14 may 2022 10:06
237

Gürgən qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi

13 may 2022-ci il tarixində Gürgən qəsəbəsində fəaliyyət göstərən 231 nömrəli tam orta məktəbin akt zalında Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.

 “İki sahil” xəbər verir ki, RİH-nin başçısı görüş iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq çıxışında xüsusi olaraq vurğuladı ki, dünyada baş verən proseslər kontekstində Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi balanslaşdırılmış siyasət nəticəsində ölkəmiz mənfi tendensiyalardan  kənarda qalmışdır. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət, 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə hər birimizin qürur mənbəyinə çevrilib. Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qisası alınaraq düşmən məhv edilmiş, müqəddəs torpaqlarımız əbədiyyən öz sahiblərinə qaytarılmışdır. Ölkə başçısının işğaldan azad olunan ərazilərə müntəzəm səfərləri və həmin torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərin miqyası göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası prioritet istiqamətlərdən biridir. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 10-da Füzuli və Şuşa şəhərlərinə səfərləri də bərpa-quruculuq prosesinin davamlı xarakter almasından, gündən-günə daha geniş ərazini əhatə etməsindən xəbər verir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri getdikcə geniş vüsət alır. İnfrastruktur obyektlərinin sürətlə inşası, tarixi-mədəni abidələrin bərpası, minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi bu ərazilərdə yaşayış məhəllələrinin, inzibati binaların tikilməsinə əlverişli imkan yaradır. Dövlətimizin məqsədi məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıtmalarına şərait yaratmaqdır. Ölkə başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunur. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni yollar çəkilir, yaşayış binaları inşa olunur, aqroparklar salınır. Bildirildi ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri artıq mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu günlərdə Şuşada Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçirilir. "Xarıbülbül" Festivalı Vətən Müharibəsində qazanılmış parlaq Zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilmişdir. Şuşa şəhəri gündən-günə bütün dünyanın diqqət mərkəzinə çevrilir. Zəngəzur dəhlizinin açılması türkdilli dövlətlər arasında bir körpü rolunu oynayaraq Türk dünyasını həm coğrafi, həm də siyasi və iqtisadi cəhətdən daha da yaxınlaşdıracaqdır.

Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, bu rayonda geniş quruculuq və abadlıq işlərinə start verildi. Qısa müddət ərzində uzun illər baxımsızlıqdan, antisanitar vəziyyətdən əziyyət çəkən Pirallahı qəsəbəsinin bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət aldı. Avtomobil Yolları Dövlət agentliyi tərəfindən məhəllədaxili yolların asfalt örtüyünün döşənməsi və ətraf ərazilərin abadlaşdırılması işləri həyata keçirilir. Gələcəkdə rayon ərazisində bütün məhəllələrin və yolların abadlaşdırılması prioritet istiqamətdir. Sonra natiq qeyd etdi ki, Pirallahı rayonunda insanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılmışdır. “İDEA” İctimai Birliyinin dəstəyi ilə rayon yaradıldığı 2013-cü il tarixindən bu günədək 300 mindən artıq  ağac və gül kolları əkilərək yaşıllıq zolaqları salınmışdır. Ekoloji tədbirlər çərçivəsində 10 may 2022-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar iməcilik aksiyası keçirilmiş, 99 ədəd ağac, 1600 ədəd gül kolları əkilmişdir. Rayonda yeni iş yerlərinin açılması və məşğulluq məsələləri öz həllini tapması ilə bağlı mütəmadi işlər görülür. Cari ildə “DOST İŞ Mərkəzi” tərəfindən 262 ictimai iş yeri açılmış, “Azərbaycan Hava Yolları” QSC tərəfindən isə 114 ictimai iş yeri rayonumuza rotasiya edilmişdir ki, bu da  sakinlərimizin məşğulluğunun artırılmasına böyük fayda vermişdir.

12 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Şuşa bizim milli rəmzimizdir” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin 192 iştirakçı arasında Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Babayevin III yerə layiq görülməsinin çox yaxşı təqdirəlayiq hal olduğunu qeyd edən natiq gələcəkdə də rayonumuzu fərqlənənlər sırasında görəcəyinə əminliyini ifadə etmişdir.

Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, yaşayış binasının fasadının təmir olunması, fərdi yaşayış evinin sənədləşdirilməsi və s. məsələlər ilə bağlı müraciət etdilər.  Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.