20 yanvar 2022 22:06
875

Qanlı Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilən veb-konfrans keçirilib

Yanvarın 20-də Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Qanlı Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilən veb-konfrans keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə Macarıstan ictimaiyyətinin və Azərbaycan diasporunun görkəmli nümayəndələri, həmçinin bu ölkədə Azərbaycan diplomatik missiyasının əməkdaşları iştirak ediblər.

Səfirliyin üçüncü katibi Nigar Rəhimlinin moderatoru olduğu konfrans Azərbaycanın Dövlət Himninin səslənməsi və 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Həmin faciəli günlərə həsr olunan sənədli film göstərilib.

Sonra Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə, Türk Dövlətləri Təşkilatının Macarıstan nümayəndəliyinin icraçı direktoru səfir Yanoş Hovari, Macarıstan Jurnalistlər Assosiasiyasının Xarici siyasət və təhlükəsizlik departamenti şurasının üzvü Peter Dunai çıxış ediblər. Onlar 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada və 1990-cı ildə Bakıda baş verən hadisələr arasında paralellər aparıblar. Səfir T.Tağızadə, həmçinin bu hadisələrin hər birinin səciyyəvi fərqləndirici xüsusiyyətlərini vurğulayıb.

Macarıstanlı iştirakçılar 1956-cı il hadisələri barədə acı xatirələrini bölüşərək, Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsi ilə macar xalqının daimi həmrəyliyini qeyd ediblər.

Konfransda Azərbaycan dövlətinin son illər ərzində uğurları və iki dost xalq arasında genişlənən əlaqələri vurğulanıb.