27 aprel 2022 19:55
904

Ulu Öndər akademik elmin yaddaşında həmişəlik qalacaq

Azərbaycan dünya elminə görkəmli elm adamları bəxş etmişdir. Elmin istər dəqiq-təbiət elmləri, istərsə də humanitar-ictimai elmlər sahəsində dünyaca məşhur olmuş elm adamlarımızın hər hansı birinin adını çəkmək yetərlidir ki, Azərbaycan elmi və aliminin böyüklüyünü təsəvvür edə biləsən.

Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə yeni elm sahələrinin, elmi istiqamətlərin yaranması ümumilikdə elmin inkişafına çox müsbət təsir göstərmişdi. Onun ideya müəllifliyi, təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə kimya, neft emalı və neft-kimya sənayesinə kapital qoyuluşu əsaslı şəkildə artırılmış, bu sahədə ən qabaqcıl texnologiyaların tətbiqinə nail olunmuşdur. Neft-kimya sənayesi modernləşdirilmiş və yenidən qurulmuşdur. Astronomiya, kosmik tədqiqatlar, biokimya, molekulyar biologiya, biofizika, biotexnologiya kimi sahələr inkişaf etdirilmişdi. Ulu Öndərin uzaqgörənliyi ilə Azərbaycanda onlarla nəhəng sənaye kompleksi-neft emalı, neft-kimya, maşınqayırma, cihazqayırma müəssisələri yaradıldı ki, bunlar da elmin sürətli inkişafını təmin edə bildi.

Məlum olduğu kimi, Sovetlər Birliyində “qapalı rejim” siyasəti həyata keçirildiyi üçün elmdə də beynəlxalq əməkdaşlığa imkan verilmirdi. Ancaq Ümummilli Lider fundamental tədqiqatlar sahəsində ən mühüm elmi nəticələrin əldə etməyin müştərək beynəlxalq tədqiqatlar yolu ilə əldə olunmasının zəruriliyini hamıdan yaxşı bildiyinə görə xaricdə təcrübə mübadiləsi və qabacıl təcrübənin qazanılıb ölkəyə gətirilməsinə üstünlük verirdi.

Ulu Öndərin dəstəyi ilə Azərbaycan alimlərinin UNESKO və UNIDO beynəlxalq təşkilatlarının ekspertləri kimi xarici ölkələrdə çalışmaları mümkün olmuşdur. SSRİ rəhbərliyi adətən belə məsələlərdə İttifaq respublikaları arasında ayrı-seçkiliyə yol verərək Rusiya, Ukrayna və Belarusdan olan mütəxəssisləri irəli çəkərdi. Ancaq o dövrdə məhz Heydər Əliyev Moskva qarşısında məsələ qaldırmışdı ki, beynəlxalq təşkilatların fəaliyyətində yuxarıda adları sadalanan respublikalar ilə yanaşı, yüksək elmi potensiala malik olan Azərbaycan da iştirak etməlidir.

Heydər Əliyev dahi və müdrik rəhbər olaraq çox yaxşı bilirdi ki, Azərbaycan zəngin neft və qaz ölkəsi olduğundan onun neft və qazçıxarma, neft və qaz emalı, neft kimyası və bütövlükdə kimya sənayelərini inkişaf etdirmədən güclü, rəqabətə davamlı respublika yaratmaq mümkün deyil.

Ümummilli Liderin tövsiyələrinə uyğun olaraq AMEA-nın neft-kimya təmayüllü elmi-tədqiqat institutları və respublikanın bu sahədə fəaliyyət göstərən digər elmi mərkəzləri qeyd olunan sahələrdə elmi-tədqiqat işlərini genişləndirib və bir çox uğurlu nəticələrə imza atıblar. Aparılan elmi-tədqiqat işlərinin bir çox nəticələri sənaye miqyasında tətbiq olunub və ölkə iqtisadiyyatının sürətli inkişafına, dünya bazarında rəqabətli məhsulların istehsalına şərait yaradıb.

Hazırda icraçı direktoru olduğum AMEA Aşqarlar Kimyası İnstitutunun alimləri tərəfindən yaradılmış o illərdə müxtəlif növ aşqarların və sürtkü yağlarının alınması texnologiyası keçmiş SSRİ-nin müxtəlif regionlarına tətbiq edilmişdir.

Tarixi şəxsiyyət Heydər Əliyev dahiliklə həm qeyd olunan sənaye sahələrini, həm də onlara uyğun olan elm sahələrinin paralel və bir-biri ilə əlaqəli inkişafını təmin edən “ən optimal inkişaf konsepsiyasını” yaratmağa nail olub. Çünki sənayenin inkişafı yeni elmi tədqiqatlar tələb edirdi və eyni zamanda, bu tədqiqatları stimullaşdırırdı. Belə bir konsepsiya elmi nəticələrin istehsalata tətbiqinə şərait yaradıb. Çox keçmədən elmə yatırılan vəsaitlər tətbiq sahəsində daha çox büdcə vəsaitinin yaranmasını təmin edib.

Tarixi faktlar onu deməyə əsas verir ki, fundamental nəzəri-tətbiqi elmin strateji əhəmiyyətini düzgün qiymətləndirən Ulu Öndərin elm və texnologiya sahəsinin inkişafına xüsusi diqqəti nəticəsində ötən əsrin 70-ci illərində Azərbaycanda riyaziyyat, elektron avtomatika, kimya, neft emalı və neft-kimya sənayesi sürətlə inkişaf edib, bir sıra mühüm nailiyyətlərə imza atılıb. O cümlədən elmi yenilikləri çətin başa gələn ictimai-humanitar elmlər sahəsində Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, dilinin, milli mənəvi dəyərlərinin tədqiqi istiqamətindəki araşdırmaların aparılmasında tarixi şəxsiyyətin uzaqgörən siyasəti mühüm rol oynayıb. Bütün bunların fövqündə heç şübhəsiz ümummilli lider Heydər Əliyevin elm xadimlərinə, alimlərə olan diqqət və qayğısı dayanırdı. Bu diqqət və qayğının nəticəsi idi ki,  o vaxtdan indiyə qədər hər yerdə alimin adı uca tutulur və sözü də ən etibarlı mənbə hesab edilir. Onun elm camiyəsinin devizinə çevrilən sözləri ilə desək, hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar.

Bu yerdə XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi Volterin hikmətli sözlərini yada salmamaq olmaz. Onun sözlərinə görə, xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirə bilən görkəmli şəxsiyyətlər - elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər. Elmi nailiyyətləri dövlət quruculuğu, ölkə iqtisadiyyatı və insan cəmiyyətinin inkişaf prosesinin mühüm elementinə çevirən Ümummilli Lider respublikamıza rəhbərlik etdiyi bütün dönəmlərdə bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin geniş dəstəkçisi, təbliğ və təşviqçisi olmuşdur.

SSRİ-nin dağılması ilə Azərbaycan elmi də böyük bir tənəzzül yaşadı. Xatırlatmaq yerinə düşər ki, hətta, 1992-ci ildə akademiyanın ləğvi barədə, bağlanması haqqında təkliflər irəli sürülmüşdü. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, akademiyanın taleyi çox acınacaqlı ola bilərdi. Məhz Heydər Əliyevin Azərbaycan elminə hər zaman göstərdiyi diqqət və qayğı nəticəsində elmin inkişafı sürətlə aparılırdı. Müstəqil yaşamağa başlayanda əlbəttə ki, ölkədə mövcud olan ciddi iqtisadi və sosial məsələlər gündəliyin birinci sıralarında idi. Ancaq bununla bərabər, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək və uzaqgörənliklə, müdrikliklə bütün dövrlərdə, o cümlədən müstəqillik dövründə elmin inkişafına çox böyük diqqət göstərmişdir. Təsadüfi deyil ki, hakimiyyətə qayıdandan sonra onun Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz AMEA-da olmuşdur.

Ümummilli Lider elmlə həqiqi elm adamlarının məşğul olmasının zəruriliyini ziyalılarla görüşlərində dəfələrlə dilə gətirmişdi. Belə bir görüşlərin birində onun xalq şairi Bəxtiyar Vahabzadə ilə maraqlı dialoqu alınmışdı (https://www.youtube.com/watch?v=vaRIGyAe6vs&t=7s).

Heydər Əliyev: - Bizdə keçmişdə akademik olmaq xəstəliyi var idi. Mən elə bilirdim, o keçdi-getdi. Axı, indi sovet dövrü deyil, artıq müstəqilik. Ancaq bu dəfə Akademiya üzvlüyünə seçkilərdə gördüm ki, yox, dəyişən bir şey yoxdur, hamı akademik olmaq istəyir. Əvvəl belə idi ki, dövlət məmuru özünə gün ağlayırdı, dissertasiya işi yazıb, müdafiə edib elmlər namizədi və ya elmlər doktoru olmaq istəyirdi ki, sabah dövlət işindən çıxarılsa gedib elmi işçi olacaq və müvafiq əmək haqqı alacaq. İndi nə elmlər namizədi, nə elmlər doktoru. Amma yox, yenə bu xəstəlik var bizim adamlarda. İşini buraxıb, deyir mən burda dissertasiya yazacağam, müdafiə edəcəyəm. Hesab edirəm, şairlərin də öz əsərləri var. Onlar bu işlərlə məşğul olmamalıdırlar.

Bəxtiyar Vahabzadə: - Əvvəllər qonarar var idi. Yazılan əsərə, şeirə görə qonorar verilirdi. Amma indi onlar yoxdur. Mənim fikrimcə, elmlər namizədi, elmlər doktoru da olmaq vacibdir.

Heydər Əliyev: - Yox, mən də bilirəm ki, vacibdir. Amma kim layiqdirsə, onlar gedib elmlər namizədi və ya elmlər doktoru olsun da. Daha hamı alim olmaz ki.

Bəli, dahi şəxsiyyət yaxşı bilirdi ki, bir çox yüksək vəzifəli şəxslər elmi dərəcə, elmi ad və elmi rütbələrə özlərinin karyera yüksəlişi kimi baxır və onlar əsl elmdən çox uzaq adamlardır. Məhz istər Sovet, istərsə də müstəqillik illərində rəhbərlikdə olduğu dönəmlərdə elə insanların sahib olduqları dövlət vəzifələrindən sui-istifadə edərək akademik rütbə qazanmağına imkan vermirdi.

Yuxarıda qeyd olunanları ümumiləşdirsək, belə nəticəyə gəlinir ki, ümummilli liderimiz Heydər Əliyevin həm Sovet hakimiyyəti, həm də müstəqillik illərində elmin inkişafı sahəsində yeritdiyi ardıcıl siyasət nəticəsində AMEA nəinki qorunub saxlanılmış, o həmçinin onun fəaliyyət dairəsi xeyli genişləndirilmiş, səlahiyyətləri artırılmışdır. Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından onun qarşısında mühüm vəzifələr qoyulmuş və buna maksimum nail olunmuşdur.

Sevindirici hal ondan ibarətdir ki, Ümummilli Liderin min bir əziyyətlə qurub-yaratdığı elm yeni mərhələdə, yeni reallıqlar kontekstində inkişaf etməkdədir. Bir sözlə, dövlət başçısı cənab İlham Əliyev hər bir sahədə olduğu kimi elm, təhsil və mədəniyyət sahəsində Heydər Əliyev strategiyasını, proqramını və qayğıkeşliyini ardıcıl davam etdirir.

Qarşıdan Ümummilli Liderin anadan olmasının 99 illiyi yaxınlaşır. Artıq ikinci ildir ki, onun istər doğum gününü, istərsə də anım gününü qürurlu millətin qürurlu vətəndaşları kimi qeyd edirik. Çünki ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələnən 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz parlaq Qələbə tamamilə yeni reallıqlar yaradıb. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz bir növ "sındırılmış qürurumuzu" özümüzə qaytarmaqla, həm də bizi məğlub ölkədən qalib ölkənin alimi olmaq səviyyəsinə yüksəldib.

Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda bütün istiqamətlərdə davam etdirilir, o cümlədən dövlətin elmə olan münasibətində də özünü göstərir. Təsadüfi deyil ki, akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığı işinə çox böyük diqqət göstərilir. Eyni zamanda, akademiyanın fəaliyyətinin genişləndirilməsi və elmi tədqiqatların iqtisadiyyatla, bizim iqtisadi siyasətlə uzlaşması üçün konkret addımlar atılır.

Son illər ərzində akademik elmin inkişafı, onun dünya elminə inteqrasiyası, elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması, istedadlı gənclərin elmə cəlb olunması yolunda xeyli işlər görülmüş və müəyyən nailiyyətlər əldə olunmaqdadır. Aparıcı alimlərimizin iştirakı ilə beynəlxalq səviyyəli müştərək nəzəri fundamental tədqiqatlar aparılır, əldə edilən elmi nəticələr nüfuzlu jurnallarda da dərc olunur. Həmin nəticələr dünyanın aparıcı elm mərkəzləri tərəfindən qəbul olunur, o işlərə istinadlar edilir.

Əfsun Sucayev,
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,
AMEA Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent