Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq dünyada elə bir xalq, elə bir etnik qrup yoxdur ki, müstəqil olmağı – öz dilini, mədəniyyətini, dinini azad şəkildə yaşamağı istəməsin. Bu gün BMT-nin rəsmi məlumatına görə dünyada 4000-ə yaxın xalq və etnik qrup var. Ancaq bu xalqların yalnız 193-nün bu və ya digər şəkildə dövlətçiliyi var. Bir neçə yüz il bundan əvvəl xalqların sayı daha çox olub. Lakin zaman keçdikcə böyük bir qismi başqa xalqların içərisində əriyib, assimilyasiyaya məruz qalıb. Bu faktın özü, bu gün bizim nail olduğumuz nemətin nə qədər dəyərli, qiymətli olduğunun göstəricisidir.
Azərbaycan adlı coğrafiyada müxtəlif dövrlərdə, müxtəlif sərhəd və adlar altında dövlət qurumları mövcud olsa da, müasir, sivil dəyərlərə malik və əhatə etdiyi coğrafiyanın adını daşıyan dövlət olmayıb. Yalnız çar imperiyasının dağılması və bu fürsətdən yararlanılması nəticəsində 1918-ci ildə, tarixdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti adlı dövlətin təməli qoyulub.
Bu tarixi gün, xalqımızın həyatına böyük və əlamətdar hadisə kimi daxil olub, şərqdə ilk demokratik dövlət quruluşu yaradılıb, bu gün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik şəraiti, təxminən bir əsr bundan əvvəl müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib. Çox qısa ömrünə - cəmi 23 ay yaşamasına - baxmayaraq bu Cümhuriyyət, böyük nailiyyətlər əldə edib, islam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi yaradılıb, milli, dini, məzhəbi, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar tanınıb. Bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququ verilib, qadın - kişi bərabərliyi təmin edilib, azərbaycan dili dövlət dili elan edilib, Milli Ordu, milli pul, Milli Bank, İlk Dövlət Universiteti, ilk Milli Kitabxana, İlk muzey, ilk Teatr Truppası təşkil edilib, üçrəngli bayrağımız təsis edilib, müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi üçün mühüm addımlar atılıb.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olub.
104 il əvvəlki müstəqil Azərbaycanın taleyinə uzunömürlülük yazılmayıbmış. Təəssüflər olsun ki, uzun həsrətdən sonra əldə edilmiş müstəqilliyin şərəfli ömrünə 701 gündən sonra son qoyulub, 28 may – Müstəqillik Günü, 28 aprel işğal günü ilə əvəz edilib.
104 il əvvəl əldə edilmiş müstəqilliyin qoruna bilməməsinin bir çox, tarixi, ictimai-siyasi, hərbi, iqtisadi və geosiyasi səbəbləri var. Ancaq mənim zənnimcə məğlubiyyətin ən mühüm səbəblərdən biri də bu prosesləri idarə edə bilən təcrübəli siyasətçilərin yoxluğu idi. İstiqlaliyyət ideyasının bütün müəlliflərinə ehtiramımı bildirməklə yanaşı, deməliyəm ki, bu vətənsevər insanların böyük siyasəti bilməməsi də acı sonluğun səbəblərindən biri olub.
104 il bundan öncə yaşanmış hadisənin nə qədər qürur verici, iftixar verici tərəfləri varsa, o qədər də dərs almalı tərəfləri var. Hər şeydən əvvəl ona görə ki, bir əsrdə 73 il intervalla baş vermiş bu iki – eyni xarakterli hadisə bizə bunu diqtə edir.
Hegel, deyir, “Tarixdəki bütün böyük hadisələr iki dəfə təkrar olunur, birinci dəfə faciə, ikinci dəfə isə komediya kimi”.
1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991- ci ildə baş vermiş hadisələr arasındakı müqayisə, bu şəxsin sözlərini təsdiq edir. 1918-ci ildəki Cümhuriyyət də xarici intervensiyanın, daxili çəkişmələrin, beynəlxalq himayəsizliyin və səriştəsiz rəhbərliyin qurbanı olmuşdu, 1991-ci ildə elan edilmiş müstəqillik də eyni səbəblərin qurbanı olmağa çox yaxın idi. Çünki müstəqilliyi elan etmiş rejim, bu addımdan cəmisi 7 ay əvvəl müstəqilliyin əleyhinə olan konkret addımlar atmış - Sovet İmperiyasının saxlanılması barədə saxta referendum keçirmiş və faktiki olaraq Moskvadan idarə edilən bir rejim idi. Təbii ki, belə bir rejimin qəbul etdiyi Müstəqillik aktı quru kağızdan artıq bir şey ola bilməzdi. Bu müstəqillik, yalnız millətin gerçək lideri – o müstəqillik aktının qəbul edilməsi üçün hələ 90-cı ildən etibarən real addımlar atan, Moskvada 20 yanvar hadisələrinə qətiyyətlə etiraz edən, uzun illər üzvü olduğu partiyanı tərk edən və bu partiyanın buraxılmasını tələb edən, SSRİ-nin saxlanması barədə referendumu Naxçıvanda boykot edən, üçrəngli bayrağımızın ilk dəfə dövlət rəmzi kimi Naxçıvanda qəbul edilməsinə nail olan şəxsin qayıdışından və qətiyyətli səylərindən sonra reallığa qovuşdu. Məhz Heydər Əliyevin qayıdışından sonra – Hegelin sözləri ilə desək – komediyaya bənzər müstəqillik real müstəqilliyə çevrildi. Məhz onun fəaliyyəti nəticəsində müstəqilliyə təhlükə yaradan həm daxili, həm də xarici amillər böyük ölçüdə aradan qaldırıldı. Ulu öndər Heydər Əliyevin qayıdışından başlayaraq müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bu günkü uğurları üçün etibarlı təməl olub, dövlətimiz, həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib və bu siyasət, Milli Liderimizin layiqli varisi tərəfindən də uğurla davam etdirilir.
Ümumilli Liderimiz deyirdi; “Tariximizin hər bir səhifəsi bizə əzizdir və bu tarix bizim üçün dərs olmalıdır”.
Əminəm ki, Ulu Öndərimizin fikirləri, bu günkü və gələcək nəsillər üçün yol xəritəsinə çevriləcək, babalarımızın və igidlərimizin qanı, canı bahasına əldə etdiyimiz müstəqilliyimiz əbədi, daimi və dönməz olacaq.
Mirsüleyman Mirxaslı,
YAP Cəlilabad rayon təşkilatının sədri