08 dekabr 2021 15:00
1118

Barmaq izinə bənzəyən ada: Bavljenak/FOTO

Bavljenak adası Xorvatiyada Adriatik dənizi sahillərində yerləşir.1,4 kvadrat kilometrlik bu kiçik ada tamamilə daşlarla örtülüb. Ən maraqlısı odur ki, səmadan görünüşü ilə nəhəng barmaq izinə bənzəyir. Gəlin bu kiçik ada ilə birlikdə tanış olaq.

Bavljenak adası Baljenak kimi də tanınır. Xüsusən də maraqlı görünüşü ilə diqqəti cəlb edir. Bu ada Dalmatiya sahillərində Sibenik arxipelaqında yerləşir. Səmadan baxdıqda  uzun divar xətləri səbəbindən nəhəng barmaq izi kimi görünür. İrlandiya, İngiltərə və Şotlandiya kimi bir çox Qərbi Avropa ölkələrində olduğu kimi, Xorvatiyanın kənd və sahil xəttinin çox hissəsi quru daş divarlarla əhatə olunub. Təbii ki, bu adada da vəziyyət belədir. Xorvatiyanın sahil xəttinin çox hissəsi karst topoqrafiyası ilə xarakterizə olunur.

Bəs karst topoqrafiyası nədir? Karts-suyun süxurları əritməsi, onlarda boşluqların və bunlarla əlaqədar olaraq yer səthində və dərinlikdə özünəməxsus relyef formalarının əmələ gəlməsi hadisəsidir. Daha açıq desək nəhəng bir qayalıqdır. Bu qayalıq torpağı becərmək fermerlər üçün olduqca çətindir. Əziyyətlə torpaqdan çıxarılan daşların bəzilərindən divar hörmək üçün istifadə edirlər. Cəmi yarım kilometr uzunluğunda olan Baljenakda divarlar 23 kilometrə qədər uzanır.

Vüsal Cahanov, “İki sahil”