08 fevral 2022 23:28
1320

Pensiyalarda artım və maddi yardım: Məbləğ nə qədərdir?

Prezident İlham Əliyev ötən gün “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 3,4 faiz artırılır. Sığorta prinsipi ilə pensiya alanlara, həmçinin cari  il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur. Bundan başqa, sığortaolunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları da 2021-ci il üzrə orta inflyasiya göstəricisinə uyğun olaraq 6,7 faiz indeksləşdirilməklə artırılır.

Bu, o deməkdir ki, yeni Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilərək bu ildən  3,4 faiz  artırılacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.

Bu artımla bərabər, Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur. Qeyd edilən maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub.

Bu artım qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına şamil edilmir. Lakin dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə  2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb. Qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və digərlərindən ibarətdir. Mövcud qanunvericiliyə əsasən, bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksləşdirilməsi onların pensiyalarının ümumi məbləğinə şamil olunmur. 

Qeyd edək ki, sözügedən maddi yardım rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və  ilkin ödəniş fevral ayının pensiyaları ilə   birgə veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, bu həftə ərzində pensiyaların yeni artımlarla birgə ödənilməsinə başlanacaq.

Pensiyaların indeksləşdirilməsi və maddi yardım ölkə üzrə pensiyaların orta aylıq məbləğinin 9 faiz artmasına imkan verəcək. Nazirlik bəyan edib ki, 300 manatadək pensiya alan şəxslərdə bu artım 10 faizədək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8 faiz arasında olacaq. Nəticədə cari ildə ölkə üzrə orta aylıq pensiya məbləğinin artımı 2021-ci il üzrə orta inflyasiya göstəricisini (6,7 faiz) 1,3 dəfə üstələyəcək. Məsələn, 240 manat pensiya alan şəxs üçün artım 8,2 manat, 300 manat alan şəxs üçün isə 10,2 manat təşkil edəcək. Bu şəxslərə, həmçinin  rübdə bir dəfə olmaqla 50 manat əlavə maddi yardım veriləcək.

2020-ci ildə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqında 11,4 faiz artım olduğundan  ötən ilin əvvəlində əmək pensiyaları  bu göstəriciyə uyğun artırılmışdı. Həmçinin 2020-ci ilin əvvəlində əmək pensiyalarının bu qayda ilə indeksləşdirilərək 16,6 faiz artırılması təmin olunub. Bu, son illərdə qeydə alınan ən yüksək göstəricidir. Eyni zamanda, 2018-ci ildə 5,7 faiz, 2019-cu ildə isə 3 faiz artım olub. Bununla da pensiyaların artımı əvvəlki ildəki inflyasiyanı 2021-ci ildə 4 dəfə, 2020-ci ildə 6,4 dəfə, 2019-cu ildə 0,7 faiz-bəndi üstələyib, 2018-ci ildə isə ondan geri qalıb.    

Bildirilir ki, pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92 faizini və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək.

Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları 6,7 faiz indeksləşdirilməklə artırılacaq.  

Ceyhun Piriyev, “İki sahil”