28 yanvar 2022 15:40
561

Jalüz pərdəni çıxarmadan necə təmizləmək olar? - FOTO

Evdə ən çox istifadə olunan pərdələrdən biri də jalüz pərdələrdir. Bu pərdələr evdə ətraf mühitə zəriflik qatır və istifadəsi də çox sadədir. İstifadə olunduqca tozlanan və ləkələnən jalüzlərin təmizlənməsinə də ehtiyac duyulur.

Bəs bu pərdələri  çıxarmadan necə təmizləmək olar?

İlk növbədə, pərdəni yan mexanizmdən tamamilə açın. Üst hissələrə asanlıqla çatmaq üçün stuldan istifadə edə bilərsiniz.

Pərdələri təmizləmək üçün ən təsirli yuyucu vasitə ağ sabundur. Çünki sabun jalüzlərin üzərindəki tozu anında təmizləyir və pərdələrin kirdən təmizlənməsini  təmin edir. Bir vedrəyə isti su tökün. Sabunun suda yaxşı köpüklənməsini gözləyin. Yumşaq parça və ya süngəri suya batırıb çıxardıqdan sonra onu yaxşı sıxın. Bu sabunlu parça ilə pərdəni başdan aşağı  silin. Parça çox tozlu olduqda, onu yenidən suya batırın və eyni prosesi təkrarlayın. Pərdə üzərində təmizlənməmiş yer olmadığından əmin olun.

Sonra isə təmiz parça ilə sabunu tamamilə təmizləyin. Seçdiyiniz fərqli yumşaq parçanı soyuq suyun altında bir neçə saniyə saxlayın və sonra sıxın. Bu parça ilə pərdəni yenidən  silin. Sabunlu yer qalmayana qədər prosesə davam edin. Yaş pərdəni qurutmaq üçün onu bağlamayın. Hətta  mümkünsə, pərdənin olduğu  pəncərəni açın. Beləliklə, pərdəniz havalandırılacaq və daha asan quruyacaq. Jalüz pərdələri çıxarmadan müəyyən ara ilə bu şəkildə  təmizləyə bilərsiniz. Bu prosesdən sonra pərdələriniz qırışırsa, ütü buxarını tutaraq qırışları aradan qaldıra bilərsiniz.

Vüsal Cahanov, “İki sahil”