30 iyul 2022 12:39
1409

Deputat Şahlıq kəndində seçicilərlə görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 28 iyul 2022-ci il tarixində Ucar rayon Şahlıq kənd Tibb məntəqəsinin həyətində Əlikənd, Ramal, Şahlıq və Qazıqumlaq kəndlərindən olan seçiciləri qəbul edib.

“İki sahil” xəbər verir ki, görüşdə vətəndaşlar tərəfindən kənd və mərkəzi yollarının asfaltlanması, elektrik dirəklərinin kabelləşmə ilə əvəz olunması, içməli su xətlərinin kəndin bütün ərazisinə çəkilməsi, suvarma suyu problemi, artizan quyusunun qazılması, uşaq bağçasının tikilməsi, kənd ərazilərində meliorativ tədbirlərin aparılmaması, suvarma sisteminin təkmilləşdirilməsi, işsizlik, imtina verilən pensiyaların bərpası, əlilliyin təyini, sosial müavinət, müalicə ilə bağlı müraciətlər və şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub.

Uzun illərdi Şahlıq kəndində olan qaz probleminin dövlət tərəfindən həllini kənd sakinləri çox diqqətlə qarşılayıb. Kənd sakinləri qaz probleminin həlli ilə bağlı təşəkkürlərini cənab Prezidentə və dövlət qurumlarına çatdırmağı millət vəkili Ramil Həsənə bildiriblər.

Seçicilərin hər birinin arzu və istəkləri, qaldırmış olduqları problemlər, eyni zamanda vətəndaşların, Şəhid ailələrinin və qazilərin hər birinin təklif və tələbi Millət Vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib.

Onu da qeyd edək ki, vətəndaşlarla görüşün sonunda bir qrup Yeni Azərbaycan Partiyası üzvlərinə Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva və millət vəkili Ramil Həsən tərəfindən partiya vəsiqələri təqdim olunub.