Azərbaycanın və Türkiyənin iqtisadi imkanları inkişaf etdikcə iki ölkə arasında münasibətlərin keyfiyyəti də dəyişir. Tərəflər arasında daha möhkəm əlaqələr yaratmaq üçün formatlar axtarılır. Siyasi və iqtisadi sahədə yeni reallıq ikitərəfli münasibətlərin institusionallaşmasına şərait yaradır.Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin genişlənməsi Türkiyənin bütövlükdə regiona geosiyasi baxışının formalaşmasına da böyük təsir göstərəcək. Türkiyə və Azərbaycan xarici işlər nazirləri diplomatik əlaqələrin 30 illiyini qeyd edərkən iki dövlət arasında möhkəm əlaqələri yüksək qiymətləndiriblər. Müstəqilliyimizi əldə etdikdən sonra Azərbaycanın xarici siyasəti Qərbə yönəldi, onunla münasibətləri Türkiyənin dövlət inkişaf modelini mənimsəməklə inkişaf etməli idi. Türkiyə parlamenti Azərbaycanla hərbi əməkdaşlıq haqqında Şuşa Bəyannaməsini ratifikasiya edib.
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın mütəmadi olaraq ölkəmizə səfər etməsi və dövlət əhəmiyyətli mühüm tədbirlərdə iştirak etməsi heç də təsadüfi bir xarakter kəsb etmir. Bu iki qardaş dövlətin bir-birinə bağlılığının ən mühüm təzahürüdür. 2021-ci ilin 26 oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rayonun inzibati mərkəzi, əvvəllər ermənilərin nəzarətində olan, bu gün isə Azərbaycanın “Qarabağa hava qapıları” elan etdiyi Füzulidə beynəlxalq hava limanının açılışı olub. Hava limanı qısa bir müddətdə tikildi və 2021-ci il sentyabrın 6-da Bakıdan ilk reysləri qəbul etdi. Obyektin tikintisinə 12 türk şirkəti cəlb olundu.
12 noyabr 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbul sammitində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevi türk dünyasının ən ali ordeni ilə təltif etdi. Müasir dövrdə Türkiyə-Azərbaycan strateji əlaqəsinin möhkəmlənməsi göz qabağındadır. Ankaranın İkinci Qarabağ müharibəsinə misli görünməmiş hərbi-siyasi dəstəyi Türkiyənin Zaqafqaziyadakı mövqelərini kəskin şəkildə gücləndirdi.
Türkiyə və Azərbaycanı güclü etnik, mədəni və tarixi bağlar bağlayır və özlərini “bir millət - iki dövlət” adlandırırlar. Türkiyə 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub və o vaxtdan iki ölkə arasında güclü iqtisadi, siyasi və hərbi əlaqələr qurulub. 2002-2019-cu illərdə Azərbaycanın Türkiyəyə qoyduğu ümumi sərmayə 19,5 milyard ABŞ dolları təşkil edib, eyni dövrdə Türkiyənin Azərbaycana qoyduğu investisiya isə 11 milyard dollara çatıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə ən böyük xarici investordur. Üstəlik, Azərbaycanın ən mühüm qaz kəmərləri Türkiyədən keçir. 19 oktyabr 2018-ci il tarixində Türkiyənin İzmir şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin SOCAR-ın 10 milyon ton neft, dizel yanacağı, təyyarə yanacağı, mayeləşdirilmiş neft qazı və digər neft məhsulları istehsal gücünə malik STAR neft emalı zavodunun açılışı olub.
2020-ci ildə Ankara ilə Bakı arasında əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Təkcə 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 123 milyon dollara, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çox silah alıb. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasında Ankaranın yardımı mühüm rol oynadı.
Aerokosmik Texnologiya Festivalı TEKNOFEST 2018-ci ildən etibarən hər il (indiyə qədər 4 dəfə) Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiyə Texnologiya Komandası” – T3 Fondu tərəfindən keçirilir. Türkiyədən kənarda ilk TEKNOFEST bu il mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalında və ona bitişik Dənizkənarı Bulvarın ərazisində keçirildi. Ümumilikdə dörd gün davam edəcək festivalda 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirak etdi.
Mərasimdə çıxış edən Səlçuk Bayraktar qeyd edib ki, “Bakıda gördüklərimdən sonra əminəm ki, Milli Texnologiya Hərəkatı Azərbaycan gəncliyinin ən mühüm hədəflərindən biri olacaq. İnanıram ki, gənc qardaşlarım Türk dünyasının tam müstəqil və azad olması və firavan həyat qurması üçün yüksək texnologiyalı inkişaf işlərinin sürətini azaltmadan davam etdirəcəklər. Bu gündən sonra TEKNOFEST səfərbərliyi Azərbaycanın hər bölgəsinə və bütün şəhərlərinə yayılaraq həyatımıza müsbət məna qatacaq”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərini dünyanın digər ölkələri üçün nümunə adlandırıb. 2021-ci il üçün iki ölkə arasındakı ticarət dövriyyəsi 4,66 milyard dollar, o cümlədən, Azərbaycanın Türkiyəyə ixracı 2,885 milyard dollar (ümumi ixracın 12.69 %-i), Azərbaycanın Türkiyədən idxalı 1, 884 dollar (ümumi idxalın 15.75 %-i) təşkil etmişdir. Tərəflər arasında müxtəlif sahələr üzrə 256 sənəd imzalanıbdır. Göründüyü kimi Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələri bu gün də davam edir və inkişaf edir. Hər iki dövlət dostluq münasibətlərini qoruyub saxlamaq və inkişaf etdirməkdə davam edir və bundan sonra da davam edəcək. Regionda baş verən hadisələrlə bağlı mütəmadi olaraq danışıqlar aparılır.
Tural Qasımlı,
YAP Şamaxı rayon təşkilatının sədri