03 may 2022 13:13
992

Yüksək Qızlar Liqası başa çatdı

AFFA-nın təşkil etdiyi futbol üzrə Yüksək Qızlar Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub.

"İki sahil" xəbər verir ki, 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) komandası liqanın qalibi olub. Şəkinin “Nuxa” komandası mövsümü ikinci, Balakənin “Balxurma” klubu isə üçüncü pillədə tamamlayıb.

Sonuncu turun oyunlarından sonra çempion 8 nömrəli İOEUGİM-in komandasına Bakıda, gümüş medalları qazanan “Nuxa” və üçüncü olan “Balxurma” komandasına isə Şəkidə medallar və kubok təqdim olunub.

8 nömrəli İOEUGİM-in üzvü Milana Rəhimova mövsümün ən yaxşı oyunçusu, komandanın digər üzvü Rabiyə Müstafayeva isə ən yaxşı qapıçısı seçilib. Həmçinin 17 qolla mövsümün ən məhsuldar oyunçuları olan 8 nömrəli İOEUGİM komandasının oyunçusu Şəfəq Nəsirova və “Nuxa” komandasının üzvü Nahidə Məmmədova xüsusi mükafatla təltif ediliblər.

Bakıdakı mükafatlandırma mərasimində AFFA-nın Qadın futbolu departamentinin rəisi Əminə Həsənova, qadın futbolçulardan ibarət A milli komandanın baş məşqçisi Siyasət Əsgərov, U-17 (qadınlar) milli komandasının baş məşqçisi Zamir Həsənov, AFFA-nın Kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov və Texniki direktor Cahangir Həsənzadə iştirak ediblər. Şəkidəki mükafatlandırma mərasimində isə “Nuxa” və “Balxurma” komandalarına mükafatları Ə.Həsənova, S.Əsgərov, qadın futbolçulardan ibarət U-19 və U-15 komandalarının baş məşqçiləri Vüqar Əsgərli ilə Nərgiz Qurbanova təqdim ediblər.