Ayaqqabının 7 min illik tarixi var. Ayağı zərərli xarici təsirlərdən qoruyan geyim növüdür. Ehtimal edilir ki, paleolit dövründə ayaqqabı əvəzinə ayağa xam dəri, yaxud gön dolamışlar. Dağlıq Altayda təqribən e.ə. 5-ci əsrdə dəri və keçədən hazırlanmış ayaqqabı geyərmişlər. Ayaqqabının növləri təbii coğrafi şəraitdən, başlıcası isə insanların təsərrüfat məşğuliyyətlərindən asılı olmuşdur.
Azərbaycanda da ayaqqabıdan ən qədim zamanlardan istifadə etmişlər. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən e.ə. 8-11-ci əsrlərə aid Qafqaz uzunboğaz çəkmələrinə oxşar, gildən hazırlanmış qablar tapılmışdır. Ayaqqabı formasında olan belə qablar Qızılvəngdə, Xanlarda, Gürcüstanda və Şimali Qafqazda da aşkar edilmişdir.
İlk ayaqqabı olan sandal isti ölkələrdə icad olunmuşdur. Şərqdə ayaqlarını isti qumdan qorumaq üçün ilk dəfə hündürdaban ayaqqabıdan istifadə edilib. Keçmişdə ayaqqabıların iki cütü də eyni tikilirdi. İlk sağ və sol cütü ayrı olan ayaqqabı 1840-cı ildə ABŞ-nın kraliçası Viktoriya üçün tikilmişdir. 1850-ci ilədək ayaqqabı əldə tikilirdi. Məhz elə həmin bu ildə Jan Ernest Matzeliger ayaqqabıtikən maşınını icad etdi.
Yüksək dikdaban ayaqqabıların gözəllik məqsədilə istifadə tarixi 1533-cü il olaraq qeydlərə keçmişdir. Bu dikdaban ayaqqabının yaradıcısı Leonardo da Vinçidir. Florensiyanın məşhur ailələrindən olan Mediçi ailəsinin qızı Ketrin de Mediçi bir şahzadə ilə evlənəcəkdi. Ketrinin boyu qısa olduğuna görə, ailəsi bu problemi həll etmək üçün bir çox insana müraciət edir. Rəvayətə görə onlara kömək edən məhz Leonardo da Vinçi olur. Ketrin üçün hazırlanan dikdaban ayaqqabılar sonradan bir dəb halına çevrilir.
Daha sonra da, eyni keçmişdə yaşandığı kimi, dikdaban ayaqqabı bir status göstəricisi olur və onu yalnız varlı qadınlar əldə edə bilirdilər.
Çox maraqlı faktlardan biri də odur ki, Aya ilk ayaq basan astronavt Neil Armstrongun ayaqqabıları, dönüş səfərində hər hansı bir xəstəlik və ya bilinməyən bir çirklənmə təhlükəsinə tədbir olaraq yer kürəsinə gətirilmədi və kosmosa buraxıldı.
1880-ci illərdə London polisi ilk rezin altlıqlı ayaqqabı hazırladı. Belə ayaqqabılarda cinayətkarları qovub tutmaq xeyli asan idi. İlk idman brendlərinin yaranmasında isə idmançıların tələbatı rol oynamışdır. Zaman keçdikcə idman assortimenti o qədər genişləndi ki, krosovkaları idmandan kənar yerlərdə də geyməyə başladılar. İlk dəfə krosovkaları “PRADA” italyan evi öz nümayişlərinə (1992-ci il) daxil etmişdir. Onun ardınca “FENDİ” dəb evi qadınlara kedin formasını təkrar edən tufli təklif etdi.
Dünyanın ən bahalı ayaqqabıları 4600 rubindən və 50 əyarlı brilyantdan hazırlanıb. 1939-cu ilə aid bu ayaqqabının modeli “Əfsanələr ölkəsi” filmindən götürülüb. Bu əsrarəngiz ayaqqabının qiyməti 3.5 milyon dollardır.
“Forbes” tərəfindən yayımlanan və dünyanın idman sahəsində fəaliyyət göstərən biznes brendlərinin sıralamasını özündə əks etdirən hesabata görə ən bahalı idman brendi “Nike” seçilib. 36.8 milyard dollarlıq brend dəyərinə malik olan “Nike” geyim sektorundakı ən yaxın rəqiblərini belə üç dəfədən artıq fərqlə üstələyib.
Sən demə, bir qadının həyatı boyu təxminən 469 ayaqqabısı olur. İngiltərədə maliyyə xidmətləri ilə məşğul olan "gocompare.com" saytının apardığı araşdırmada 3 mindən artıq qadın iştirak edib.Minlərlə qadın arasında aparılan sorğuya görə, zərif cinsin nümayəndələri həyatları boyu ayaqqabılara minlərlə dollar pul xərcləyirlər. Bundan əlavə, qadınlar təxminən ildə yeddi cüt ayaqqabı alılar. Bununla da qadınlar həyatları boyu orta hesabla 469 cüt ayaqqabı sahibi olurlar. Qadınların 40 faizi ayaqqabıları cazibədarlığın əsas simvolu hesab edirlər və ayaqqabıya xərclədikləri pula görə peşmançılıq çəkmirlər.
Çox hündür dabanlı ayaqqabılar qadını hündür və cazibəli göstərir. Ancaq ortopedistlər bunu qadınlar üçün nə qədər təhlükəli olduğunu müəyyənləşdiriblər. Türkiyəli həkimlərin verdiyi məlumata görə qadın ayaqqabılarının dabanı 5 sm-dən artıq olmamalıdır. Daha hündür olduğu halda ayaq barmaqlarının fizioloji dəyişməsi və dırnaqların batması müşahidə olunur ki, bu da öz növbəsində ciddi fəsadlara yol açır.
Psixoloqların düşüncələrinə görə, insanların 90 faizinin xasiyyətini geyindiyi ayaqqabıya əsasən, müəyyənləşdirmək olar. Belə ki, ayaqqabının forması, qiyməti, rəngi, vəziyyəti insan haqqında çox şeyi öyrənməyə kömək edir. Misal üçün, bahalı, tanınmış brendin ayaqqabılarını geyinən insanlar daha yaxşı işlərdə işləyir və yüksək əmək haqqı alırlar. Belə adamlar işgüzar sahədə daha uğurlu olurlar. Parlaq, rəngbərəng ayaqqabıları geyinənlər isə gözlənilməz hərəkətlərə yol verən adamlar olur. Onlar şən əhvalı və həyatsevərliyi ilə fərqlənirlər. Rahat və sadə ayaqqabılar isə sahibinin başqalarını düşündüyünə işarə edir. Belə adamlar başqalarının rəğbətini qazanmağa, onlara yaxşılıq etməyə çalışırlar. Sakit insanlar isə ilk baxışdan narahat görünən ayaqqabı geyinirlər.
Ən yüksək qiymətə satılan idman ayaqqabıları isə əfsanəvi sabiq basketbolçu Maykl Cordanın butslarıdır. Onun ayaqqabıları ABŞ-ın Las-Veqas şəhərindəki "Sotheby" auksionunda 1,472 milyon dollara satılıb.
Daha öncə 6 qat NBA çempionunun butsu 615 min ABŞ dollarına satılmışdı. Qeyd edək ki, Maykl Cordan 1,472 milyona satılan butsları 1984-cü ildə NBA-da debüt mövsümünün beşinci oyununda geyinmişdi.
Avropalıların bir çox qeyri-adi vərdişləri var. Onlardan biridə odur ki, onlar mənzilə daxil olarkən heç vaxt ayaqqabılarını çıxartmırlar. Bizim üçün bu vərdiş hələ də qəribə olaraq qalır. Həmçinin qeyd etmək lazımdır ki, avropalılar evlərində demək olar ki, xalçalardan istifadə etmirlər.
Taylandda isə əksinə çox maraqlı" ayaq etiketi"var. Bu ölkədə yaşayan insanlar hər hansı bir binaya daxil olmadan mütləq ayaqqabılarını çıxarırlar və beləliklə təmizliyə riayət etmiş olurlar.
Amerikalı idman geyimləri istehsalçısı "Nike" logistika sahəsində qlobal problemlər səbəbindən məhsullarının mümkün çatışmazlığı barədə xəbərdarlıq edib.
Şirkət idman ayaqqabılarının istehsalında və çatdırılmasında yaranan fasilələrin 2022-ci ilin yazına qədər davam edə biləcəyini açıqlayıb. Təchizat zəncirinin kəsilməsi və Asiyada işçi çatışmazlığı buna səbəb kimi göstərilir. Qeyd edək ki, şirkətin məhsullarının dörddə üçünü istehsal edilən Vyetnam və İndoneziyadakı fabrikləri yerli hökumətin koronavirusla bağlı məhdudiyyətlərindən təsirlənib. Bundan əlavə, Asiyadan Şimali Amerikaya məhsul göndərmə vaxtı iki dəfə artaraq 40 gündən 80 günə çatıb.
Samirə Tağıyeva, “İki sahil”