13 fevral 2022 11:56
919

Tərtərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının ildönümü qeyd olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarandığı ilk gündən etibarən Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə nail olub. Ötən on ildə çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması, idarəetmənin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb.
"İki sahil" xəbər verir ki, bu barədə Dövlət Xidmətinin yaradılmasının onuncu ildönümü münasibətilə Tərtərdə keçirilən tədbirdə bəhs edilib. Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon bölməsinin əməkdaşlarının, hüquq-mühafizə orqanları rəhbərlərinin və qazilərin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov və digər çıxış edənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon bölməsinin əməkdaşlarını təbrik edib, işlərində uğurlar arzulayıblar.
Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşına Tərtər Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.