24 iyul 2020 19:11
386

300 bal toplayacağımı gözləmirdim

Azərbaycanda indiyədək keçirilən buraxılış (qəbul) imtahanlarında cəmi bir şagird maksimal - 300 bal toplayıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, həmin şagird Xırdalan şəhər 1 saylı orta məktəbin 11-ci sinif məzunu Huseyn Abdullayevdir.

H.Abdullayev Trend-ə açıqlamasında bildirib ki, imtahanda 285 baldan yüksək nəticə göstərməyi qarşısına məqsəd qoysa da, 300 bal toplayacağını gözləməyib: "Tam olaraq, əmin deyildim ki, imtahanda 300 bal toplaya bilərəm. Ancaq imtahanda suallarla tanış olandan sonra gördüm ki, maksimal nəticəni əldə edə bilərəm. Bu imtahan mənim gözlədiyimdən daha rahat oldu".

Hazırkı pandemiya şəraitində imtahanlara hazırlığın asan olmadığını deyən H.Abdullayev qeyd edib ki, karantin günlərində də imtahanlara əvvəllər olduğu kimi hazırlaşıb və heç bir planını pozmayıb: "Pandemiya olduğu üçün imtahana hazırlıq çətin idi. Ancaq hər gün dərs cədvəlləri əsasında onlayn dərslər keçirdik. Mən valideynlərimə və müəllimlərimə də təşəkkür edirəm ki, onlar mənə pisixoloji dəstək göstərdilər".

I ixtisas qrupu üzrə ali məktəbə sənəd verdiyini açıqlayan H.Abdullayev hələlik qəbul olmaq istədiyi ixtisası konkret olaraq, seçmədiyini, amma Bakı Ali Neft Məktəbində təhsil almaq istədiyini söyləyib.

Qəbul imtahanlarının ikinci mərhələsində iştirak etmək üçün hazırlıqlarını davam etdirən H.Abdullayev bu imtahanları da verdikdən sonra ümumilikdə toplum olaraq, ən maksimal nəticə olan 700 balı toplayacağına ümid edir.