09 mart 2022 12:32
1164

Şuşaya hücum əmrini Çanaqçı yaşayış məntəqəsinin ətrafında olarkən aldıq

"Şuşaya hücum əmrini Xüsusi Təyinatlı Qüvvələr komandanı Vətən Müharibəsi Qəhrəmanı cənab general-leytenant Hikmət Mirzəyevdən Çanaqçı yaşayış məntəqəsinin ətrafında olarkən aldıq. Tam təfərrüatı ilə tapşırığı aldıqdan sonra, əmrin icrası üçün fəaliyyətə başladıq. Əsas idarəetmə Topxana meşəsində, N yüksəkliyindəki mövqeyimizdən təşkil olunmuşdu və plana uyğun olaraq Xüsusi Təyinatlı Qüvvələrin Şuşaya hərəkəti, hücumun başlanması, davam etdirilməsi və Şuşa şəhərinin işğaldan azad olunması birbaşa oradan idarə olunub. Yəni ki, gördüyünüz o şəkillər doğrudur".

“İki sahil” xəbər verir ki,  bunu Birlik komandiri general-mayor, Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidov APA-ya müsahibəsində deyib.

Şuşaya hücum əmrininin verildiyi an

Vətən Müharibəsi Qəhrəmanı  qeyd edib ki, Şuşanın azad olunması planı çox mükəmməl idi: "Düşmən bizi başqa bir istiqamətdə gözlədiyi halda biz düşmənin ağlına gəlməyən bir istiqamətdən Şuşaya daxil olmağa çalışdıq. Bəli, dağları aşaraq, sıldırım qayalarla qalxaraq Qarabağımızın tacı olan Şuşa şəhərimizə daxil olduq. Yaranmış vəziyyət və şərait istər-istəməz məcbur edirdi ki, biz düşmənlə çox yaxın, birbaşa təmasda olarkən döyüşə girək. Çünki hava şəraiti elə idi ki, uzaq təmasdan təbii ki, nə biz onları, nə də onlar bizi görə bilərdi. Ona görə də o şərait bizə imkan verdi ki, düşmənlə yaxın təmasda və bəzi hallarda da əlbəyaxa döyüşə girək. Bunu Şuşa işğaldan azad olunduqdan, döyüşlər bitdikdən sonra orada müşahidə edilən səhnələrdən görmək mümkün idi. Şuşada və Şuşa ətrafında çoxlu sayda – 1000-dən artıq düşmən hərbçisi məhv edilmişdi. Şəhər uğrunda gedən döyüşün mənzərəsinə baxanda bilmək olurdu ki, orada düşmənlə çox yaxın məsafədə təmas və əlbəyaxa döyüş olub".