06 mart 2022 00:22
658

“Məşğulluq marafonu”na qoşulaq!

Marafona müraciət edən 1840-dan çox şəhid ailəsinin üzvü, Vətən müharibəsi qazisi işlə təmin olunub

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi İkinci Qarabağ savaşından sonrakı dövrdə şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının sosial dəstəklə təminatında onların aktiv məşğulluq proqramları ilə əhatə olunması mühüm yer tutur. Ötən il iyulun 14-də Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edərkən də bir daha vurğuladı ki, biz bu istiqamətdə ən düzgün siyasət aparırıq və bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir: “ İkinci Qarabağ müharibəsində əlil olmuş şəxslərə də dövlət daim qayğı, diqqət göstərir. Qazilərimizin məşğulluq məsələləri həll olunur və mən çox şadam ki, bizim çağırışımıza özəl sektor müsbət reaksiya verir, bu da təbiidir”.

Artıq şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin qorunması, məişət problemlərinin həlli istiqamətində görülən işlər, həyata keçirilən layihələr bu gün minlərlə insanı əhatə edir. Mütəmadi olaraq qeyd olunan kateqoriyalardan olan vətəndaşların məşğulluq məsələlərinin operativ həlli, kiçik biznes imkanlarının yaradılması məqsədilə tədbirlər həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirdi ki, Agentlik tərəfindən müharibədən sonrakı dövrdə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinin, Vətən müharibəsi qazilərinin, erməni terrorundan əziyyət çəkən şəxslərin məşğulluq məsələlərinin həll edilməsi üçün müvafiq Tədbirlər planı hazırlandı: “ Həmin Tədbirlər planında qeyd edilən kateqoriyadan olan vətəndaşların işlə təminatı prosesinin həyata keçirilməsi, onların özünüməşğulluq proqramına cəlb olunması, uyğun namizədlər üçün kiçik təsərrüfatların yaradılması və digər aktiv məşğulluq tədbirləri üzrə fəaliyyətlərin icra olunması öz əksini tapmışdır. Bu Tədbirlər planı, eyni zamanda, həyata keçirilən işlər nəticəsində ötən ilin iyun ayından etibarən “Məşğulluq marafonu” adlı kampaniyaya start verildi. İlk günlərdən etibarən də işəgötürənlərin böyük marağına səbəb oldu və onlar da “Məşğulluq marafonu”nda aktiv şəkildə iştirak etməyə başladılar. “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən “Məşğulluq marafonu”nun əsas məqsədi şəhid ailəsi üzvlərini, Vətən müharibəsi qazilərini işlə təmin etmək və bu prosesdə bizim sosial tərəfdaşlarımız olan işəgötürənlərlə birlikdə fəaliyyət göstərmək idi. Yəni, işəgötürənlər öz müəssisələrində olan boş iş yerləri və yaxud da yeni yaradılan vakansiyalar barədə məlumatları Dövlət Məşğulluq Agentliyinin elektron sistemi olan məşğulluq alt sisteminin vakansiya bankına təqdim edirlər. Agentlik isə həmin vakansiyalar üzrə uyğun namizədlərin göndərişinin formalaşdırılması prosesini həyata keçirir.

Ə.Nəcməddinqızı qeyd etdi ki, ötən bu müddət ərzində həm işəgötürənlərin, həm də işlə təmin olunmaq istəyən şəxslərin çoxlu sayda müraciətləri daxil olub: “Son statistik nəticələrə nəzər yetirsək görərik ki, artıq marafonda həm dövlət, həm də özəl sektordan olan 621 işəgötürən iştirak edir. Həmin işəgötürənlər tərəfindən “Məşğulluq marafonu”na 4 280-dən çox vakansiya yerləşdirilib və bu rəqəm gündəlik dəyişir, artan istiqamətdə davam edir. Proses ikitərəfli gedir: Uyğun namizədlərin göndərişlərinin formalaşdırılması və onların işlə təmin olunması. Digər tərəfdən isə işəgötürənlərin marafona müraciət etməsi  və yaxud da artıq marafonda iştirak edən işəgötürənlərin müəssisələrində yaradılan, boş olan iş yerləri barədə məlumatların vakansiya bankına daxil edilməsi. Bu müddət ərzində marafona müraciət edən 1840-dan çox şəhid ailəsinin üzvü, Vətən müharibəsi qazisi işlə təmin olunub. Həmin şəxslərin hər biri ilə əmək müqaviləsi imzalanıb”.

“Marafona daha çox hansı sahələr üzrə vakansiyalar yerləşdirilir” sualına cavab verən həmsöhbətimiz bildirdi ki, əgər qruplaşdırsaq 4 əsas sahəni göstərə bilərik: “Bura tikinti, emal, kənd təsərrüfatı və xidmət sahələri daxildir. Həm işəgötürənlərin, həm də işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvlərinin və yaxud qazilərimizin müraciəti üçün sadələşdirilmiş müraciət forması hazırlanıb. Həmin forma Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında yerləşdirilib. İstər işəgötürənlər, istərsə də işlə təmin olunmaq istəyən şəxslər elektron şəkildə saytımız üzərindən öz müraciərlərini edə bilərlər. Bunu edə bilməyənlər isə ərazi məşğulluq filiallarına, Bakı üzrə DOST mərkəzlərinə müraciət edərək həm ətraflı şəkildə məlumat əldə edə bilərlər, həm də öz müraciətlərini formalaşdıra bilərlər”.  

Xatırladaq ki, “Məşğulluq marafonu” hələ davam edir və şəhid ailələrinin üzvləri, qazilər  marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

Günel Eyyubova, “İki sahil”