeraltı sərvətlərin, mərmərin çıxarılması və emalı sənayesinin təşkili, xalçaçılığın genişləndirilməsi də ölkə iqtisadiyyatına böyük fayda gətirəcək. İqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi rayonlar üzrə ixtisaslaşmaya geniş imkanlar açacaq ki, bu da öz növbəsində ölkənin hərtərəfli inkişafını sürətləndirəcək. Bu zonada su mənbələrinin çoxluğu diqqət çəkir. Təsadüfi deyil ki, ölkəmizin mineral su ehtiyatlarının da 40 faizə qədəri Şuşa, Laçın və Kəlbəcərin payına düşür. Ümumiyyətlə, azadlığa qovuşmuş ərazilərimizdə 120-dək müxtəlif tərkibli mineral su yataqları var. Bir sözlə, işğaldan azad olunmuş digər rayonlarımız kimi, Kəlbəcərdə də Ermənistan hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür.
Vətən qələbə, Qarabağ zəfər, Kəlbəcər vüsal rəngində...
Bu gün 27 il Vətən həsrəti ilə yaşamış və nəhayət, doğma yurduna qovuşmuş kəlbəcərlilər, ümumilikdə xalqımız torpaqlarımızın xilaskarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə fəxr edir və hədsiz qürur duyurlar. Bəli, bu gün işğaldan azad edilən bütün ərazilər, o cümlədən Kəlbəcər öz tarixinin ən parlaq və qürurverici günlərinə şahidlik edir. Böyük fəxr və sevinc hissi ilə deyə bilərik ki, Kəlbəcərimiz, sən bizimsən, səni günü-gündən daha da gözəlləşdirəcəyik, başdan-başa gülüstana çevirəcəyik! Azadlığının birinci ildönümü mübarəkdir, Kəlbəcərim!
Yaqut Ağaşahqızı, “İki sahil”