18 yanvar 2022 20:46
1255

İmmuniteti gücləndirən  meyvələr

Qışda xəstəliklərdən qorunmaq üçün bəzi meyvələri qida rasionumuza daxil etməliyik. Bəs görəsən bu meyvələr hansılardır? Məsələn,  naringinin tərkibində olan antioksidantlar damarları, xüsusən də kapilyarları gücləndirir. Qış mövsümündə ən çox yeyilən bu meyvə tərkibindəki fol turşusu, lifləri sayəsində öskürəyi və xolestrolu azaldır.

Heyva xüsusən də qışda xəstələndikdə ilk köməyə gələn meyvədir. Ağciyər vərəminə və ağız yaralarına yaxşı təsir edir və insana  gümrahlıq verir. Heyva dənələri sıx pektin ehtiva etdiyi üçün ishalın qarşısını almaq üçün qaynadılıb suyu içilə bilər. Bronxit, xronik öskürək və vərəm xəstəliklərinin müalicəsində istifadə edilir. Heyva damar sərtliyinə, qaraciyərin fəaliyyətinə yaxşı təsir edir, təzyiqi aşağı salır, öd kisəsinin işini nizamlayır. Heyva yarpaqlarını qaynadıb çay kimi içmək ürək ağrılarına yaxşı təsir edir, çünki sakitləşdirici xüsusiyyətə malikdir.

Qış meyvələrindən  C vitamini deposu olan kivi infeksiyalarla mübarizə aparmaq və dəri qurumasının qarşısını almaq üçün faydalıdır. Kivi immun sistemini gücləndirir, antioksidant təsiri ilə xərçəng xəstəliyinə qarşı faydalıdır. Xüsusən də qadınlarda  döş xərçəngi riskini azaldır.

Qış meyvələri içərisində çox sevilən meyvələrdən biri də armuddur. Armud mədəyə xeyirli olub, həzmi asanlaşdırır, ürəyin tez-tez döyünməsinin qarşısını alır. Qandakı sidik cövhəri turşusu və duzlarının təmizlənməsinə, böyrəklərin normal işləməsinə kömək edir, daş və duz problemlərinin də həllində xeyirlidir. Armudun digər üstün cəhəti qəbizliyin qarşısını alıb, sidikqovucu olmasıdır.

Nar immunitet sistemini gücləndirdiyi üçün tez-tez yeyilməlidir. Fol turşusu, A və C vitamin tərkiblidir. Bundan başqa, selenium, maqnezium, fosfor kimi minerallarla zəngin olduğu üçün halsızlıq hiss etdikdə yeyilə bilər. Nar, xüsusən də tərkibindəki antioksidant sayəsində bədənin müdafiə sistemini gücləndirir. Aparılan araşdırmalarda nar suyunun dəri xərçənginə və kişilərdə prostat xərçənginə qarşı qoruyucu təsirə malik olması sübut edilib.

 Alma da öz növbəsində  baş ağrısına, bağırsaqdakı parazitlərin tökülməsinə, qan şəkərinin nəzarətdə saxlanmasına kömək edir. Alma ilə armudu birlikdə yesəniz, qəbizlik problemindən qurtulmuş olarsınız. Alma kalium, B3, karbohidrat, liflə zəngindir.

C vitamini ilə zəngin olan qreypfrut immunitet sistemini gücləndirmək üçün gözəl vasitədir. Qreypfrut, həmçinin nikotinin bədəndən xaric edilməsi və siqaret çəkmək istəyini azaldır.  Aparılan yeni təcrübələr qreypfrut suyunda yüksək miqdarda olan naringin və naringenin adlı flavonoidlərin ağız xərçənginin yaranmasının qarşısını aldığını sübut edib. Qreypfrut insulin hormonunu tənzimləyərək insanda yemək hissini azaldır. Qreypfrutla çəki itirmək immunitet sisteminə təsir etmir. Üstəlik, həzm sisteminin sağlam işləməsində faydalıdır.

 Bir çox  vitaminlər ilə zəngin olan banan, eyni zamanda dəmir, kalium, natrium, yod cəhətdən də zəngindir. Sümük möhkəmlənməsinə kömək etdiyi üçün uşaqların çox yeməsi məsləhətlidir. Lakin unutmayaq ki,  sinir sisteminin  sakitləşməsində də faydalı olan bananı həddən çox yesək qəbizlik problemilə qarşılaşa bilərik. Ürək əzələlərinin inkişafına kömək edən banan yodla zəngin olduğu üçün tiroid vəzinin normal fəaliyyətinə də yardım etməkdədir.

Samirə Tağıyeva, “İki sahil”