26 iyul 2022 19:23
1418

Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır

Dil hər bir millətin maddi-mənəvi irsini qoruyan,inkişaf etdirən ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ana dilimizin nüfuzunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparırdı.Məhz bu baxımdan Ulu Öndər 2001-ci il avqust ayının 1-də imzaladığı fərmanla Azərbaycan əlifbasına keçidin ölkəmizdə yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə almışdır.

Ümummilli liderin ideyalarını bu gün layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamlarına əsasən latın qrafikalı Azərbaycan əlifbası ilə dərsliklər, elmi əsərlər, lüğətlər və bədii ədəbiyyatlar çap olunaraq ölkə kitabxanalarına paylanılmışdır.

Hal-hazırda Azərbaycan dilinin inkişafı və qorunması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir.Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq, istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə dilimizin zənginliyi şagirdlərimizə təbliğ edilir və daim maarifləndirici söhbətləri aparılır.

Ana dilimiz əsrlərin qan yaddaşı, daş hafizəsidir. Heç bir dilin təsirində əriməyən, şirinliyini, axıcılığını, anlaşıqlılığını itirməyən, illər, əsrlər keçdikcə daha da cilalaşan və öz layiqli qiymətini alan dildir. Hər birimiz daim bu dilin saflığının qorunmasının qayğısına qalmalıyıq!

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi