18 yanvar 2022 16:03
1714

Bir kəndin tarix yazan qəhrəmanları FOTO

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bunlardan bəziləri müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız, onların göstərdikləri şücaət heç vaxt yaddaşlardan silinmir. Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca zirvəyə yüksələn oğullarımız qəhrəmanlıqları ilə təkcə valideynlərinin deyil, bütün xalqın övladına çevrilirlər. Hər kəsin qəlbində məskən salırlar. Vətən uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Rayonun Əbrəqunus kəndi də vətənpərvərlik hissi, döyüş ruhu yüksək olan insanlarımızın yaşadığı kəndlərimizdəndir. 1990-cı ildə ermənilərin Sədərəyə hücumları zamanı bir yumruq kimi birləşərək qədim diyarın müdafiəsinə qalxan, düşmənə ciddi müqavimət göstərən naxçıvanlıların içərisində bu kəndin də yetirmələri iştirak ediblər. 1990-1993-cü illərdə ermənilərin Sədərəyə hücumu zamanı və Birinci Qarabağ müharibəsində Əbrəqunus kəndi də şəhidlər verib...

Əbrəqunus kəndinin igid oğulları ilə tanış olaq...

Əliyev Kamran Yaqub oğlu sinəsini sipər edərək yurdumuzu düşmənlərdən qoruyan oğullardan olub. O, 1971-ci il 5 iyul tarixində Culfa rayonun Əbrəqunus kəndində anadan olub. İlk təhsilini Əbrəqunus kəndindəki orta məktədə alan şəhid Kamran Əliyev 1988-ci ildə orta məktəbi bitirərək Ukraynada texnikuma daxil olur. Təhsilini başa vuran Kamran Vətənə qayıdan kimi ordu sıralarına yazılır. Vətənin müdafiəsinə qalxan yüzlərlə gəncdən biri olan Kamran Sədərək döyüşlərində göstərdiyi igidliyə görə “Tampo” ləqəbi adını almışdır. O, 1992-ci ildə Sədərək kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik məqamına yüksəlmişdir.

Sədərək döyüşlərində şəhid olan Ramazanov Hidayət Əjdər oğlu da 1973-cü ildə Culfa rayonun Əbrəqunus kəndində anadan olmuşdur. Həmin kənddə tam orta təhsilini bitirən şəhidimiz Rusiyanın Samara şəhərində yerləşən Əlvan Metalurgiya Texnikumuna qəbul olmuşdur. Sovet ordusunda xidmətdən imtina edən Kamran Naxçıvana qayıdan kimi ordu sıralarına yazılmış, Sədərək kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci il 18 may tarixində Sədərək kəndi istiqamətində gedən döyüşdə Vətənə borcunu yerinə yetirərkən ən ali zirvəyə - şəhidliyə yüksəlmişdir.

1959-cu ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olan Yusifov Əbdülməhəmməd Əbdüləzim oğlu orta məktəbi bitirdikdən sonra Naxçıvan Sovxoz Texnikumunda təhsil almışdır. Daha sonra vaxtilə hərbi xidmət keçdiyi Vladivostok şəhərində hərbi məktəbə qəbul edilir və məktəbi bitirdikdən sonra həmin şəhərdə zabit kimi fəaliyyətə başlayır. Vətənin çətin günlərində Azərbaycana qayıdır və zabit kimi xidmətini davam etdirir. Milli ordunun zabiti kimi Birinci Qarabağ müharibəsində iştirak edir, cəbhə bölgəsində döyüşlərə qoşulur. Bölük komandiri kimi xidmət etdiyi Tərtər bölgəsində mina partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalmışdır.

Xalq şairi Bəxtiyar Vahabzadənin təbiri ilə desək - “insan torpaqdan yaranır, böyüyür, yaşlanır. Yaşlandıqca da yavaş-yavaş torpağa əyilir - sonda ona qovuşmaq üçün”. Deməli, Vətən torpağı hər bir insan üçün ən müqəddəs məkandır: sağikən üstündə yaşamaq üçün, ölərkən altında rahat uyumaq üçün.

Əbrəqunus kəndinin şəhidləri haqqında məlumat topladığımız zaman onların igidlikləri, döyüşlərdə göstərdikləri şücaət bizdə bu düşüncəni yaradırdı - onlar məhz bu məqam üçün seçiliblər və qəlblərində yalnız bir arzu olub Vətəni qorumaq!...

Əbrəqunus kəndinin igidləri Vətən müharibəsində...

Hər bir xalqın taleyində qəhrəmanlar var. Tarixi şəraitdən asılı olaraq Vətən, millət qarşısında taleyüklü məsələlərin həllində xüsusi rol oynayan şəxsiyyətlər, cəsarətli insanlar öz xalqının tarixinə qəhrəman kimi düşürlər. “Kitabi Dədə Qorqud” dastanından Qazan xan, Bamsı Beyrək, Ərəb Xilafətinə qarşı vuruşmuş Cavanşir, Babək, dövlət başçısı-mürşüd-sərkərdə Şah İsmayıl Xətai, ədalətsizliyə qarşı döyüşən Koroğlu, Çar Rusiyasına qarşı mübarizə aparmış Qaçaq Nəbi, milli mübarizə döyüşçüsü Səttərxan və torpaqlarımızın erməni işğalı altında qaldığı 30 ilə yaxın müddətdə Vətən sevgisinin bənzərsiz tərcümanları olan Mübariz İbrahimov, Polad Həşimov kimi qəhrəmanlarımızı özünə örnək götürən igidlərimizin intizarla gözlədiyi həmin an gəlmişdi. Nəhayət, əmr verilmiş, qoşunlarımız bütün cəbhəboyu əks-hücum əməliyyatına başlamışdı. 44 günlük Vətən müharibəsi tarixi qələbə ilə başa çatdı. Bu anları sözlə ifadə etmək o qədər ağırdır ki, həm sevinirsən, həm də sevindiyin məhfumun kədərli olduğunu dərk edirsən. Bilirsən ki, Vətənin azadlığı qurbanlar tələb edir, ancaq özün də başda olmaqla bu yolda milyonlarla insanın qurban olmağa hazır olduğunu hər zərrəndə hiss edirsən.

30 il ərzində ermənilər qurduğu istehkam və səngərləri bir-bir yıxıb keçən igidlərimizdən biri də Əbrəqunus kəndinin yetirməsi Əliyev Rauf Səxavət oğlu idi. O, 1994-cü ildə bu kənddə dünyaya göz açmışdır. Azərbaycan Texniki Universitetində ali təhsil alan Rauf Vətənə xidmət borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yollanmış, Aprel döyüşlərində fəal iştirak etmiş, Lələtəpə yüksəkliyinin alınmasında

yüksək döyüş məharəti nümayiş etdirmiş və Müdafiə Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür. Hərbi xidmətini başa vurduqdan sonra müxtəlif işlərdə çalışan qəhrəmanımız ötən ilin sentyabr ayında ölkəmizdə qismən səfərbərlik elan olunması ilə Azərbaycanın digər oğulları kimi müsəlləh əsgərə dönür. Ordu sıralarına qatılan Rauf Əliyev işğal altında olan ərazilərimizin azad edilməsində misilsiz şücaət göstərmişdir. Qəhrəmanımız Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimiz İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Şəhid əsgər Rauf Əliyev döyüş əməliyyatlarınnın yerinə yetirilməsində göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidimizin atası Səxavət Əliyevlə söhbət edərkən öyrəndik ki, Rauf elə şəhid ailəsində doğulub. Onun dediklərindən: - evimizdə əmimoğlu, Sədərək döyüşlərində şəhid olan Kamran Əliyevin söhbəti, döyüşdə göstərdiyi mərdliyi hər zaman danışılardı. Elə Raufun qəlbində Vətən sevgisi, düşmənə olan nifrət hissi də uşaqlığından yaranıb. O, hər zaman deyirdi ki, “qisas alınacağı gün gəldiyində mən mütləq Vətən keşiyində olacağam. Əmimoğlu Kamranın və bütün şəhidlərimizin qanını yerdə qoymayacağam”. Şadam ki, oğlum düşmənə layiqli cavab verən igidlərdən biri oldu. Qisas qiyamətə qalmadı. Vətən torpaqları geri qaytarıldı.

Əbrəqunus kəndinin yetirməsi olan şəhid əsgər Seyidov Miryasin Mirqafar oğlu 1998-ci ildə anadan olmuşdur. Miryasinin uşaqlıqdan arzusu hərbçi olmaq olub. O, 2016-cı ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmış və xidməti borcunu yerinə yetirib geri qayıtmışdır. Heç vaxt torpaqlarımızın işğalı ilə barışmayan qəhrəmanımız 2020-ci ilin sentyabr ayında “N” hərbi hissədə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlayır.

Miryasin Seyidov ötən ilin sentyabr ayında Ali Baş Komandan tərəfindən verilən döyüş əmri ilə “uşaqlıq arzumu reallaşdırmağa gedirəm” - deyərək xidmət etdiyi “N” hərbi hissənin xüsusi təyinatlı taborunun əsgəri kimi döyüşlərə atılmışdır. Vətənin igid oğlu 44 günlük zəfər yolunun 26-cı günü döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid əsgər Miryasin Mirqafar oğlu Seyidov “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.

Şəhidimizin atası Mirqafar Seyidov deyir ki, Miryasin ailənin ilki olub. Anası Sahilə xanım isə ona çox düşkünlüyündən həmişə deyərdi ki, mən səni uzağa göndərə bilmərəm. Miryasin isə “ay ana niyə narahat olursan alnıma şəhid olmaq yazılıbsa, mən o müqəddəs zirvəyə çatacağam. Siz mənim şəhidliyimlə fəxr etməlisiniz” cavabını

verərdi. Sanki şəhid olacağını qabaqcadan bilirmiş kimi danışırdı. İndi onunla tək biz yox bütün xalqımız fəxr edir. Bəli, bu xalqın üzünü ağ, başını dik edən, qisasımızı alan, tarixi torpaqlarımızı qaytaran, 44 gündə Vətən həsrəti ilə illərdir sızlayan qəlblərimizin 30 illik həsrətinə son qoyan, bizə Zəfər Gününü, Qələbə sevincini yaşadan igid oğullarımızla, Qalib Ordumuzla hər birimiz fəxr edirik.

Səriyyə SALAHOVA

“Arazın səsi” qəzetinin məsul katibi