27 yanvar 2022 14:50
692

“Apple” dünyanın ən qiymətli markası adını qorudu - FOTO

Beynəlxalq marka qiymətləndirmə təşkilatı olan “Brand Finance” tərəfindən "Dünyanın 500 ən dəyərli markası araşdırması"nda 355 milyard dollarlıq marka dəyəri ilə “Apple” birinci yeri tutub.

Təşkilat tərəfindən hazırlanan "Dünyanın ən dəyərli 500 markası-qlobal 500-2022 araşdırması"na yekun vurulub. Ötən illə müqayisədə dəyərini 35 faiz artıraraq 355 milyard dollara çatdıran “Apple” “Dünyanın ən dəyərli makası” adını qorumağı bacarıb.

2021-ci il araşdırmasında da 263,4 milyard dollarla “Apple” birinci yerdə idi. “Apple”ı təxminən 350 milyard dollar marka dəyəri ilə “Amazon”, 263 milyard dollarla isə “Google” izləyib. Yuxarıda qeyd olunan siyahıda ABŞ-ın “Microsoft” şirkəti 184,2 milyard dollarla 4-cü, pərakəndə satış şirkəti “Walmart” 112 milyard dollarla 5-ci, Cənubi Koreyanın “Samsung” şirkəti 107,3 ​​milyard dollarla 6-cı, ABŞ-ın “Facebook” şirkəti 101,2 milyard dollarla 7-ci, Çinin “ICBC” şirkəti 75 milyard dollarla 8-ci, Çinin “Huawei” şirkəti 71,2 milyard dollarla 9-cu, ABŞ-ın “Verizon” şirkəti isə 69,6 milyard dollarla 10-cu yerdə qərarlaşıb.

Nəticələrə görə, ABŞ ölkələr sıralamasında lider olub. Qlobal 500 siyahısında yer alan şirkətlərdən 199-u ABŞ, 77-si Çin, 31-i Yapon, 28-i Fransa, 25-i Almaniya, 23-ü Britaniya şirkətləri olub.

Digər tərəfdən, COVID- 19 dövründə inkişaf etdirdikləri peyvəndlərdən istifadə olunan “Pfizer” şirkəti dünyanın ən dəyərli markaları arasında 6,3 milyard dollarla 352-ci, “AstraZeneca” isə 5,6 milyard dollarla 407-ci yeri tutub.

 Vüsal Cahanov, “İki sahil”