Xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 1918-ci ilin 28 May Günü Azarbaycan Xalq Cümhuriyyətinin yarandığı bir gün kimi yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Bu gün xalqımızın ən əziz bayramlarından olmaqla, həm də milli iftixar, milli zəfər günümüzdür.
“İki sahil” xəbər verir ki, hər il olduğu kimi bu il də xalqımızın dövlətçilik tarixinin parlaq və şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 104-cü ildönümünü-Müstəqillik Günü ölkəmizdə yüksək təntənə ilə qeyd olunur. Xalq Cümhuriyyətimizin varisi olan Azərbaycan Respublikası ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi demokratiya və inkişaf yolunda Prezident İlham Əliyevin rəhbərliyi ilə, dövlət kimi dünya birliyində öz yerini möhkəmləndirir, nüfuzunu və qlobal proseslərə təsir imkanlarını artırır.
Zəngin tarixi keçmişə malik olan Azərbaycan xalqı azad, müstəqil dövlət uğrunda uzun və mücadilələrlə dolu bir yol keçmişdir. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ölkəmizin çoxəsrlik tarixi, sosial-iqtisadi mədəni inkişafının XX əsrin əvvəlində başlanmış və rus imperiyasının süqutu ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Bu dövlətin beşiyi başında duran ziyalılar və siyasi xadimlər Azərbaycanın gələcəyini, təhsilin, elmin inkişafında,beynəlxalq aləmə inteqrasiyada görürdülər. Cümhuriyyətin həyata keçirdiyi siyasət, müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsini nəzərdə tuturdu, 23 aylıq mövcudluğu dövründa cümhuriyyət xalqımızda istiqlal və suverenlik duyğularını daha da gücləndirdi.
Lakin təəssüflər olsun ki, XX əsrin əvvəllərində müstəqillik qazanmış Azərbaycan xalqı bu nemətin şirinliyini uzun müddət dada bilmədi. Azərbaycan Xalq Cümhuriyyətinin idarə edilməsində buraxılan səhvlər, daxildə tam milli birliyin ǝldə edilməməsi və başqa səbəblər cümhuriyyətin yaşamasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra, 1920-ci ilin aprelində Rusiya bolşevizminin açıq təcavüzü nəticəsində süquta uğradı.
Tarix üçün bu çox qisa zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşında əbədilik həkk olunmuşdur. Az ömrünə baxmayaraq, ötən əsrin əvvəllərində Azərbaycanda müstəqil. demokratik dövlətin qurulması, müsəlman Şərqinda respublika ideyalarının formalaşmasına böyük təsir göstərdi və milli dövlətçilik ǝnənələrinə səbəb oldu. Azərbaycan Demokratik Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxdı. Milliyyətindən, siyasi mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara hüquq verilməsi, dövlət sərhədlərinin müəyyən edilməsi, dövlətçilik atributlarının qəbulu, ana dilimizin dövlət dili elan olunması, bununla yanaşı, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycanin gələcək müstəqilliyi üçün zəmin yaratdı.
1991-ci ilin oktyabrın 18-də "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız yenidən istiqlalına qovuşsa da həmin vaxt hakimiyyətin savadsız və qətiyyətsiz adamların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoyurdu. Ölkəmizin ədalətsiz müharibəyə sürüklənməsi, torpaqlarımızın işğalı, daxili çəkişmələr və vəzifə davası, dərin sosial-iqtisadi böhran, hakimiyyət çevrilişləri, vətəndaş qarşıdurması-müstəqilliyimizin ilk illərində çətin vəziyyət yaratmışdı. Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından və dövlətçiliyimizin sükanını öz qüdrətli əllərinə almasından, milli azadlığımız və iqtisadiyyatımız uğrunda qatiyyətli, cəsarətli mübarizəyə başlamasından sonra həmin mənzərə dəyişdi. Heydər Əliyev dühası və müdrikliyi bütün xalqı milli ideya-azərbaycançılıq ideyası ətrafinda birləşdirməyə, demokrtatik, dünyəvi, hüquqi dövlət quruculuğunun əsasını qoymağa nail oldu. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi və idarəçilik məharəti müstəqil dövlətimizi ağır yaralardan xilas etdi, ölkədə möhkəm ictimai-siyasi sabitlik yaratdı, davamlı inkişafa yol açdi.
Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevdir. Bu tarixi gerçəkliyi bütün dünya qəbul edir, bu həqiqət xalqını, millətini, məmləkətini sevən hər bir azərbaycanlınin qəlbində tükənməz qürur hissi doğrur və gələcək nəsillərimiz də daim bu duyğu ilə yaşayacaqlar.
Milli liderimiz Heydər Əliyev böyük qürur hissi ilə və fəxrlə hər bir mötəbər toplantıda və görüşdə "Azərbaycanımızın müstəqilliyi bizim tarixi nailiyyətimizdir" sözlərini bəyan etməyi və bu nailiyyəti daha da möhkəmləndirməyi özünün ən müqəddəs və öndər vəzifəsi sayırdı.
Ulu öndərimizin siyasi kursu bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin xalqımızın böyük dəstəyi ilə bu çətin, şərəfli vəzifəni uğurla yerinə yetirməsi sayəsində Azərbacan sürətli iqtisadi inkişaf tempinə görə nəinki regionda, həm də dünya miqyasında liderlik mövqeyinə yüksəlmişdir. Bu gün Azərbaycan dövlətçiliyinin gücü, ölkəmizin siyasi, iqtsadi qüdrəti qarşıya çıxan hər bir problemi həll etməyə qadirdir.
Biz qüdrətli, hərtəfli inkişafın sürəti ilə dünyada seçilən demokratik, müstəqil Azərbaycan Respublikasının vətandaşlarıyıq. Heydər Əliyev siyasi məktəbinin əsas fəlsəfi prinsiplərini mənimsəmiş siyasətin real işdən ibarət olduğunu öz fəaliyyətində sübuta yetirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev böyük öndərin başladığı layihələri uğurla həyata keçirməklə, Azərbaycanı qüdrətli dövlətə çevirmişdir.
Bildiyiniz kimi 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Mayın 28-i Müstəqillik Günü, Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilib.
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız özünün müstəqilllik ruhunu yüksək səviyyədə yaşadır. Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan öz ərazi bütövlüynü təmin etdi. İşğaldan azad olunan torpaqların bərpası və məcburi köçkünlərin həmin ərazilərə qayıtması üçün çox böyük işlər görülür. Bu gün biz ulu babablarımızın ruhu qarşısında onların müstəqillik arzusunu yaşatdığımızı fəxrlə deyə bilərikÖlkəmiz beynəlxalq aləmdə yeni-yeni nailiyyətləri ilə tanınır. Mədəniyyətdə, incəsənətdə, idmandakı uğurlarımız bir-birini əvəz edir.
Bu gün Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası artıq dünyada sayılıb-seçilən beynəlxalq tribunalarda öz səsini ucadan səsləndirməyi bacaran bir dövlətdir.
Bu gün təntənə və sonsuz məhəbbətlə qeyd etdiyimiz Müstəqillik Günündə sevinir və fəxr edirik ki, ulu öndərimizin bizə əmanət qoyub getdiyi Azərbaycan Respublikası müstəqillik yolunda uğurla, qətiyyətlə irəliləyir və inkişaf edir. Sevinirik ki, Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Sevinir və qürur duyuruq ki, başımız üzərində üçrəngli bayrağımız dalğalanır.
Bayramımız mübarək olsun!
Yaşasın müstəqil Azərbaycan Respublikası!
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri