28 iyun 2022 23:00
1085

Tək ayaq üstə dayana bilməmək nəyə işarə edir?

Balans saxlamaq qabiliyyəti ümumi sağlamlıqla əlaqələndirilir.

İnsan həyatının son onillikləri onun orqanizminin funksiyalarının tədricən sönməsi dövrüdür. Əzələlər zəifləyir, fiziki hazırlıq azalır və beyin artıq informasiyanı tez emal etməyi bacarmır.

Sözün əsl mənasında boşaldılan ilk fiziki bacarıqlardan biri tarazlıqdır.

60 yaşına yaxınlaşan insanlar getdikdə daha az inamla yeriyir, səndələməyə başlayırlar. Balansı saxlamaq getdikcə çətinləşir.

Dünya miqyasında yıxılma ilə bağlı zədələnmələrin əsas səbəbi olduğu üçün tarazlıq həyati bir funksiyadır.

“Bu gün yaşlıların adi müayinələri zamanı bu bacarığın yoxlanmasına az diqqət yetirilir”,-deyə bununla bağlı yeni tədqiqatın müəllifləri bildiriblər.

Beynəlxalq tədqiqatçılar qrupu tarazlığı qorumaq qabiliyyətinin xəstəlik və ölüm riskinin göstəricisi ola biləcəyini aşkar edərək bu problemə diqqət çəkiblər. 1700-dən çox insanı əhatə edən araşdırma nəticəsində kifayət qədər üsulla aparılan sınaqlarda sadə 10 saniyəlik tarazlıq testindən keçə bilməyənlər arasında qeyri-mütənasib yüksək ölüm göstəricisi tapılıb.

Müəlliflər belə bir müayinənin orta yaşdan başlayaraq müntəzəm sağlamlıq yoxlamalarının bir hissəsi olmasını təklif edirlər.

Alimlər könüllülərin bədən çəkisi, dəri qatlanmalarının qalınlığı (dərialtı piylərin yığılmasını göstərir), bel ətrafı və xəstəlik tarixi kimi göstəricilərini təhlil ediblər. Bundan sonra, hər bir iştirakçı 10 saniyə bir ayaq üzərində dayanmalı, ayağını sərbəst dizinə qoymalı və qollarını bədən boyunca yanlara uzatmalı olub.

Hər bir şəxs hər iki ayağını istinad olaraq istifadə edərək bu testi üç dəfə keçirə bilər. Yeri gəlmişkən, 348 sınaq iştirakçısı, yəni təxminən hər beş nəfərdən biri sınaqdan keçə bilməyib.

Təəccüblü deyil ki, insan yaşla bu vəzifənin öhdəsindən gəlmək getdikcə çətinləşir.

Daha sonra elm adamları sınaq iştirakçılarını orta hesabla yeddi il izləməyə davam ediblər. Bu, onlara tarazlıq hissi ilə ölüm arasında bəzi əlaqələri müəyyən etməyə imkan verib.

123 iştirakçı bu müddət ərzində xərçəng, ürək-damar xəstəlikləri, tənəffüs xəstəlikləri və COVID-19-un ağırlaşmaları da daxil olmaqla bir sıra səbəblərdən dünyasını dəyişib.

Alimlər balans testinin nəticələri ilə ölüm səbəbləri arasında birbaşa əlaqə tapmayıblar. Lakin 10 saniyə ərzində bir ayaq üstə dayana bilməyənlər arasında ölüm nisbəti digərlərindən xeyli yüksək olub.

Alimlər onu da xüsusi vurğulayıblar ki, bu tədqiqat iştirakçılarının fiziki aktivliyi, pəhrizi və siqaret çəkməsi ilə bağlı məlumatlar sınaqlar zamanı nəzərə alınmayıb.

Bundan əlavə, bir ayaq üzərində dayanma qabiliyyəti fiziki məşqlər və yoqa kimi müxtəlif istiqamətlərdə təlimlər vasitəsilə kifayət qədər uğurla inkişaf etdirilə bilər.

Bütün bu və digər amilləri əhatə edən daha geniş əlavə tədqiqatlar olmadan tarazlıq hissi, onu saxlamaq qabiliyyəti və ölüm riski arasındakı əlaqə haqqında qəti nəticə çıxarmaq mümkün deyil. Tədqiqatçılar digər müəllifləri də elmi araşdırmalara qoşulmağa dəvət edirlər.

Bir sıra yeni tədqiqatlar elm adamları tərəfindən tapılan əlaqəni təsdiqləyirsə, balans testi xəstənin ümumi sağlamlıq vəziyyətini təyin etmək üçün yeni, hətta tamamilə sadə, qeyri-invaziv bir vasitə ola bilər.

Tədqiqat “British Journal of Sports Medicine” jurnalında dərc olunub.

Nubar Süleymanova, “İki sahil”