Dünyanın ən məşhur turizm yerlərindən biri olan və hər il 10 milyon turistin ziyarət etdiyi Böyük Çin Səddinin tikintisi 2 min ildən çox müddətdə tamamlanıb.
Gəlin Böyük Çin Səddi haqqında bilmədiklərimizə birlikdə nəzər yetirək.
Böyük Çin Səddi dünyanın ən uzun divarı və ən böyük qədim memarlığıdır. Buranın sıldırım dağlar üzərindəki dolama yolu insana gözəl mənzərə təqdim edir. Səddin uzunluğu 21196,18 km-dir. 9 şəhəri əhatə edən Böyük Çin Səddinin 2300 ildən çox yaşı var.
Bu tarixi yer Qinhuanqdaodan və Pekin ətrafındakı yüksək dağ silsilələri arasındakı səhra dəhlizinə qədər heyrətamiz mənzərəyə malikdir. Divarın ilk hissələri e.ə. 8-ci əsrdə tikilib. Dik olduğu bilinən Böyük Çin Səddinin Jiankou bölümü şəkilli kitablarda və açıqcalarda ən çox görünən hissədir. Bir çox mənbələrdə Çin və Monqolustan arasında olan Böyük Çin Səddinin Hun basqınlarından qorunmaq üçün tikildiyi bildirilsə də, bu qədim tikili həm bir-birini, həm də monqollardan tatarlara qədər müxtəlif xalqlardan qorumaq üçün tikilib. Bəzi yerləri daşdan, bəzi yerləri isə kərpicdən olan bu tikilinin kosmosdan adi gözlə göründüyü iddia edilsə də, Çin səddinin insan gözü ilə köməksiz oradan görünməsi mümkünsüzdür.
Ümumiyyətlə, Böyük Çin Səddinin eramızdan əvvəl 215-ci ildə Çin Şi - Xuandi dövründə inşa edildiyi hesab edilir. Bu səddin təxminən üçdə biri iz qoymadan yoxa çıxıb. 1644-cü ildə Min sülaləsi devrildikdən sonra uzun müddət burada heç bir iş görülməyib.
Böyük Çin səddinin yenidən qurulması və qorunması 1957-ci ildə Badalinq ilə başlayıb. Ən məşhur Böyük Çin səddi əfsanəsi əri divarı tikərkən ölən Menq Jianqnv haqqındadır. Deyilənə görə, ərindən sonra onun ağlaması o qədər ağrılı olub ki, divarın bir hissəsi çöküb və ona sümüklərini basdırmağa imkan verib.
Böyük Çin Səddi davamlı bir xətt deyil.Onun yan divarları, dairəvi divarları, paralel divarları və divarları olmayan hissələri var. Əvəzində yüksək dağlar və ya çaylar maneə yaradır.
Vüsal Cahanov, “İki sahil”