10 fevral 2016 00:03
448

Fransa portalında Azərbaycan haqqında məqalə yayılıb

Məqalədə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda gedən proseslər barədə məlumat verilir. Avropa Şurası da daxil olmaqla, bir çox beynəlxalq təşkilatların üzvü olan Azərbaycanda ölüm hökmünün ləğv edildiyi, internetin hamı üçün tam azad olduğu diqqətə çatdırılır. Müəllif Azərbaycanın Cənubi Qafqaz regionunda Fransanın ilk iqtisadi tərəfdaşı olduğunu bildirir.

Azərbaycanda demokratiyanın sürətlə inkişaf etdiyinin vurğulandığı məqalədə qeyd edilir ki, bu ölkədə qadınlar dövlət idarəçiliyində, parlamentdə geniş təmsil olunurlar. Dünyada ilk dünyəvi müsəlman dövlətlərindən biri olan Azərbaycanda qadınlara seçki hüququ hətta Fransadan da əvvəl, 1918-ci ildə verilib.

Müəllif ölkəmizdəki multikulturalizm ənənələrindən bəhs edərkən bildirir ki, Azərbaycan öz ərazisində müxtəlif dinlər arasında birgə fəaliyyəti və birgəyaşayışı daim təşviq edir.

Məqalədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açılır, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti apardığı bildirilir. Müəllif əlavə edir ki, bu, beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı mövqeyinə tamamilə ziddir. Münaqişə nəticəsində bir milyondan atıq azərbaycanlı öz ata-baba torpaqlarından didərgin salınıb.