12 aprel 2022 01:57
2383

Vətən bağı al-əlvandır...

Xarı-bülbül Şabranda çiçək açıb!

Şuşamız dünyanın ən nadir yerlərindən biridir ki, burada uzunömürlü xarı-bülbül gülü bitir. O, sanki təbiətin nağılvari möcüzəsidir. Bilirik ki, xarı-bülbülün görünüşü sanki gülün üzərinə qonmuş bülbülü və onun ayağından yapışmış böcəyi xatırladır. Sanki bülbül və gül xarla-böcəklə mübarizə aparırlar. Bülbülün bağrının altındakı çiçək al-qırmızı rəngə boyanıb. Bu gül əsasən, Şuşadan əlavə Şimali Amerikada, Avropadakı Alp çəmənliyində və Qırğızıstanda rast gəlinir. Ölkəmizdə isə Nabranda və Siyəzəndə az da olsa yayılıb. Gül Aran yerlərində tez solsa da, dağlarda uzun müddət qalır. Folklorumuzda  və ədəbiyyatımızda xarı- bülbül haqqında müxtəlif maraqlı rəvayətlər var.

Vətən bağı al-əlvandır,
Yox içində xarı-bülbül,
Nədən hər yerin əlvandır,
Köksün altı sarı bülbül.

Belə deyirlər ki, Qarabağ hakimi İbrahimxəlil xanın qızı Ağabəyimi könülsüz olaraq İran hökmdarı Fətəli şaha ərə verirlər. O vaxt xanlıqlar arasında əlaqələr yaratmaq üçün "nikah diplomatiyası” deyilən qız alverindən istifadə edirdilər. Ağabəyim ağa da belə bir izdivacın qurbanı olmuşdu. Doğma Qarabağından ayrı salınmış xan qızı darıxıb qüssələnməsin deyə Fətəli şah sarayın yaxınlığında onun üçün bir vətən bağı saldırmış, Qarabağ torpağının yetirdiyi bütün ağaclardan, gül-çiçəklərdən gətirdib həmin bağda əkdirmişdi. Amma nə qədər çalışsalar da  xarı-bülbülü bitirə bilməmişdilər. Bu xalq mahnısı da Ağabəyim ağanın yazdığı şeirlə bərabər elə o vaxtdan yaranıb, yəni, həmin ovqata köklənib.

Xarı-bülbül əzəldən Şuşanın simvolu idi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı o bütün Qarabağın, daha sonra isə şanlı Qələbəmizin simvoluna çevrildi.

Təəssüf ki,  ölkəmiz və xalqımız üçün bu qədər mühüm olan bu simvolun elmi etimologiyası indiyədək yazılmayıb. Hətta rəsmi məlumatlarda belə bu adın xalq etimologiyalarından istifadə edilir. Əfsanə səciyyəli xalq etimologiyalarında isə bu addakı “xarı” sözü gah “xar” (tikan, düşmən), gah da “xar etmək” (utandırmaq, aşağılamaq) sözləri ilə eyniləşdirilir və bu mənalara uyğun da əfsanələr uydurulur. Məsələn, belə əfsanələrdən birində deyilir ki, bir gün bülbül öz sevgilisi gülün yanına getmək istəyib. Buna paxıllığı tutan külək əsməyə başlayır ki, gülü əyib, bülbülün qarşısında xar etsin (alçaltsın). Bu zaman bülbül özünü yetirir və sinəsini əyilməkdə olan gülün köksünə söykəyir. Ancaq hiddətlənən külək daha da güclənir və gülün xarı (tikanı) bülbülün köksünə sancılır.

“Xarı-bülbül” adındakı “xarı” sözü epitetdir, yəni o, bu gülün əlamətləri ilə bağlı olmalıdır. Xarı-bülbül çiçəyinin mühüm xüsusiyyətlərində biri isə budur ki, onda müxtəlif rənglər -yaşıl, sarı, qırmızı və s. bir-birinə qarışır, eyni bir ləçəyin bir hissəsində olan ağ rəng ləçəyin digər hissəsində çəhrayıya çevrilir. Bülbülün sinəsindən aşağıdakı hissədə isə hətta naxışlar da vardır. Görkəmli Xalq yazıçımız  Əli Vəliyev bu cür əlvanlığı belə təsvir edir: “Gün vurduqca ağacların yarpaqları rəngdən-rəngə düşür, xara parçası kimi bir anda cürbəcür rənglərə çalırdı”. Xara üzərində özündən müxtəlif naxışları olan qalın və parlaq parçaya deyilir. Ondan hazırlanmış xalat və döşək adlarına həm yazıçılarımızın əsərlərində, həm də dastanlarımızda rast gəlinir. Bu parçanı tərpədəndə və ya ona müxtəlif  bucaqlar altında baxanda o, rəngdən-rəngə düşərək bərq vurur. Məhz xara parçasına məxsus bu əlamətlərin xarı-bülbül çiçəyində də olması səbəbilə ona “xara-bülbül” (yəni “xara paltarlı bülbül”) deyilmişdir. “Xara” sözünün xalq danışıq dilində  assimilyasiyaya uğrasyaraq “xarı” kimi tələffüzü isə dilimizdəki ahəng qanununun tələbi ilə bağlıdır.

Maraqlı faktdır ki, xarı-bülbülü ev şəraitində dibçəkdə əkib becərmək mümkündür. Şabran şəhərinin sakinləri Firəngiz və Bahar Vəlicanova bacıları buna nail olmuşlar.

Onlar bu ilin əvvəllərində gülü Nabran ərazisində görmüş, bir neçəsini torpaqqarışıq gətirərək həm dibçəkdə, həm də həyətdəki torpaqda əkmişlər. İlkin lazımi qulluqdan sonra fidanlar yerə rişə ataraq inkişaf etmişlər. Hazırda xarı-bülbül kolları çiçək açmışlar. Bu, bacıları sevindirmiş və onlara diqqəti daha da artırmışlar. Ailənin bütün üzvləri Şuşanın və Böyük Qələbəmizin simvoluna çevrilmiş xarı-bülbülləri əzizləyir, başına pərvanə kimi dolanırlar. Bacılar düşünürlər ki, xarı-bülbüllərin sayını artıraraq çoxaltsınlar, Qələbəmizin simvolu kimi müharibə iştirakçılarına və şəhid ailələrinə pay versinlər. Onlar öz diləklərinə çatmaq üçün xarı-bülbüllərə aid bilgiləri əldə edib öyrənməyə və onlara nümunəvi xidmət göstərməyə çalışırlar. Hazırda dibçəkdəki və həyətyanı sahədəki xarı-bülbüllər normal inkişafdadırlar.

Vəli İlyasov, “İki sahil”