08 dekabr 2021 17:16
1113

Şuşa qartalı Ramiz Cəfərov - FOTO

Masallıda Vətən müharibəsi qəhrəmanı, şəhid Ramiz Cəfərovun xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub

44 günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi qəhrəmanı, şəhid Ramiz Sübhan oğlu Cəfərovun xatirəsinə yazıçı-publisist, «İki sahil» qəzetinin əməkdaşı Nurəddin Ədiloğlunun həsr etdiyi "Şuşa qartalı" adlı onlayn ədəbi-bədii kompozisiya səhnələşdirilib.
Masallı Xalq Teatrının yaradıcı qrupu və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin birgə zəhmətilə ərsəyə gələn teatr kompozisiyası şəhər Mədəniyyət Mərkəzində nümayiş edilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Bakıdan və Sumqayıt şəhərindən gələn qonaqlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhid polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Cəfərova ömür-gün yoldaşının Vətənə xidmətlərindən danışıb.

Tamaşadan sonra Masallı RİH başçısı Şahin Məmmədov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və digər rayon rəsmiləri, şəhid valideynləri, onların övladları ilə görüşüblər. Sitarə Cəfərova və övladı Nurlan Cəfərov ölkə başçısına və rayon rəhbərinə minnətdarlıq ifadə ediblər.

Ramiz Cəfərov 10 dekabr 1974-cü ildə Ukraynanın Makeyevka şəhərində (Donetsk vilayəti) anadan olub. 1981-1985-ci illərdə Sumqayıt şəhərində 17 nömrəli tam orta məktəbdə, 1985-1989-cu illərdə Sumqayıt şəhərində 11 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə isə Cəmşid Naxçıvanski Hərbi Liseydə təhsil alıb. 1992-1996-cı illərdə V. F. Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb. Alman, ingilis və rus dillərini bilirdi. Ramiz Cəfərov 2004-cü ildə martın 1-dən martın 20-nə qədər Birləşmiş ştatlarda baş tutan NATO-nun "Əməliyyat heyəti zabitləri" Kursunda olub.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli  istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Ramiz Cəfərov, cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Ümumi olaraq 40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Noyabrın 6-da Şuşa istiqamətində şəhid olmuşdur.

Ramiz Cəfərov ailəli idi, Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı və Nurlan adında oğlu yadigar qaldı.
İkinci Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin  sərəncamlarına əsasən Vətən Müharibəsi Qəhrəmanı, «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə», «Şuşanın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilib.

Əlihüseyn Şükürov,

Masallı rayon sakini