Bu suala cavab tapmaq üçün 1993-cü ilin iyun hadisələrini, AXC-Müsavat iqtidarı dövründə baş verən xəyanətləri bir daha xatırlamaq lazım gəlir
Ataların «Südlə gələn sümüklə çıxar» məsəli AXCP sədri Əli Kərimlinin boyuna biçilib. Özünü ana müxalifətin əsas siması kimi təsəvvür edən bu siyasətbazın «komsomol» kimi tanındığı günlərdən indiyədək əsas işi, peşəsi ara qarışdırıb, ortadan çıxmaq olub. İqtidarda olduqları günlərdə belə idi, indi də radikal düşərgə mənsublarının etiraf etdikləri kimi, katolizator rolunu davam etdirməkdədir.
Azərbaycanın dövlət müstəqilliyinin təhlükə altında qaldığı 1993-cü ildə baş verən iyun hadisələri müasir tariximizdə xalqımızın yaşadığı ən ağır dövrlərdəndir. Gəncədə baş verən qiyamdan qorxan o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səbatsızları xalqın taleyini deyil, şəxsi maraqlarını düşünərək ölkəni bərbad hala saldılar. Hərəsi bir dövlətin agenti olan AXC-Müsavatın başbilənləri Vətənə xəyanətlərinə görə , onları gözləyən aqibəti əvvəlcədən bildikləri üçün ölkə sənayesini iflic vəziyyətinə salıb, özlərinin maliyyə imkanlarını təmin etdilər. Gücləri, səlahiyyətləri çatdığı yerlərdə gördükləri qiymətli nə varsa xarici ölkələrə satdılar. Azərbaycanın üzləşdiyi sosial-iqtisadi böhrandan narahat olan, sabaha ümidini itirmiş, « hakim təbəqənin» yarıtmaz fəaliyyətindən təngə gələn xalq gələcək taleyi üçün hesab sormağa ağıllı-başlı bir rəhbər tapa bilmirdi. Gəncədə korpus komandiri Surət Hüseynovun Bakıya yolladığı xəbərdarlıqdan qorxuya düşən başda sabiq Prezident Əbülfəz Elçibəy olmaqla «cəbhə iqtidarı» Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevdən kömək, dəstək istədilər. Xalqın Ulu Öndərə olan etimadından qorxan iqtidarda məsul vəzifə tutan Əli Kərimli, İsa Qəmbər, Pənah Hüseynov və başqaları müxtəlif şayiələr yayırdılar ki, «keçmiş kommunist», Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev hakimiyyətə qayıtsa vaxtilə ona qarşı ədalətsiz davrananlara qarşı amansız olacaq.
Amma zamanın hökmünü, xalq istəyini dəyişmək imkanından məhrum olan səbatsızların şayiələrə özlərindən başqa inanan tapılmadı. Xalqın tələbi ilə Bakıya qayıdan, yekdilliklə respublikanın Ali Sovetinin Sədri seçilən, xilaskarlıq missiyasını layiqincə yerinə yetirəcəyini bildirən Heydər Əliyev Azərbaycanın üzləşdiyi belə çətin məqamda milli birlik naminə qısqanclıq hisslərini kənara qoymağı iqtidarsızlara məsləhət gördü: «Bəzi dairələrdə mənim haqqımda belə söhbətlər gedir ki, Heydər Əliyev əgər yenidən Azərbaycanda bir vəzifəyə gələrsə, kimdənsə qısas alacaq. Kimsə onun əleyhinə vaxtilə olub, yaxud kimsə ona pis münasibət göstərib, ona qarşı pis münasibət göstərəcək. Mən sizin qarşınızda tam məsuliyyətlə deyirəm və bütün Azərbaycan xalqına elan edirəm ki, ümumiyyətlə, mənim təbiətimdə qisasçılıq hissiyyatı yoxdur. Bunu sadəcə olaraq ayrı-ayrı adamlar süni surətdə yaradıblar və görsənir ki, bir mənə ləkə vurmaq üçün yox, ümumiyyətlə, bizi parçalamaq üçün. Sizə söz verirəm ki, heç vaxt qisasçılıq hissiyyatına qapılmayacağam. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam. Mən özümü o hisslərin səviyyəsinə heç vaxt salmamışam və salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə bir vəzifəyə gəldim. Yox. Mən sadəcə bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət aparmaq, qisas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və istəməyəcəyəm. Ancaq vəzifə çərçivəsində, şübhəsiz ki, biz hamımız nizam -intizama tabe olmalıyıq, biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolla şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm.»
Ulu Öndər üstəlik onu da diqqətə çatdırdı ki, mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət eləyiblər, məndən dəfələrlə İsa Qəmbər, Pənah Hüseynov və Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim burda bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim. Neçə gündür ki, mənimlə danışıqlar gedir. Mən bu vəzifələrdən imtina etmişəm. Bu gün də imtina edirəm. «Ona görə də mən hiddətlənirəm ki, bəzi adamlar, on gündür ki, Azərbaycan bərbad vəziyyətdədir, barmaq-barmağa vurmayıblar, Azərbaycandan kənarda gəzirlər, kabinetlərdə cürbəcür işlərlə məşğul olurlar, indi də başlayıblar işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir. Mən heç bir kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm. 1991-ci ilin fevral ayında bu salonda, bu tribunadan çıxış edərkən demişdim. Mən Azərbaycana xalqımla bir yerdə olmaq və xalqımı bu ağır günündə ona kömək olmaq üçün respublikaya qayıtmışam. Onda məni qəbul etmədilər. Ondan sonra da dəfələrlə demişəm. Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm. Bu gün də deyirəm. Bu dəqiqə burdan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən zalda oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni hiddətləndirir. Mən heç kəsə heç bir qarantiya vermirəm, mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün, vətəndaş kimi, Ali Sovetin deputatı kimi, Ali Sovetin sədrinin müavini kimi, əgər etimad göstərsəniz, baxmayaraq ki, mən bunu istəmirəm, Ali Sovetin Sədri kimi fəaliyyət göstərməyə hazıram. Mən bu yola ancaq xalqın ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün gedirəm, başqa məqsədim yoxdur.» Bu sözlər hələ o illərdə həqiqətə qara pərdə arxasından baxan Əli Kərimli başda olmaqla cəbhəçilərin ümumi xarakterinin bu günə qədər davam edən çirkinliklərindən bir nümunədir.
Bu tarixi faktları sadalamaqda məqsəd iqtidarda olduqları zaman şəxsi maraqlarını ölkənin mənafeyindən üstün tutanlara, bu gün Vətənə dönük çıxan, adlarını demokrat qoyub antidemokratik yolla xəyanətlərini davam etdirən AXCP sədri Əli Kərimli kimi digərlərinə də xalqa vurduqları ziyanları xatırlatmaqdır.
Sabiq Prezident Əbülfəz Elçibəy Bakını tərk edərək Kələkiyə döndükdən sonra qırıq qoşun kimi pərən-pərən düşüb sığınacaq axtaran AXC-Müsvat tör-töküntüləri hərəsi bir bəhanə ilə istefa verdilər. 24 iyun 1993-cü ildə Azərbaycana rəhbərlik səlahiyyətlərinin Ali Sovetin Sədri Heydər Əliyevə verildikdən sonra qısqanclıqdan başlarını itirən AXC-Müsavat hakimiyyətinin səbatsızları daha da hiddətlənərək küncdə-bucaqda təxribatlar apararaq xəyanətlərinin ört-basdır etməklə özlərinə haqq qazandırmağa çalışırdılar.
İqtidarda olduqları qısa müddətdə Azərbaycanı iqtisadi böhran , dağılmaq həddinə çatdıran AXC-Müsavat iqtidarının «məsulları» müxtəlif dəstələrə bölünsələr də ümum adları «cəbhəçilər» olan və eyni zamanda adlarına uyğun müxtəlif cəbhələrə xidmət edənlər xəyanətlərini davam etdirdilər. 1992-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə fiziki zərər vermək üçün muxtar respublikaya qiyamçı dəstələr göndərən AXC-Müsavat hakimiyyətinin sabiqləri niyyətlərini 1994-1995-ci illərdə törədilən dövlət çevrilişinə cəhd təxribatları ilə davam etdirdilər. Amma həmişə Ulu Öndərin ətrafında sıx birləşən, sayı milyonlarla ölçülən xalq yenə də xilaskarının ətrafında sıx birləşərək səbatsızlara tarixi dərs verdi.
O günlərdən sonra Azərbaycanı demokratiya, dünya birliyinə inteqrasiya yolu ilə inkişaf etdirən Ulu Öndər ölkəmizin beynəlxalq birliyin ən layiqli üzvü olması üçün bütün imkanlardan istifadə etdi. Azərbaycanı qonşu respublikalardan ayrı salan AXC-Müsavat cütlüyünün əksinə olaraq qonşu respublikalarla, türk birliyində təmsil olunan müsəlman ölkələri ilə əlaqələr yaratdı. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi naminə qətiyyət göstərərək müdrik siyasət yeritdi. Dünyada Azərbaycan adlı bir dövlətin varlığını xilaskarlıq missiyası ilə möhürlədi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin daha geniş miqyasda həyata keçirdiyi islahatlar ölkəmizi bütün səviyyələrdə söz sahibi olan qüdrətli dövlətə çevirdi. Ata-oğul şəcərəsinin xalqımıza bəxş etdiyi töhfə bu gün adı ilə qürür duyduğumuz müstəqil, qüdrətli, Ermənistan üzərində tarixi Zəfər çalan Azərbaycandır.
İllərdən bəri Azərbaycan əleyhinə aparılan təxribat kampaniyalarının önündə gedən AXCP sədri Əli Kərimli himayəsində olan şər yuvası «Milli Şura» ilə birləşərək yenə də xəyanətlərini, ermənipərəst xislətini davam etdirir. mövqeyini bildirir. Bütün dünyanın heyrətlə izlədiyi, əvvəllər ölkəmizə qarşı düşmən mövqeyində dayanan düşmənlərimizin belə Azərbaycanın öz gücünə qazandığı haqqı, ədaləti etiraf etdikləri bu günlərdə belə formalaşdırdığı agent şəbəkəsindən istifadə edərək ölkəmizə qarşı «qara piar» kampaniyası aparır. Azsaylı tərəfdarlarını təlimatlandıraraq küçələrə tökməklə nəyəsə nail olacağını düşünən Əli Kərimlinin hansı ağılla iddialarına inandığını başa düşmək üçün gərək elə AXCP sədrinin səviyyəsində, yəni xain olasan. «Komsomol» kimi özünü doğrultmayan, özü üçün ustad adlandırdığı Əbülfəz Elçibəyin qurduğu AXC-ni dağıdan, tarixi rəqibi hesab etdiyi keçmiş başqan İsa Qəmbərə tor quran, xəyanətlərinə görə ətrafındakıları itirib «bir həsir , bir Məmmədnəsir qalan» Əli Kərimlinin xəyanətləri saymaqla bitməyən labirintə oxşayır. Amma bir məsələ aydındır ki, sərsəm xəyallarının reallaşacağını güman edən Əli Kərimli istəklərinin yuxu olduğuna inanmalı, ya da südün sümüyə dönəcəyi günü unutmamalıdır.
Xuraman İsmayılqızı, «İki sahil»