Yer səthindən keçən on minlərlə çaydan bəziləri bəşər tarixinin gedişatını formalaşdırıb. Ən erkən inkişaf etmiş sivilizasiyalardan sənaye dövrünün mərkəzlərinə qədər su yolları tarixin ayrılmaz hissəsi olmuşdur. Aşağıdakı məqalədə tarixi dəyişən çaylardan danışacağıq:
Qədim Misirin açarı-Nil
Qədim Misirin uğurunun açarı Nil çayında idi. Çayın ətrafındakı torpaqlarda ilk dəfə eramızdan əvvəl 6000-ci illərdə əhali məskunlaşmışdır, çünki oranın inanılmaz dərəcədə münbit torpaqları və müntəzəm mövsümi daşqınlar insanları bol qida ilə təmin edirdi.Misirlilərə yalnız torpağa toxum atmaq qalırdı. Zaman keçdikcə misirlilər yüksək səmərəli fermerlərə çevrildilər.
Temza çayının xoşagəlməz qoxusu
Temza Orta əsrlərdə Britaniyanın mərkəzi olub. Su yolu paytaxtı İngiltərənin cənubundakı bir sıra digər böyük şəhərlərlə birləşdirdi. Viktoriya dövründə London qlobal imperiyanın mərkəzi idi, lakin Temza bunun “bədəlini ödəyirdi”. Çay istər heyvanların, istər insanların, istərsə də sənaye müəssisələrinin məişət tullantılarının zibilxanasına çevrilmişdi.
Bununla belə, o, şəhərin minlərlə insanın həyatına son qoyan müntəzəm, dağıdıcı vəba epidemiyalarına səbəb olan içməli su mənbəyi olmağa davam edirdi. Doktor Con Snou vəbanın yayılmasını içməli suyun çirklənməsi ilə əlaqələndirirdi, lakin rəsmilər Snounun heç nə bilmədiyini iddia edir və onun fikirlərini ciddi qəbul etməkdən imtina edirdilər.
1858-ci ildə Temza o qədər palçıqlı idi ki, parlament artıq problemə göz yuma bilməzdi. Şəhərin kanalizasiya sistemini işə salmaq üçün məcbur 3 milyon funt sterlinq (bugünkü pulla təxminən 500 milyon dollar) topladılar.
Missisipi ABŞ-ı böyük gücə çevirdi
Avropalıların gəlişindən çox əvvəl Missisipi boyunca yerli şəhərlər şəbəkəsi yaradılmışdı. Ən məşhurları arasında hazırda Sent-Luis şəhərinin yerləşdiyi yerdə, çayın əks sahilində yerləşən Cahokia da var idi. Avropalılar qitəyə ayaq basanda hələ böyük Missisipi sivilizasiyası mövcud deyildi. Nəzəriyyələrə görə, iqlim dəyişikliyindən müharibələrə qədər müxtəlif səbəblərdən dağılmışdı.
Birləşmiş Ştatlar üçün Missisipi üzərində nəzarət gənc ölkənin xırda müstəmləkələrdən formalaşmaqda olan fövqəldövlətə çevrilməsində əsas amillərdən biri oldu. Mübarizə aparmaq əvəzinə, ABŞ Napoleon Fransasından – Luiziananın satışı zamanı- 1803-cü ildə çox az məbləğdə pul ödəməklə (15 milyon dollar) ətraf əraziləri aldı. Bu, ABŞ-a cüzi bir qiymətə dünyanın ən böyük su nəqliyyatına nəzarət etmək imkanı verdi. Amerikalı tarixçi Henri Adams deyirdi ki, “Birləşmiş Ştatlar heç vaxt bu qədər az pula bu qədər çox şey almamışdı”
Böyük imperiyanın sərhəddi olan Dunay
Dunay Volqadan sonra Avropanın ən uzun çayıdır. Bu gün Almaniyadan Rumıniyaya qədər 10 Avropa ölkəsində bir neçə şəhərdən və dörd böyük Avropa paytaxtından keçir: Belqrad, Bratislava, Budapeşt və Vyana. Çayın dolama yolu təkcə yaşayış məskənləri üçün deyil, həm də ticarət üçün inanılmaz dərəcədə faydalı idi.
Rio Grande müasir Amerikanı formalaşdırıb
1846-cı ildə Amerika qüvvələrinin kiçik bir qrupu Rio Grande sahillərində daha böyük Meksika qüvvələri ilə toqquşdu. Kiçik bir toqquşma Meksikanın öz ərazisinin böyük bir hissəsini ABŞ-a verməsi ilə başa çatan daha böyük bir münaqişəyə səbəb oldu. Toqquşma Texasın ilhaqından sonra iki ölkə arasında gərginliyin artdığı bir vaxta təsadüf etmişdi.
Prezident Ceyms K. Polk 1844-cü ildə ekspansionist platformada seçildi. Texas bir il ərzində Birliyə qəbul edildi və bu, ABŞ və Meksika arasında münaqişəyə demək olar ki,son qoydu.1848-ci ildə sakitlik çökəndə ABŞ qonşusundan yarım milyon mildən çox yeni ərazi iddia etdi. 1848-ci ildən bəri Rio Grandenin hesabına ABŞ-Meksika sərhədi El Pasodan Meksika körfəzinə qədər qeyd edilir.
Fərat və Dəclə- hər şeyin başladığı yer
Mesopotamiya (adın mənası elə "çaylar arasında" deməkdir) müasir İraq, Suriya və Türkiyədən axan Fərat və Dəclə çayları arasındakı torpaqlara aiddir. Qabaqcıl sivilizasiya ilk olaraq bu iki çay arasındakı münbit torpaqlarda yaranmağa başladı. Təxminən 12 min il əvvəl insanlar tədricən daha kiçik ovçu-yığıcı tayfalardan daha böyük kənd təsərrüfatı icmalarına çevrilirdilər. Bərəkətli aypara formal bu torpaqlarda insanlar sabit qida mənbələri istehsal etməyi və köçdən canını qurtararaq bütün il boyu eyni yerdə məskunlaşmağı öyrənmişdilər.
Rubikon-uzun tarixə malik kiçik bir çay
Rubikon, İtaliyanın şimalında yerləşən olduqca “təvazökar” bir çaydır. Çox güman ki, uzun illər ərzində bu çayın üzərindən milyonlarla dəfə keçilib və belə keçidlərdən biri tarixin gedişatını dəyişib. Eramızdan əvvəl 49-cu il 10 yanvar tarixində Yuli Sezar XIII Legiona başçılıq edərək bu dayaz çaydan keçdi və dağıdıcı vətəndaş müharibəsinə başladı.
Uzun müddət Rubikon Roma Respublikasının təbii sərhəddi idi, buna görə də silahlı qüvvələrin çaydan keçməsi respublikaya müharibə elanı hesab edildi. Roma tarixçisi Suetonius Sezarın bu iş üçün uyğun bir şüar ilə gəldiyini iddia edirdi: "Alea iacta est" ("püşk atılıb")."Rubikonu keçmək"ifadəsi bu gün də Sezarın seçiminin xatirəsinə istifadə olunur və geri dönüşü olmayan nöqtəni dəf etməyə işarə edir.
Don-rusların vətəni
Don çayı Rusiyanın cənubunda yerləşir. Don və yaxınlıqdakı Volqa arasındakı vadi sirli proto-Hind-Avropa sivilizasiyalarının yarandığı yer kimi müəyyən edilmişdir. Qədim Yunan yazıçıları isə Aresin mifoloji qızlarının, Amazon qadınlarının mənşəyinin oradan olduğunu irəli sürürdülər.
Dəqiq bildiyimiz odur ki, Moskva knyazının rəhbərliyi ilə Rusiya knyazlıqlarının koalisiyası 1380-ci ildə çay kənarındakı Kulikovoda Monqol Qızıl Ordası üzərində qələbə çalıb. Əsrlər boyu Rusiya şəhərləri monqollara xərac verməyə məcbur olublar. Kulikovo qələbəsi monqol boyunduruğunu dərhal yox etməsə də, moskvalıların rəhbərliyi altında vahid xalqın toxumlarını səpdi.
Ebro qədim dünyanın, sonra isə İspaniyanın tarixini formalaşdırıb
Ebro İspaniyada Karfagen və Roma şəhər dövlətləri arasındakı sərhədi təmsil edirdi. Çayın cənubunda şəhər dövlətinin hərbi müəssisələrini maliyyələşdirən zəngin faydalı qazıntı yataqları olan Karfagen ərazisi uzanırdı. Bölgədə Roma təsiri çayın o biri sahilində başladı.
Bu sərhəd Romanın qalib gəldiyi Birinci Pun müharibəsindən sonra yaranmışdı. Çayın cənubunda Saguntum (indiki Saqunto) şəhəri yerləşirdi. Karfagenin təsir dairəsində olmasına baxmayaraq, Roma protektoratı idi. Karfagenli general Hannibal Barca eramızdan əvvəl 216-cı ildə şəhərə hücum edərkən İkinci Pun müharibəsinə başladı.
Bu münaqişə son nəticədə qədim dünyada Aralıq dənizi hövzəsinin kimin olacağını müəyyənləşdirdi. 20-ci əsrdə Ebro həm də İspaniya vətəndaş müharibəsində böyük döyüş meydanı idi.
Hind çayı-inkişaf etmiş və sirli bir sivilizasiyanın başlanğıc nöqtəsi
Hind çayı Himalay dağlarından Ərəbistan dənizinə qədər uzanır. Onun tarixi çox qədimdir. eramızdan 7000 il əvvəl indiki Hindistan və Pakistan ərazisində çayın münbit düzənlikləri boyunca Hind Vadisi Sivilizasiyası kimi tanınan yüksək inkişaf etmiş bir sıra şəhər dövlətləri var idi. Ən məşhur iki şəhər eramızdan əvvəl 26-cı əsrdə yaranan Harappa və Mohenko-Daro olmuşdu.
Sena çayı qəhrəmanlar yetişdirib
Sena Fransanın şimalından və paytaxtı Parisdən keçir. IX əsrdə vikinq orduları Parisə hücum etmək üçün çaya tərəf istiqamət aldılar. İlk hücum vikinqlər tərəfindən şəhərin yağmalanmasına səbəb olsa da, sonrakı cəhdlər güclü şəkildə dəf edildi. Qələbə Fransa tarixində mühüm an oldu; Paris qarnizonunun komandiri qraf Odo daha sonra Qərbi Fransanın kralına çevrildi.
Daha sonralar fransız qəhrəmanı Janna Dark ingilislər tərəfindən edam edildikdən sonra külünün bu çaya səpələndiyi iddia edilir.
Sarı çay: Çinin qüruru və Çinin lənəti
Sarı çaya ad verən fərqli rəngi onun sularındakı çox miqdarda lildən irəli gəlir. Asiya sivilizasiyasının ilk “cücərtiləri” onun hövzəsində böyüyüb.
Çayın ikili xüsusiyyətləri onun “ləqəblərinə” də öz təsirini göstərir: münbit sahillərinə görə onu "Ana çayı" adlandırırlar, bu, ölkə əhalisinin sürətli artmasına səbəb olmuşdu. Daşqınlarına, dəyişkən təbiətinə görə isə bəzən ona "Çin kədəri" deyirlər.
Nubar Süleymanova, “İki sahil”