Fevralın 16-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə böyüklər arasında stolüstü tennis üzrə ölkə çempionatının açılış mərasimi baş tutub.
“İki sahil” xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən mərasimdə ASTF-in vitse-prezidenti Elmar İslam uzun müddətli fasilədən sonra bərpa olunan yarışın əhəmiyyətindən danışıb. O, Bakı ilə yanaşı ölkənin 10-dan artıq şəhərindən yarışa qatılan idmançılara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Federasiyanın Baş katibi Könül Mikayılova ölkə çempionatının əsas məqsədindən şöz açıb. Bildirib ki, bu yarışın keçirilməsi nəticəsində ölkənin müxtəlif bölgələrindən olan idmançılar öz bacarıqlarını nümayiş etdirməklə idman karyeralarını növbəti səviyyəyə qaldırmaq üçün imkan əldə edirlər.
Böyüklər arasında keçiriləcək çempionatda stolüstü tennisçilər komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarda qüvvələrini sınayacaqlar.
Dörd gün davam edəcək yarışda Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Şəki, Qax, Qobustan, Qəbələ, Qusar, Salyan, Şabran, Şirvan və Gədəbəydən olan tennisçilər də iştirak edir.
Çempionatın final görüşləri 19 fevral tarixində keçiriləcək.