03 dekabr 2019 12:08
214

3 rayonun yeni yaşayış massivləri qazlaşdırılıb

Bakı şəhərinin 3 rayonunda yeni yaşayış massivlərinə təbii qazın verilişi təmin olunub.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Qaradağ rayonu, Şıxlar qəsəbəsindəki yeni yaşayış massivində 74, Suraxanı rayonunun “Dədə Qorqud” adlanan ərazidəki yeni yaşayış massivində 19, Xəzər rayonunun “Badam bağları” adlanan ərazidəki yeni yaşayış massivində isə 470 fərdi yaşayış evinə “mavi yanacaq” verilib. Bununla da paytaxtda bu il üçün qazlaşdırılması nəzərdə tutulan 22 yaşayış məntəqəsindən 4-də qazın açılışı baş tutub.

Qeyd edək ki, paytaxtda qazlaşdırılma işlərinə bu il sentyabrdan başlanılıb və hazırda 9 məntəqə üzrə istismara qəbul prosesi aparılır, daha 9-da isə iş tamamlanıb, yaxın vaxtlarda qaz təchizatı reallaşdırılacaq.

Bölgələrdə isə cari ildə qazlaşdırma işlərinin sürətləndirilməsi üçün tərtib olunmuş proqram əsasında apreldən etibarən 92 kənd və qəsəbə, eləcə də yaşayış massivində qazlaşdırılma işlərinə başlanılıb. Hazırda 72 yaşayış məntəqəsində qaz açılışları baş tutub. 19 yerdə istismara qəbul prosesi aparılır, cəmi bir yerdə - Goranboy rayonunun Goran qəsəbəsində son tamamlanma işləri görülür. İlin sonunadək qazlaşdırılması planlaşdırılan bütün yerlərdə qaz açılışları təmin olunacaq.

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli Fərmanı ilə regionlarda qazlaşdırılma tədbirlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən SOCAR-a 53,5 milyon manat, Bakı şəhərinin bir sıra yeni yaşayış massivlərinin qazlaşdırılması tədbirlərinin davam etdirilməsi məqsədilə isə 30 milyon manat vəsait ayrılıb.