31 iyul 2022 14:17
1485

Elm və Təhsil Nazirliyinin yaranması Azərbaycanda elmi tədqiqatlara dünyəvi yanaşmaların təmin edilməsini sürətləndirəcək

Müstəqilliyimizin bərpasından sonra Azərbaycanda genişmiqyaslı islahatların aparılması mövzusu həmişə diskussiyalara məruz qalmışdır. Bu da təbii xarakter daşıyır, belə ki, müxtəlif strateji sahələrin milli maraqlar çərçivəsində inkişaf etdirilməsi dərin islahatlar tələb edir. Analoji islahatların keçirilməsi kifayət qədər mürəkkəb məsələlərdir və nəzərə alaq ki, təhsil sahəsində aparılan islahatlar üzrə ictimai və elmi fikir heç də birmənalı deyildir. Hesab edirik ki, bunlar təbii və qanunauyğun proseslərdir, ildən-ilə demokratik dəyərləri zənginləşdirən və iqtisadi gücünü artıran ölkəmiz daha optimal təhsil sisteminə yiyələnməyə israrlıdır və bunun üçün axtarışlar gedir, islahatlar aparılır.

Amma, dünya təcrübəsində təhsillə elmin vəhdətinə və sintezinə daha çox önəm verilir. Şübhəsiz təhsil sisteminin bir nömrəli vəzifəsi hazır bilikləri öyrətmək və onun mənimsənilməsini təmin etməkdir. Elm sahəsi isə yeni ideyaları formalaşdırmaq, araşdırmalar aparmaq, ixtiralar və kəşflər etmək, bir sözlə fundamental olaraq öyrənməkdən ibarətdir. Beynəlxalq səviyyədə və dünya reytinqlərində ilk yüzlüklərdə yerləşən universitetlərdə bu problemlərin həlli istiqamətində önəmli addımlar atılmışdır. Təhsillə yanaşı, elmi-tədqiqat işləri strateji olaraq baxılır və əsas fəaliyyət sahələri kimi qiymətləndirilir. Nəticədə ali təhsil müəssisələrinin alim və tədqiqatçıları tədrislə bərabər, həm də elmi-tədqiqatların fəal iştirakçılarına çevrilirlər. Təsadüfi deyildir ki, dünyada önəmli elmi nəticələrin, kəşflərin və ixtiraların əsas hissəsi məhz universitetlərdə mümkün olmuşdur.

Azərbaycan müstəqil dövlət kimi, həm də regionun lider ölkəsi statusunda dünyanın bir parçasıdır və son illərdə ölkəmizin rəqabət qabiliyyəti, beynəlxalq imici daim yüksəlməkdədir. Məhz belə bir şəraitdə ölkəmizdə elm və təhsil sahəsində köklü islahatların aparılması, elm-təhsil inteqrasiyasının dərinləşdirilməsi sayəsində Azərbaycan özünün intellektual resurslarından daha səmərəli və məhsuldar istifadə etməyə nail olacaqdır.

Ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilin məzmununun yenilənməsi və onun keyfiyyətinin təminat sisteminin yaradılması, ümumi təhsildə nəticəyönlü idarəetmə və maliyyələşmə sisteminin qurulması, təmayüllərin və inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi hədəfləri qarşıya qoyulmuşdur. Bunlarla bərabər, əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin tətbiq olunması, gəlirindən asılı olmayaraq bütün ailələrin övladlarının ali təhsilə əlçatanlığının təmin edilməsi nəzərdə tutulmuşdur.

Strategiyada elmin müxtəlif sahələri üzrə tədqiqatların genişləndirilməsi, kreativ düşünəcli gənclərin elmə cəlb olunması, elm sahəsində rəqabətli maliyyə mexanizminin yaradılması və təhsilin bütün səviyyələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi, rəqəmsal biliklərin dərinləşdirilməsi başlıca vəzifələrdəndir. Digər mühüm hədəflərdən biri də elmi-tədqiqat işlərinin kommersiyalaşdırılmasına ciddi dəstəyin verilməsi və innovativ inkişafın prioritetliyinin təmin edilməsidir. Startaplar və investorlar üçün adekvat fiskal imtiyazlar sisteminin hazırlanması və tətbiqi gözlənilir. “Abşeron vadisi” innovasiya klasterinin yaradılması isə iqtisadiyyatın perspektivli sahələrində innovasiyaların işlənməsini və tətbiqini intensivləşdirəcəkdir.

Yaxın perspektivdə ölkəmizdə ümumi təhsil sistemində təhsilin keyfiyyətinin artırılması, 2026-cı ilədək ali təhsil müəssisələrinə qəbul olunanların sayının hər il hazırkı 54 min nəfərdən 75 min nəfərə çatdırılması, beynəlxalq ikili diplom proqramlarının əhatəsinin genişləndirilməsi, ölkədə tədqiqat potensialı yüksək olan iki universitetin bazasında iki tədqiqat universitetinin yaradılması, elmi-tədqiqat işlərinə ayrılan xərclərin ölkə ÜDM-də xüsusi çəkisinin dünya üzrə orta səviyyəyə çatdırılması hədəflərinin reallaşdırılması gözlənilir.

Fikrimizcə, bu mühüm tədbirlərin həyata keçirilməsində və hədəflərə çatmaqda ölkə Prezidentinin 28 iyul 2022-ci il tarixli fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi maksimum səmərəli fəaliyyəti təmin edəcəkdir. Belə ki, Nazirliyin yanında iki mühüm dövlət agentliyi – Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılmışdır. Bu cür ixtisaslaşmış mərkəzi idarəetmə strukturlarının daha çevik və məhsuldar fəaliyyət göstərəcəyini proqnozlaşdırmaq mümkündür.

Müasir qlobal transformasiyalar şəraitində və qlobal təhdidlərin artdığı bir dövrdə ölkəmizdə elm və təhsil sahəsində aparılacaq islahatlar milli təhsil sistemimizi və elm sahəmizi gücləndirməklə bərabər, həm də elmi – tədqiqat işlərinin intensivləşməsinə ciddi təkan verəcəkdir. Əminliklə qeyd edə bilərik ki, Elm və Təhsil Nazirliyinin yaranması Azərbaycanda elmi tədqiqatlara dünyəvi yanaşmaların təmin edilməsini sürətləndirəcəkdir.

Şəfa Əliyev,
​UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, 
Sumqayıt Dövlət Universitetinin professoru