20 yanvar 2022 22:23
872

"Zirə"də yeni transferlərin olmamasından məyusuq

"Hazırlıq prosesi pis deyil, yaxşıdır. Yeganə məyuedici məqam odur ki, seleksiyamız hələ istədiyimiz səviyyədə getmir".

“İki sahil” xəbər verir ki, bunu "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov Türkiyənin Antalya bölgəsində keçirdikləri təlim-məşq toplanışı barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis bildirib ki, komandamızı bəzi futbolçularla gücləndirmək istəsələr də, danışıqlar uğursuz alınıb: "Hələ də heyətimizə qata bildiyimiz futbolçu yoxdur. Gözləyirik. Ola bilsin, yaxın günlərdə hər hansı xəbər olsun. 3-4 futbolçu götürməyi planlaşdırıram. Toplanışda 3-4 gənc oyunçumuz iştirak edir. İstənilən halda, onlar bizimlədirlər. Özlərini yaxşı tərəfdən göstərdikdən və hazır olduqdan sonra onlara mütləq şans verəcəyəm. Mən gənclərə şans verməyi xoşlayıram. Özlərindən çox şey asılıdır".

Keyfiyyət baxımından şikayətinin olmadığını söyləyən Sadıqov heyətin kasadlığına diqqət çəkib: "Gəncləri çıxsaq, bu gün Premyer Liqa təcrübəsinə malik 11-12 futbolçumuz var. Cəza və zədə sarıdan hər hansı itkimiz olduqda ciddi problemlərlə qarşılaşa bilərik. Məni ən çox narahat edən məsələ budur".

Baş məşqçinin fikrincə, qalan müddətdə yeni transferlər edilsə, bu, komandaya uyğunlaşma baxımından, mövsümün ikinci yarısında problem yarada bilər. Lakin o, yeni oyunçulara formalarını bərpa etmək üçün vaxt verəcəyini vurğulayıb: "Təki qoşulsunlar. O halda həmin futbolçulara komandaya uyğunlaşmaları və ya formalarını bərpa etmələri baxımından müəyyən vaxt ayrılacaq. Təbii ki, gec qoşulmaları problem olacaq. Hər bir baş məşqçi istəyər ki, toplanışın əvvəlindən bütün heyət əlində olsun. Amma bu, baş vermədi. Heç olmasa, mövsümün ikinci yarısının başlanmasına qalan 10 gün ərzində istədiyimiz 2-3 oyunçunu transfer etsəydik, yaxşı olardı".

Bununla belə, Sadıqov hər şeyin plan üzrə getdiyini dilə gətirib: "Düzdür, toplanış 20 günlükdür, amma böyük vaxt da deyil. 2-3 aylıq müddəti əhatə etmir ki, hansısa elementlər üzərində günlərlə işləyəsən. Amma imkan dairəsində çalışırıq ki, burada olduğumuz vaxtdan səmərəli istifadə edək. Hava şəraiti də yaxşıdır. Bakıya qayıtdıqdan sonra taktiki məşqləri nə dərəcədə uğurla həyata keçirməyin mümkün olacağını bilmirik. Amma bunları imkan dairəsində yerinə yetirməyə çalışırıq".

Mütəxəssis bu gün Polşanın "Qurnik" (Leçna) komandası ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyununu da dəyərləndirib. Onun fikrincə, qarşılaşma sürətli və dinamik alınıb: "Matçın yüksək templə getməsi üçün maksimum çalışırdıq. Oyun keyfiyyətini yüksəltmək və yaxşılaşdırmaq üçün üçün bu, vacib şərtdir. Toplanış müddətində komandamızın qarşısına qoyduğumuz başlıca məqsədlərdən biri o idi ki, oyunumuzun sürətini daha da artıraq. Bu gün futbolçularımız özlərini çox yaxşı tərəfdən göstərdilər. Hətta bəzi futbolçularımızı 90 dəqiqə meydanda saxlamağı planlaşdırmadığım halda, onlar sürətli və dinamik idilər. Əhvalları da, fiziki durumları da yaxşı idi. Bu səbəbdən, onları əvəzləmədim. Ümumilikdə matç gözlədiyimdən də yaxşı alındı. Təlim-məşq toplanışında ikinci görüşümüzü keçirirdik. Ona görə də komandanın ideal səviyyədə olması mümkün deyildi. Buna baxmayaraq, maraqlı oyunun şahidi olduq. Futbolçularımız nələr üzərində işləmişdilərsə, nələri yaxşılaşdırmaq istəyirdiksə, onları meydanda həyata keçirmək üçün əllərindən gələni etdilər".

"Zirə" son yoxlama oyununu yanvarın 24-də Şimali Makedoniyanın “Breqalnitsa” komandasına qarşı keçirəcək. Sadıqov həmin görüş öncəsi qarşıdakı iki gün ərzində yükləmələri azaltmaq istədiyini söyləyib: "Futbolçular bir qədər yorğundur. Həm yükləmə olmuşdu, həm də bu gün sonadək meydanda qalan futbolçularımız oldu. Qarşıda iki gün ərzində yükləmələri azaltmağı planlaşdırırıq ki, futbolçular dincəlsinlər".

Sadıqov mövsümün ikinci yarısı üçün hazırlıq səviyyələrini qiymətləndirməyin çox çətin olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, rəqiblər də çox ciddi hazırlaşırlar: "Qarşıda daha bir yoxlama matçımız qalıb. Axırıncı görüşü də başa vurduqdan sonra toplanışı qiymətləndirmək imkanımız olacaq. Mövsümün ikinci hissəsinin daha gərgin və daha çətin keçdiyini nəzərə alsaq, hər şeyi rəsmi matçların göstərəcəyini deyə bilərəm".