13 may 2022 17:23
838

"Azəriqaz"dan müştəriləri məmnun edəcək daha bir yenilik FOTO

Mayın 13-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib. 
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb. Müştəri xidməti şöbəsinin rəisi Fərid Mustafazadə «Azəriqaz» İstehsalat Birliyinin «ASAN kommunal» mərkəzlərində östərdiyi xidmətlər barədə məlumat verib: «Müştəri xidməti şöbəsi istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə edilməsini olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin təmin edilməsini, həmçinin ölkə ərazisində fəaliyyət göstərən «ASAN xidmət» mərkəzlərində smart tipli sayğaclarla təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini təmin edir.»
Onun sözlərinə görə,  bu gün  «ASAN kommunal» mərkəzlərində göstərilən xidmətlərin sayı 21-ə çatdırılıb: « Bu xidmətlər Bakı şəhəri üzrə 1 və 2 saylı «ASAN kommunal» mərkəzində, eləcə də səyyar «ASAN xidmət» vasitəsi ilə və 4, 5 saylı «ASAN xidmət» mərkəzlərində, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən «ASAN xidmət» mərkəzlərində  göstərilir. Bu xidmətlər aşağıdakılardan ibarətdir. İtirilmiş və ya zədələnmiş smart kartın bərpası, borc və ödəniş haqqında arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, sayğacların istismarı ilə bağlı məlumatın verilməsi, smart tipli sayğaclarda istifadə edilməyən məbləğin yeni quraşdırılmış sayğacın smart kartına köçürülməsi, mexaniki sayğacların smart tipli sayğaclarla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, qüsurlu ödənişin bərpa edilməsi, yeni qazlaşma haqqında məlumatın verilməsi, texniki şərtin verilməsi, sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, dini qurumlara ayrılmış limitlərin verilməsi, müqavilələrin bağlanması, abonent kodundan smart karta ödənişin köçürülməsi, smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, koda düşmüş kartların bərpası, məcburi köçkün abonentlərin yeni arayışlarının qəbulu xidmətlərinin icrası.»
Birliyin Sayğaclara nəzarət şöbəsinin rəisi Rövşən Məhiyəddinov isə jurnalistlərə yeni növ sayğaclar barədə məlumat verib. Bildirib ki, neçə müddətdir ki, NFC təminatı olan telefonlar vasitəsi ilə Gallus Pay sayğaclarına onlayn ödəniş edilirdi: « Artıq bundan sonra Zenner smart-kart tipli sayğaclar vasitəsi ilə də onlayn ödəniş etmək mümkündür ki, bu da abonent məmnunluğunun təmin olunması istiqamətində daha bir yenilikdir.»

Elçin Zaman, "İki sahil"