25 iyun 2022 19:06
902

General-polkovnik: Yerli hərbi sənayemizin innovasiyaları böyük marağa səbəb olur

“ADEX” sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə yanaşı iştirak edən yerli şirkətlərin də sayı artıb, yerli hərbi sənayemizin innovasiyaları böyük marağa səbəb olur. Yaxın perspektivdə bu siyahıya yeni istehsalçıların da qoşulacağı şübhəsizdir. Bu gün həm də regional əhəmiyyətli müdafiə sənayesi platforması olan “ADEX” platformasından region ölkələri də yararlana bilər”.

“İki sahil” xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri qeyd edib ki, “ADEX” kimi bir sərginin Azərbaycanda təşkil olunması müdafiə sənayemizin öz potensialını daha yaxından tanıtmasına şərait yaradır:

“Beynəlxalq “ADEX” hərbi sərgisi regionda müdafiə sənayesi və daxili təhlükəsizliyə həsr olunmuş ən nəhəng tədbirdir və iştirakçılara həm Azərbaycanın hərbi rəhbərliyi, həm də qlobal hərbi-müdafiə ictimaiyyəti ilə görüşlər keçirmək üçün unikal imkan yaradır. O cümlədən, “ADEX” sərgisi dəniz, hava və quru qoşunları üçün nəzərdə tutulmuş məhsulların, eləcə də milli təhlükəsizlik məhsullarının təqdim edilməsi üçün ideal platformadır. Həmçinin “ADEX” sərgisi sektorun iştirakçıları, ziyarətçiləri və ekspertləri arasında təcrübə mübadiləsinə, o cümlədən məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə də geniş şərait yaradır”.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “ADEX” sərgisini ənənəvi olaraq ziyrəti dövlət rəhbərliyinin bu sərgiyə göstərdiyi yüksək diqqətin təzahürüdür. Sərgi dünyanın bir sıra qabaqcıl dövlətlərinin nüfuzlu şirkət, təşkilat, qurum və nümayəndə heyətlərini bir araya gətirməklə respublikamızın və xarici ölkələrin güc strukturlarına ən müasir hərbi texnologiyaların, geniş çeşiddə silah və sursatların, o cümlədən bu sahədə bir sıra yeniliklərin təqdim edilməsində mühüm rol oynayır. Bu sərgidə iştirak edən ölkələrin sayının getdikcə artması onun bir çox dövlətin hərbi-sənaye müəssisələrinin diqqətini cəlb edən tədbir olduğunu təsdiq edir. Xarici ölkələrin dövlət qurumları, biznes dairələri və sənaye strukturları tərəfindən sərgiyə göstərilən böyük maraq bu tədbirin aktuallığının və əhəmiyyətinin bariz nümunəsi olmaqla yanaşı, Azərbaycanın dost və qardaş ölkələr üçün mühüm strateji tərəfdaş kimi yüksək əhəmiyyətini bir daha nümayiş etdirir. Bütü bu kimi amillər isə əlbəttə ki, Azərbaycanın hərbi sənayesinin inkişafına, tərəqqisinə öz töhfələrini verməkdədir”, - M.Əliyev qeyd edib.