05 fevral 2022 12:15
1349

YAP Salyan rayon təşkilatının yeni sədri partiya fəallarına təqdim olunub FOTO

Fevralın 4-də Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov yeni təyinatı ilə əlaqədar videokonfrans formatında partiya fəallarına təqdim olunub.

“İki sahil” xəbər verir ki,  təqdimat mərasimində YAP Mərkəzi Aparatının təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev, məsul əməkdaşı Ramil Mirzəyev, YAP Salyan rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri və fəalları iştirak ediblər.

Çıxış edənlər vurğulayıblar ki, yeni Nizamnamənin tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli 1 nömrəli qərarına əsasən partiyanın yerli təşkilatlarına sədrlər təyin olunub. Bildirilib ki, qazanılan uğurların bundan sonra da davamlı olması, rayon təşkilatının daha da gücləndirilməsi, inkişaf etdirilməsi yeni təyin olunmuş sədrin və ümumilikdə rayon təşkilatının fəallarının diqqət mərkəzində olmalıdır.

YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov da öz növbəsində çıxış edərək göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğruldacağını vurğulayıb.

Təqdimat zamanı, həmçinin yerli təşkilatın qarşısında duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.