18 may 2022 11:01
250

Apreldə 3,4 milyondan çox tibbi xidmət göstərilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) 2022-ci ilin aprel ayında icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edib.

İTSDA-dan "İki sahil"ə verilən xəbərə görə, aprel ayında dövlət tibb müəssisələrinə 849 726 şəxs 1 571 809 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 3 448 090 olub. Tibbi xidmətlərin 84 %-i ambulator, 16 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 30 %-ni uşaqlar, 70 %-ni böyüklər təşkil edib.

Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, habelə mamalıq və ginekologiya ilə bağlı olub.

Bu ilin aprel ayında Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 329 213 şəxs 644 555 dəfə müraciət edib. Bu, ölkə üzrə qeydə alınan bütün müraciət sayının 41 %-ni təşkil edir. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 1 364 139 olub və bu göstərici də bütün tibbi xidmət sayının 40 %-ni təşkil edir.

Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğuna Bakı Baş Səhiyyə Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Kliniki Tibb Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Xəzər Tibb Mərkəzi, Binəqədi Tibb Mərkəzi, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi daxildir.

Aprel ayında Bakı şəhəri istisna olmaqla 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 537 152 şəxs 927 254 dəfə müraciət edib. Bu, ölkə üzrə qeydə alınan bütün müraciət sayının 59 %-ni təşkil edir. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 2 083 951 olub və bu göstərici də bütün tibbi xidmət sayının 60 %-ni təşkil edir.

Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Xaçmaz, Yevlax, Abşeron, Quba, Balakən və Şəki rayon mərkəzi xəstəxanaları.