24 iyun 2022 23:00
829

Müzəffər xalqın rəşadətli ordusu

Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun nəğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Burada maraqlı məqamlardan biri ondan ibarətdir ki, Ermənistanın müdafiə naziri David Tonoyan ölkəsinin imzaladığı bəyanatı xəyanət kimi qiymətləndirənlərə cavab verərək deyib: “Biz çox böyük bir qüvvəyə – super silahlı Azərbaycan Ordusuna qarşı vuruşduq. Məndən “bəs siz niyə silahlanmadınız?”,– deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”. Bəli, necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Düşmən ölkənin müdafiə nazirinin dediyi kimi, Azərbaycan Ordusunun kəmiyyət və resurslar baxımından güclü, əsgər və zabitlərimizin isə yüksək peşəkarlığı, mübarizə əzmi işğalçının geri çəkilməsinə, döyüşdə təslim olmasına gətirib çıxardı. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın ermənilərdən təmizlənməsi əməliyyatı da, şübhəsiz ki, Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazılacaq. Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir. Məhz elə buna görə də Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması da bunun bariz ifadəsidir.

Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri