01 dekabr 2021 17:02
650

Dünyanın ən işıqlı festivalları FOTO

Hər il Sinqapurdan  Amsterdama qədər dünyanın bir çox yerində işıq festivalları keçirilir. İnsanlara vizual şənlik bəxş edən ən yaxşı işıq festivalları ilə birlikdə tanış olaq.

"Amsterdam İşıq" festivalı / Niderland

Bu festival hər il dekabrın 1-dən yanvarın 22-dək keçirilir. Beynəlxalq rəssamların, dizaynerlərin və memarların əsərlərindən ibarət festival Amsterdam küçələrində keçirilir. Əsərlər iki fərqli sahədə nümayiş olunur. Birincisi piyada marşrutunda, ikincisi isə qayıq marşrutundadır. Hər il böyük tamaşaçı auditoriyası toplayan festival böyük zəhmətlə hazırlanır.

"Oklend" fənər festivalı / Yeni Zelandiya

Hər il fevralın 9-dan 12-dək keçirilən Oklend Fənər Festivalı Yeni Zelandiyada böyük həvəslə qarşılanır. Yüzlərlə əl istehsalı Çin fənərinin bir araya gəldiyi festivalda musiqi və maraqlı rəqslər  fərqlilik yaradır.

"İşıq Meydanı" festivalı / Avstraliya

50 mindən çox lampanın istifadə olunduğu festival Qırmızı Mərkəzdə işıq meydanına çevrilir. 4 futbol meydançası enində əraziyə yayılan lampalar gecələr mükəmməl mənzərə yaradır. Britaniyalı rəssam Bruce Munro 1992-ci ildən bu işlə məşğuldur.

"Glow Eyndhoven" / Niderland

Şəhərdəki  işıq qurğuları festivalla birlikdə  buraya fərqli ab-hava verir. Niderlandda keçirilən festival hər il əvvəlki ilə nisbətən daha çox tamaşaçı ilə dolu olur.

"I Light Marina Bay" / Sinqapur

"I Light Marina Bay" Asiyanın ən tanınmış işıq festivallarından biridir. Tamaşaçılara unudulmaz anlar yaşadan festivala hər il böyük maraq olur.

"Kobe Luminarie" / Yaponiya

Bu festival 1995-ci ildən indiyədək hər il Yaponiyada keçirilir. 200 mindən çox əl ilə boyanmış rəngli işıqlar ekoloji cəhətdən təmiz olması üçün biokütlədən hazırlanır. Festival zamanı işıqlar 2 həftə ərzində gecələr yanır.

"Lumiere London"/ İngiltərə

İngiltərənin ən böyük festivallarından biri olan "Lumiere London" 14-17 yanvar 2016-cı ildə keçirilən zaman dünyanın ən böyük işıq festivalı olub. Məlumatlara görə, festivalı izləməyə təqribən 1 milyon insan gəlib.

"Lunar fənər" / Tailand

Tailand, Yaponiya, Vyetnam, Monqolustan və Çin kimi bir çox Asiya ölkələrinin mədəniyyətlərini əks etdirən festival əla işıq şousu olmaqla yanaşı, Asiyada böyük marağa səbəb olub. Tamaşaçılara görə, "Lunar fənər" festivalı indiyə qədər izlədikləri ən gözqamaşdırıcı işıq festivalıdır.

 

Vüsal Cahanov, “İki sahil”