Festivala maraq böyükdür, təşkilatçılıq əla, təhlükəsizlik tədbirləri isə yüksək səviyyədədir
Mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” Festivalı start götürüb. Festivalın açılışı bu möhtəşəm tədbirə hazırlığın gedişatını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Açılış mərasimində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Səlçuk Bayraktar və Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış ediblər.
“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Səlçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən başlayaraq hər il keçirilir.
Türkiyədən kənarda ilk “TEKNOFEST” Azərbaycanda, “Baku Crystal Hall” və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olunub. Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” – T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir. Mayın 28-də Festivalda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak edəcəklər.
Dörd gün davam edəcək “TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən yarışlarda pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə öz bacarıqlarını göstərmək imkanı verir. Mayın 29-da yekunlaşacaq möhtəşəm Festivalda iştirak üçün ümumilikdə 1000 komanda, 5000-dək şəxs müraciət edib. Azərbaycanın 52 rayonundan, Türkiyənin isə 40 bölgəsindən gənclər festivalda iştirak üçün qeydiyyatdan keçiblər.
Festival elmi, texnologiyanı sevən gənclərə özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verir, təcrübə qazandırır. Eyni zamanda, birlikdə çalışan gənclərə komanda ruhu aşılayır. Sağlam mühitdə rəqabət aparmağı, əzmkar olmağı öyrədir.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində qardaş Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou festivalın ən yaddaqalan hadisələrindən biri olub. Qardaş Türkiyənin Hərbi Hava Qüvvələrinin “ATAK”, “AKINCI-SLTRK”, “HÜRKUŞ” təyyarələri, eləcə də “Solo Türk” və “Türk Ulduzları”nın nümunəvi uçuşları tamaşaçıları heyran qoyub.
Azərbaycan Hərbi Hava Qüvvələrinin “Su-25” və “MİQ-29” qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim ediblər. Milli şahinlərimiz də qardaş Türkiyənin pilotları ilə yanaşı, mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gəlib və bu dəfə də tamaşaçıları valeh ediblər.
“Ay-ulduz”lu türk bayrağını əngin səmalarda əzəmətlə dalğalandıran qəhrəman türk pilotları ilə yanaşı, bu gün İkinci Qarabağ savaşında Azərbaycanın üçrəngli bayrağını tarixi və əbədi torpaqlarımız olan cənnət Qarabağımızın, o cümlədən Şuşanın səmalarında qürurla dalğalandıran milli şahinlərimiz də məharət və peşəkarlıqlarını uğurla nümayiş etdirirlər.
Festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda Hərbi Hava Qüvvələri ilə yanaşı, Quru Qoşunları, eləcə də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunur.
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” bir sıra komponentlər üzrə təşkil olunur. Bunlara texnologiya müsabiqələri, “Take off Baku” startap sammiti, “Smart Qarabağ” Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, “Rocket League” və “TEKKEN” oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları daxildir.
Cavid Əkbərov, “İki sahil”