18 mart 2022 18:35
1329

Əsrlərə sinə gərən qədim tarixli, müasir görünüşlü - Xanəgah

Keşməkeşli yol qət edən doğma kəndimin bir tarixi hadisəsini xatırlarkən…

Kənd haqqında məlumat verməzdən əvvəl qeyd etmək istəyirəm ki, bu kənd mənə çox doğmadır. Uşaqlığımda burada keçirdiyim günlər bir-bir yaddaşımda təzələnir. Nənə yurdum Xanəgahın qədimliyindən ta ki, müasir kəndlər sırasına qovuşmasına qədərki dövründən evimizdə edilən söhbətlər xatirəmdə canlanır… Edilən söhbətlərin bir qismindən, nənəmlə söhbətimizdən yazmaq istəyirəm.

-Nənə, yeni yazı üzərində işləyirəm, sənin yurdun Xanəgahdan yazacağam.

“Necə yazı düşünmüsən?”, - deyə nənəm soruşdu.

Kəndimizin keçmiş illəri, dünəni və bugünkü  müasirliyə qovuşmasından.

-Eh bala, keçmişdə nə var idi ki, nə yazasan. Yadındadır anam Nərgiz Qasımovanın söhbəti?  

-Bəli, xatırlayıram qoca nənəni…

Qeyd edim ki, Nərgiz Qasımova İkinci Dünya müharibəsində cəbhədə iştirak etmiş azərbaycanlı qadınlardan biri idi. Uşaqkən bizə tez-tez qonaq gələrdi. O, yaşca çox böyük olduğu üçün ona mən və bacım qoca nənə deyə müraciət edərdik. Uzun qış gecələrində keçmişdən söhbət açan qoca nənəmin yaddaşımda qalan söhbəti xalqımıza düşmənçiliyini hər zaman açıq-aşkar göstərən ermənilərin məkrli siyasətlərindən biri idi. O deyirdi ki, anası Zeynəb Qasımova xan dövrünü görüb yaşamışdı. Onlar kənddə yaxşı yaşayan ailələrdən biri olub, ta ki, 70 illik əsarətə düşənə qədər. Yeni qurulan sovet dövlətinin idarəçiliyində olan ermənilər yerli əhalinin məscidlərdə ibadət etməsinə qarşı idilər. Bunun üçün xain niyyətlərindən biri də məscidlərin anbar kimi dövlətin istifadəsinə verilməli olduğuna dair qərar çıxarmaları oldu. O zamanlar sözünü deyən, qorxmazlığı ilə tanınan Zeynəb Qasımovadan məscidin yeri soruşulanda qədim tarixi olan “Şah hamamı” adlanan möhtəşəm Dərvişlər abidəsini göstərərək bu binanın məscid olduğunu söyləyir. Erməni və rus əsgərləri həmin binanın dövlət üçün anbar olacağını kənd əhalisinə elan edərək buraya girməyi qadağan edir. 70 il digər kənd məscidlərinin qapısından qıfıllar asılanda bu məscidinin qapısı kənd əhalisinin ibadəti üçün açıq olur.

Ulu nənənin nə ali savadı, nə də ki, orta təhsili olub, sadəcə 4 illik məktəb oxuyublarmış, anacaq qəlblərində olan yurd, el-oba, Vətən sevgisi onları düşmən qarşısında qorxmaz, sözünü deyən edib. Ulu keçmişimlə qürur duyaraq onu qeyd etmək istəyirəm ki, sizdən örnək aldığımız o böyük sevgi sayəsində bu gün müstəqilliyimiz əbədi, daimi, dönməzdir. Mübariz xalqım inkişaf etmiş dövlətə, güclü orduya, bütöv Vətənə sahibdir... Ruhunuz şad olsun, sizlərin əmanət qoyuğunuz Vətənə sahib çıxaraq onu göz bəbəyimiz kimi qoruyur və qoruyacayıq.

 Nənəm söhbətinə davam edir.

-Heç yadımdan çıxmaz kəndə gedib-gəlməyimiz. O zamanlar minik maşını, avtobus olmazdı. Biz Culfa şəhərində yaşayanda çox çətinliklə kəndə gedə bilərdik. Təmirsiz, torpaqlı, daşlı, çala-çuxurlu yollar da ki, adamı atıb-tutmaqdan hal qoymazdı qalsın, kəndə çatana qədər. Ancaq bir nəqliyyat vasitəsi var idi. O da (qrzavoy) yük maşınları idi. Sonralar elə ki, müstəqillik qazandıq, biz marşurutla rahat kəndə gedib-qayıda bildik, bala. Quruculuğu, təmirli yolu, səliqə-sahmanı, insanlara qayğını yeni qurulan dövlətimizdə görürük. Daha kəndə gedib qayıtmaq sıxıntısı yaşamırıq. Əvvəl belə deyildi. Çətinliklə gedirdiksə, qayıtmağımız bir həftə-on gün çəkirdi, gözləyirdik ki, bəlkə bir minik vasitəsi tapıb qayıda bilərik. Şükür olsun bu dövrə ki, dövlətimiz bu rahatçılığı bizlərə ərmağan etdi, qoca yaşımızda olsa da, yaşadıq, gördük. 

Xanəgah kəndinin bu günki büsatı, heyranedici görkəmi və müasirliyi...

Yaz fəsli öz ətri, bahar təravəti ilə artıq ətrafda hiss olunur. Qış  dövrünü başa vurub yaza təhvil verir. Donmuş, buz bağlamış ana təbiət yazın gəlişi ilə yenidən canlanır, soyuq nəfəsini isti nəfəslə əvəzləyir, torpaq insan ürəyi döyünüən kimi döyünməyə başlayır. Yaşıllığa bürünən gözəl mənzərəyə vurğun olmamaq mümkün deyil. Fəslin gözəlliyini rayonumuzun kəndlərində daha yaxşı görə, hiss edə bilərik. Bu dəfə də yolumuzu baharın gəlşi ilə qaynar həyata qərq olan  Xanəgah kəndinə salırıq. Nənəmgilin  vaxtilə  bir neçə saata gəlib çatdıqları ünvana biz yeni asfalt örtük verilmiş, günəş şüası düşən zaman şüşə kimi parıldayan  Culfa-Boyəhməd magistral yolu ilə 30 dəqiqəyə çatırıq. Dağ-dərəli, düzənlikli olan bu kənddə bahar təravətini ətrafdan hiss edirik. Gözəl bir zümzüməyə qərq olan ətrafın quşlarla Əlincəçayın axışının bir-birinə qarışan səsi insanı bir anlıq valeh edərək, dərin bir düşüncəyə aparır…  Kəndin təbiətindən duyduğun ab-hava səni sanki yatmış qış yuxusundan oyadır. Çəmənlikdə, çayın kənarında gəzib, dağ-dərədə baş qaldıran çiçəklərdən aldığın əsrarəngiz ətirə heyran olursan. Bir anlığa təbiətin qoynunda dövr etməkdən, təmiz yaz qoxusunu ciyərlərinə çəkməkdən doymursan. Kəndlə daha yaxından tanış olmaq üçün gəzməyə başlayırıq. Kənd əhalisinin soyuq qışa bağladıqları evlərinin qapı-pəncərələri təravətli yaza açıldığını görür və hər kəsdə bayram sovqatının, baharı qarşılama hazırlığının başlamasını hiss edirik...

Qeyd edək ki, Xanəgah kəndinin yaranma tarixi çox-çox qədim dövrlərə aid edilir. Doğru deyiblər ki, xalqın kimliyini bilmək üçün ilk növbədə onun tarixi abidələri nəzərə alınmalı və araşdırılmalıdır. Bu ərazidə yerləşən məscidlər, kəhrizlər, qalalar, nişangahlar, istehkamlar, həmçinin Əlincə qalanın ətəyində yerləşən hissəsində XIV əsr yadigarı, el arasında  “Şah hamamı” adlanan möhtəşəm Dərvişlər abidəsi, XIII əsrə aid edilən məscid, sərdabələr, qədim qəbiristanlıq bu kəndin həyat və yaşayış tərzini, inam və etiqadlarını, dini-ideoloji görüşlərini əks etdirməklə bərabər, bu yerlərin qədim tarixə malik olduğunu təsdiqləyir. Kəndin şərqində isə hürufilik təriqətinin banisi Fəzlullah Nəiminin qəbirüstü abidəsi diqqəti daha cəlb edir. Bildirək ki, Abidə kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2006-cı ildə əsaslı şəkildə təmir olunmuş, xalqın əsl ziyarətgahına çevrilmişdir.  

Kənd əhalisinin xoşbəxtliyini üzlərindəki təbəssümdən hiss edirik...

Uca bir təpənin üzərində durub kəndi seyr edirəm, düşünürəm ki, vaxtilə yadellilərdən qorunmaq üçün Əlincə qalasının ətəyinə sığınmış Xanəgah indi geniş bir əraziyə malikdir. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ramin Paşayevlə görüşürük. Onunla kəndi yaxından tanımaq üçün geniş və  maraqlı söhbətə başlayırıq. Ramin Paşayev bildirir ki, rayon mərkəzindən 35 kilometr məsafədə yerləşən Xanəgah kəndinin ümumi sahəsi 2157 hektardır. Hazırda kənddə 1548 sakin yaşayır. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq, arıçılıq və bağçılıqdır. Dövlətimizin göstərdiyi diqqət və qayğı sayəsində bu gün kəndin sakinləri öz təsərrüfatını yaradıb, dolanışıqlarını təmin ediblər.

Öyrənirik ki, Çətəndaş, Orta Güney, Yarpaqlı düzlərinin bərəkətli əkin sahələrində bu gün qaynar həyat yaşanır. Traktorların gur səsi ətrafda əks olunur, torpaq şumlanaraq əkinə hazırlanır. Elə həmin ərazidə kənd sakinləri ilə söhbətləşirik. Əkinçi Zeynalabdin Dünyamalıyev bildirdi ki, əkinçiliklə məşğul olmaq üçün onların heç bir sıxıntıları qalmayıb, içməli  suvarma su problemi illər öncə həll olunub. Kəndin cənub hissəsindəki həyətləri suvarmaq üçünsə Əlincə çayından kaptaj üsulu ilə 800 metr məsafədən 400 millimetrlik plastik borularla suvarma suyu çəkilib. Kəndimizdə bu gün istədiyin sahədə əziyyət çəkmədən işləyə, öz təsərrüfatını yarada bilərsən, bunun üçün hər cür imkan və şərait var.

Bildirək ki, Xanəgah kəndinin bir çox şəfalı bulaqları var. Bunu kənd sakinləri ilə söhbət əsnasında xəbər tuturuq. Onlar söyləyirlər ki, Çətəndaşdakı Qaralar bulağının suyu böyrək üçün çox müalicəvidir, həmçinin kəndin ərazisində yerləşən Həsən, Cəfər və Daşarası çeşmələrinin suyu da min bir dərdin dərmanıdır.

Kənddə bağçılığa da diqqət yetirilir. Buranı boydan-boya yaşıllığa bürüyən uca ağacları seyr edirik. Kəndin səfalı təbiəti, münbitli torpağı sakinlərə bağ-bağat yaratmağa maraq yaradır. Bunu bağında ağaclara budama işi aparan bağban Cəfər Qasımovdan eşidirik. O qeyd edir ki, öz həyətyanı torpağının 1 hektara yaxın sahəsində saldığı qarışıq bağdan ötən il bol məhsul əldə edib. Buna görə o, bu il çay kənarında pay torpağı götürərk yeni bağ salmaq üçün ailəsi ilə birgə işə başlayıblar. Bağbanın ümidli söhbətindən onu başa düşürük ki, bol sulu, bərəkətli torpaq onu yanıltmayacaq, gələcəkdə istədiyi məhsulu götürə biləcəkdir. Biz də işiniz uğurlu olsun deyərək, kəndi gəzib insanların gördüyü işlərlə yaxından tanış oluruq. Bu dəfə həmsöhbət olduğumuz arıçı Allahverdi Məmmədovdur. O bildirir ki, kəndin dağ-dərəsi gül-çiçəklə zəngin olduğudan bura arıçılıqla məşğul olmaq üçün çox  əlverişlidir. Bu gün demək olar ki, kənd əhalisinin hər birinin evində arı ailəsi var. Hər kəs özü və ailəsinin dolanışığını təmin etməyə səylə çalışır. Yaz fəslində burada qaynar həyat başlayır. Əkinçi əkini, bağban bağı, üzümçü üzüm bağı, heyvandarlıqla məşğul olanlar heyvanları, arıçılar isə arıları  ilə məşğul olaraq qazanc əldə etmək üçün əmək verirlər.

Uzun illər öncə müasir kəndlər sırasına daxil olan Xanəgah bu gün qəsəbə görkəminə qovuşub...

Kəndin mərkəzi hissəsində Əlincəçayın üzərində salınan asfalt örtüklü körpüdən ətrafa baxıram. Qeyd edə bilərəm ki, bu gün kənddə yaşamaq çox asanlaşıb. Daha əvvəlki illərdə olduğu kimi əhalinin çətinliyi qalmayıb. Körpünün sol tərəfində yeni tikilib-təmir olunmuş mərasim evini, sağ tərəfə irəliləyəndə isə ilk oaraq xidmət və kənd mərkəzlərini, həkim ambulatoriyası və məktəb binalarını görürük. Nəzərə çatdırım ki, 2003-cü ildə Xanəgah kəndində müasir memarlıq üslubunda ikimərtəbəli məktəb binası tikilmiş, 2010-cu ildə məktəb əsaslı şəkildə yenidən təmir olunaraq şagird və müəllimlərin ixtiyarına verilmişdir. Kənddə əhalinin məişət şəraitini yaxşılaşdırmaq üçün hər cür şərait yaradılmış, 200 yerlik ATS quraşdırımışdır. Həmçinin kənd sakinləri daimi elektrik enerjisi və mavi yanacaqla təmin olunmuşdur. Demək olar ki, kənddə elə bir sakin yoxdur ki, öz həyətyanı sahələrində bağı, kiçik heyvandarlığı, quşçuluğu, arıçılığı olmasın. Bütün bunlar da ilk növbədə, kənd əhalisinin məşğuliyyətini təmin etməklə bərabər, qida ehtiyatını da ödəyir. Dövlətimizin göstərdiyi qayğı, yaratdığı şərait sayəsində bu gün kənddə aztəminatlı ailəyə də rast gəlmək olmur.

Artıq zaman yetişib, biz geri qayıdırıq, doğma kəndim Xanəgah! Səndən xoş təəssüratla ayrılıram. İnanıram ki, gələcəkdə daha inkişaf edən kəndlər sırasında olacaqsan... O zamanda sənə qonaq gələcək, səndən, füsunkar gözəlliyindən, yazacaq, sakinlərinin xoş yaşamından oxucularıma xəbər verəcəyəm.

Səriyyə SALAHOVA