01 aprel 2022 18:14
1029

Netflix-ə çağırış: Siqareti təbliğ edən səhnələri azaldın

ABŞ-ın üç senatoru Netflix rəhbərlərinə məktub göndərərək, yeniyetmələr və gənclər arasında populyar olan film və seriallarda siqaret çəkmə səhnələrinin sayını azaltmağa çağırıblar.

"Kommersant" nəşri yazır ki, senatorlar gənclər üçün siqaret əleyhinə təşkilat olan "Truth Initiative" tərəfindən aparılan araşdırmaya istinad edirlər ki, Netflix məzmununda xüsusilə çoxlu siqaret səhnələrinin olduğu bildirilir.

Məktubda yeniyetmələr və gənclər arasında məşhur olan filmlərdə siqaret çəkmə səhnələrinin göstərilməsinin onların özlərini siqaret çəkməyə başlama ehtimalını artırdığını göstərən araşdırmalar da qeyd edilib.

Üç senator Netflix-i hələ 2019-cu ildə siqaret çəkmə səhnələrinin sayını azaltmağa çağırıb. Məktubda qeyd edildiyi kimi o zaman şirkət bununla mübarizə aparacağını vəd edib, amma əslində heç nə etməyib. Netflix senatorların yeni məktubuna hələ cavab verməyib.

Bu həftə o da məlum olub ki, ABŞ-ın ən böyük pərakəndə satış şirkəti olan Walmart bəzi mağazalarında siqaret satışını dayandırıb.

Aysel Bayramova