Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il 2 oktyabr tarixində yaradılıb.
1996-cı ilin avqust ayında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyul ayında isə Özbəkistanın ölkəmizdə səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında dostluq əlaqələri ümumi dəyərlər və tarixi bağlılıqla yanaşı, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Əməkdaşlığın inkişafı üzrə Tədbirlər Planının həyata keçirilməsi ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə böyük töhfə verir.
İyunun 21-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, bu ölkənin başçısı Şavkat Mirziyoyevlə görüş, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. İki ölkə və xalqlar uzun zamandır münasibətlərin dərinləşməsini istəyirdilər, nəhayət bu gerçəkləşdi və liderlərin siyasi iradəsi prosesin bu yöndə davam edəcəyinə əminliyi artırır. Bu səfər 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşür.
Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı 19 sənəd imzalanıb. Səfərin gündəliyinə iki ölkənin strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Səfər zamanı keçirilən görüşlərdə iki dövlətin liderləri qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetiriblər.
Belə ki, səfər çərçivəsində prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Dövlət başçıları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni imzalayıblar.
Bu siyasi Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıq xüsusilə qeyd olunmalıdır. Bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Buna görə də razılaşmada əldə olunmuş bütün məsələlər uğurla yerinə yetiriləcək. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, həmçinin təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək addımlarımızı planlaşdıracağıq. Təbii ki, həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir. Bu məsələlərlə bağlı qarşılıqlı dəstək olacaq. Çünki, bundan ötrü siyasi iradə mövcuddur.
Bu gün 68 minə yaxın azərbaycanlı Özbəkistanın həyatında fəal iştirak edir. Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub. Əminik ki, azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri