27 yanvar 2022 21:06
1157

Plastik əməliyyatlar haqqında bilmədiklərimiz - FOTO

Dövrümüzün insanlarına nəzər salsaq, görərik ki, onlar daxili gözəlliklə müqayisədə daha çox zahiri gözəlliyin qayğısına qalırlar. Gözəllik dünyasında elmin son "sıçrayış"larına aid rəsmi statistikaya nəzər salsaq görərik ki, təbii gözəllik üzərində inqilab etmiş süni gözəlliyə- kosmetik əməliyyatlara dair statistik rəqəmlər heyrətedicidir. Məsələn, təkcə Parisdə kosmetik cərrahiyyə əməliyyatı ilə məşğul olan 200 mərkəz mövcuddur və hər il bu mərkəzlərdə 60 min plastik əməliyyat aparılır.

ABŞ-da isə kosmetik əməliyyatlar Amerika cəmiyyətinin ənənəsinə çevrilib. Dünyada kosmetik əməliyyatların sayı baxımından ABŞ 21% nisbəti ilə birinci yeri, Braziliya 14% nisbəti ilə ikinci yeri, Meksika isə 8% nisbəti ilə üçüncü yeri tutur. Estetik ( eyni zamanda, cavanlaşdırıcı) əməliyyat - dünyada həm kişilər, həm də qadınlar arasında ən populyar əməliyyat növüdür.

Plastik əməliyyatların tarixçəsi

Sən demə, plastik cərrahiyyə bizim eradan hələ 3 min il əvvəl mövcud olub. Hələ qədim Misir həkimləri zədəli burunların korreksiyası və dovşandodaqlılığın ləğvi kimi əməliyyatların aparılma texnologiyasını papiruslar üzərində yazıb, təsvir ediblər. Lakin XIX əsrin əvvəllərində plastik cərrahiyyənin inkişafına yenidən başlanılıb. Buna elm və texnika, baş verən yeniliklər, antiseptik maddələrin, yeni cərrahi alətlərin meydana çıxması da təkan verib. Tarixdə baş verən iki böyük faciə- İkici Dünya müharibəsi də plastik cərrahiyyənin inkişafında böyük rol oynayıb. Müharibədə yaralanan, zədə alan on minlərlə insan sağlamlıqları ilə yanaşı, zahiri görünüşlərinin də bərpa olunmasını arzulayırdılar. Cərrahlar üz və bədəndə yaranan yara, yanıq və donmalardan sonra əmələ gələn mürəkkəb çapıqların və deformasiyaların bərpasına yönələn çoxlu müxtəlif plastik əməliyyatlar həyata keçirməyə başlayıblar.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra plastik cərrahiyyənin yeni dövrü başladı. Üzün və bədənin travması nəticəsində yaranmış qüsurlarının aradan qaldırılması ilə yanaşı, estetik əməliyyatlara, yəni bədənin gözəlləşməsinə yönələn əməliyyatlara da ehtiyac yarandı.

Dünyada ən çox edilən əməliyyat "Ritidektomiya" adlanan sifət və boyun dərisinin dartılmasıdır. Bu əməliyyat növünü keçən əsrin əvvəllərində Avropada yaranmasına baxmayaraq, uzun müddət gizlin saxlanılıb.

Ən çox əməliyyat etdirən qadınlar hansı ölkədə yaşayır?

Beynəlxalq Estetik Cərrahlar Birliyi tərəfindən aparılan araşdırmada məlum olub ki, dünyada ən çox Cənubi Koreyalılar gözəl görünmək naminə bıçaq altına yatırlar. Araşdırmalarda Türkiyə axırıncı yerlərdə qərarlaşıb.

Beynəlxalq Estetik Cərrahlar Birliyinin apardığı araşdırmanın nəticələrinə görə, son illər ərzində  dünyada təxminən 15 milyondan artıq estetik əməliyyat keçirilib. Cənubi Koreyada hər 77 nəfərdən biri estetik əməliyyat olunur. Cənubi Koreyanın paytaxtı Seulda 19-49 yaş qrupundakı qadınların 5-də biri əməliyyat üçün bıçaq altına yatıb. Onlar ən çox göz qaldırma əməliyyatı üçün müraciət edirlər.

Çin, Yaponiya, Cənubi Koreya göz qaldırma, digər Asiya ölkələri isə burun əməliyyatları, Amerika, Meksika və Avropa ölkələrində ən çox sinə əməliyyatları keçirirlər.

Bəs görəsən ən riskli plastik əməliyyat hansıdır?

Mütəxəssislərin sözlərinə görə, bəzi plastik cərrahiyyə əməliyyatları ölümlə nəticələnə bilər. Məsələn, budların dartılması əməliyyatına son zamanlar daha çox üstünlük verilir.

Bu əməliyyatın daha təhlükəli olması barədə Mayamidə bir pasiyentin ölümündən sonra danışmağa başlayıblar.

Statistikaya görə, budların dartılması ən təhlükəli plastik əməliyyatdır. Son illərin  məlumatına görə, 700-ə yaxın plastik cərrah budların dartılması zamanı 32 ölüm və 103 ağırlaşma halının qeydə alındığını bildirib.

Budların dartılması əməliyyatı zamanı bədənin müxtəlif yerlərindən götürülmüş yağ budlara vurulur. Yanlış transplantasiya yağ emboliyasına səbəb ola bilər. Yəni, qan damarları yağla tıxana bilər ki, bununla da  pulmonar kapilyarların tıxanması kəskin tənəffüs çatışmazlığına səbəb ola, beynin damarlarında qan axınının pozulması və iflic baş verə bilər.

Əməliyyat zamanı yağın yeridilməsi yeri və texnikası deyil, miqdarı vacibdir. Cərrahların çoxu 300 milliqrama qədər yağ ölçüsünü təhlükəsiz hesab edir.

İlk qol transplantasiyası

 2010-cu ildə çinli həkimlər bir yeniliyə imza atdılar. Demək olar ki,  9 yaşlı qız Ming Lini xilas etmək üçün onlar əllərindən gələn hər şeyi etdilər.

Qeyd edək ki, həmin  qızcığazı  Çin əyalətlərinin birində  traktor vurmuşdu. Qəza nəticəsində Ming Lin çoxsaylı xəsarətlər alaraq   qolunu itirmişdi. Balaca qız çox qan itirdiyinə görə həkimlər dərhal müdaxilə edərək qolunu yerinə tikə bilməmişdilər.  Lakin  qızcığazın şikəst qalmaması üçün həkimlər başqa bir çıxış yolu tapmışdılar. Onlar qızın qolunu ayağına tikmişdilər.  Bu qəribə alternativ seçim hər kəsi təəccübləndirsə də , Ming Ling üçün bir şans oldu. Üç ay sonra qəzadan sonra bərpa olunan qızcığazın qolu həkimlər tərəfindən yenidən transplantasiya edildi.

İlk üz toxumalarının nəqli

Üz nəqli əməliyyatı ilə çoxumuz filmlərdən tanışıq. Məsələn, Con Travolta və Nikolas Keycin baş rollarda olduğu "Üzsüz" filmində qəhrəmanlar bir-birinin simasına yiyələnir. Ancaq reallıqda bu əməliyyat filmlərdəki qədər sadə olmadığından, insanın üzünün transplantasiyası əməliyyatları hələlik nadir hallarda keçirilir."LANSET" tibbi jurnalında Fransa və Çində aparılmış bu cür əməliyyatların nəticələri təhlil olunub.

Qeyd edək ki, dünyada insan üzərində yalnız 3 sifət transplantansiyası əməliyyatları keçirilib. Tibb jurnalındakı elmi məqalədə həmin cərrahiyyə əməliyyatlarından yalnız 2 -nin nəticələri təhlil edilib.Əməliyyatlardan biri Çində, ayının hücumuna məruz qalmış fermerın üzündə aparılmışdı. Digər əməliyyat Fransada, üzündə irihəcmli şiş olan bir kişinin sifətində keçirilib. Təəssüf ki alınan nəticələr kinolardakı kimi mükəmməl görünmür.

Cinsi orqan transplantasiyası

İlk belə prosedur 2006-cı ilin  Guangzouda (Çin) yerləşən  bir hərbi xəstəxanada edilmişdi. Xəstə- 44 yaşlı bir kişi  bir qəzada cinsi orqanının bir  çox hissəsini itirmişdi. Həmin xəstəyə  nəql olunmuş cinsi orqan  beyni ölmüş 22 yaşlı cavan oğlana aid idi. Həmin əməliyyat uğurlu olsa da əməliyyatdan sonra psixoloji travma alan xəstə  15 gün sonra həmin cinsi orqandan imtina edərək  yenidən əməlliyyat olundu.

Plastik əməliyyatlar beyin qocalmasını sürətləndirir

ABŞ-da Kaliforniya universitetinin alimləri plastik əməliyyatların beyin üzərində təsirini araşdırıblar.

Araşdırma nəticəsində məlum olub ki, plastik əməliyyatlar beyin qocalmasını sürətləndirir.

Araşdırmada plastik əməliyyat olunmuş çoxlu sayda insan iştirak edib. Məlum olub ki, beyin plastik müdaxilədən sonra beyin yeni zahiri görkəmə uyğunlaşmaqda aciz olur. Bu isə xəstələrdə sinir pozulmalarına və uzunsürən depressiyaya səbəb olur. Bir müddət sonra beynin qocalma proseslərinin sürətlənməsi qeydə alınıb.

Kaliforniya Universitetinin əməkdaşları onu da sübut ediblər ki, umumiyyətlə, gəncləşmək məqsədilə edilən istənilən cərrahi müdaxilə və ya əməliyyatlar beynə mənfi təsir edir, o cümlədən, iş qabiliyyətini də aşağı salır.

Samirə Tağıyeva, “İki sahil”