02 avqust 2022 08:09
2137

Ağalı sakini: Atamın Zəngilandan çıxdığı yaşda mən geri qayıtdım FOTO/VİDEO

Ağalıya köçəndən sonra anladım ki, biz Bakıda tam yaşamırmışıq

Qarabağa Böyük Qayıdış Zəngilandan başladı. Xatırladaq ki, iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Ağalıya ilk qayıdanlardan biri ilə həmsöhbət olduq.

Zəngilanın Ağalı kəndinin sakini Gülüş Səmədli “İki sahil”ə müsahibə verib:

- Ata-baba torpaqlarında özünüzü necə hiss edirsiniz? Zəngilan sevincini necə yaşayırsınız?

- Həmişə deyirdim ki, Bakıda daha yaxşıyam. Amma bura qayıdandan sonra fərqinə vardım ki, biz Bakıda tam yaşamırmışıq. Bura gələndən sonra həyatımızda tamamilə yeni mərhələ başlayıb. Hər şey çox yaxşıdı. Ta müharibə dövründən biz Ali Baş Komandanın Zəngilanın işğaldan azad edilməsi xəbərini elan etməsini səbirsizliklə gözləyirdik. Gözlədiyimiz xəbərin elan olunduğu günün bizdə kadrları var. O gün keçirdiyimiz hisləri ifadə etmək qeyri-mümkündür.

Bu yaxınlarda Bakıya qayıtmışdım. İşıqlar söndü internet kəsildi. Dedim haradasan, ay Ağalı? Bizim kənddə işıq söndükdən sonra saniyə keçmir ki, yenidən yanır

- Gülüş, torpaqlarınızla bağlı sizə danışılanları necə xatırlayırsınız?

- Mən o torpaqlarda doğulub boya-başa çatmasam da, lakin Zəngilan mənim uşaqlıq nağıllarım olub. Babamız hər axşam nəvələrini başına yığıb Zəngilandan danışardı. 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu. Mənim Zəngilana səfərim də elə o vaxt oldu. Təəccüblənirdim... Çünki mən burada heç vaxt olmamışam, amma kimin evi haradadır, məktəb, Knyaz dayının mağazası haradadır, bunları əyani olaraq görürdüm. Çünki o yerləri qiyabi olaraq bilirdim. Əslində uşaqlara Vətən sevgisi uşaqlıqdan tərbiyə olunmalıdır. Təlim-tərbiyə ilə yanaşı Vətən sevgisi onlara aşılanmalıdır. Bizim evdə mütləq hər axşam tarixdən, Zəngilandan danışılardı.  Rəhmətlik babam deyirdi ki, uşaqlar gün gələcək siz o torpaqlara qayıdacaqsınız. Biz cismən oar getməsək də ruhən orada olacağıq. Həqiqətən onun dediyi anları yaşayırıq. Allah ölənlərimizə rəhmət eləsin. Biz gənclər gəldik gördük, yaşlılarımıza qismət olmadı. Lakin mən bilirəm ki, onların ruhu buradadır və şaddır.

 -Ailəniz Zəngilandan məcburi köçkün düşəndən sonra harada       məskunlaşmışdılar?

-Zəngilandan ən sonuncu çıxan ailələrdən biri də bizim ailədir. Onlar buradan oktyabrın 29-da çıxıblar. Mühasirədə olduğu üçün Zəngilandan ən sonuncu çıxan atam olub. Bu haqda danışanda həmişə qəribə hislər keçirirəm. Çünki soyuq, yağışlı havada atam Arazı adlayaraq İrana keçib. Bir müddət Astarada məskunlaşıblar. Ondan sonra Bakıya gəliblər. 

- İnsan həyatında hər hansı bir sevincli və ya kədərli hadisəni yaşayanda həmin gün geyindiyi paltarı, ətrafdakı əşyalar sanki yaddaşına həkk olunur. Zəngilansız keçən 29 il ərzində ən çox ora ilə bağlı nəyi xatırlayırdınız? Və ya ailənizdə elə bir əşya var idimi ki, həmin əşya sizə həmişə Zəngilanı xatırladırdı?

- Bəli, evimizdə iki əşyamız var idi ki, 29 il ərzində biz onlara hər baxanda Zəngilanı xatırlayırdıq. Biri nənəmin Şamaxı deyilən milli örpəyi, bir də samovar idi. Biz ailəliklə samovar çayı sevənik. Üzərində gözəl naxışları olan o samovar insana gəl-gəl deyirdi. Amma atam heç vaxt o samovarı qalamağa qoymurdu. 29 il qalanmayan o samovar indi bizim öz evimizdə, Zəngilanda qalanır. Bir də Xanlıq xalçamız var idi. Qonaq otağına salırdıq. Gələn qonaqlarımız deyirdi ki, bu qədimi xalçalardandır. Deyirdim bəli, bu xalçanı işğaldan əvvəl atamgil gətiriblər.

Bəzən Bakıdan zəng edirlər ki, darixmırsan?

- Müsahibənin əvvəlində də qeyd etdiniz ki, Ağalı kəndində yaşayan vətəndaşlara hüquqşünas kimi xidmət edirsiniz. Bir az da işinizdən danışın...

- Hazırda ASAN xidmətdə hüquqşünas kimi fəaliyyət göstərirəm. Bilirsiniz ki, Vahid Hacıyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin edilib. Eyni zamanda da, Vahid Hacıyevin komandasında hüquqşünasam. Vətəndaşlarımıza hüquqşünas olaraq xidmət göstərmək mənim üçün qürurverici haldır. Bəzən Bakıdan zəng edirlər ki, darixmırsan? Mən hər kəsə burada yaşayıb onun dadını görməyi arzulayıram. Anam deyir ki, sən çox sakitləşmisən. Deyirəm ata yurdum mənə dərman kimi gəlib ondandır.

- Siz oranı indi görürsünüz, yaşayırsınız. Amma ailə böyükləriniz o torpaqlarda böyüyüblər. Yəqin ki, onlar tamam başqa ab-havadadırlar.

- Atamın Zəngilandan çıxdığı yaşda mən geri qayıtdım. Atama həmişə deyirəm ki, ata, sənin burada qalan gəncliyini İnşallah mən davam edəcəm. Atam müharibə vaxtı orduya yardım məqsədilə kömək aparırdı. O 1993-cü ilin 30 oktyabrında öz doğum günündə Zəngilandan çıxmışdı. Elə öz doğum günündə də müharibə vaxtı ora getdi. Bizim ev 1993-cü ildə də ikimərtəbəli idi. İndi də hazırda evimiz durur. Mən illərlə onların gözündə o Vətən həsrətini görürdüm. Həmişə Zəngilan adı çəkiləndə, Vətən deyiləndə kövrəlirdilər. Biz Naxçıvana gedəndə Xudafərin körpüsündə atam maşını saxlayırdı. Saatlarla baxıb ağlayırdı. Bəzən bizimlə gedən yoldaşlar deyirdi: “Niyə belə ağlayır?” Deyirdim ki, siz onu başa düşə bilməzsiniz. Orada doğul, boya-başa çat, əzab-əziyyət çək sonra uşaqlığını, gəncliyini orada qoy çıx. Yəni onun keçirdiyi hisləri biz başa düşə bilmərik.

- Ermənistan torpaqlarımızı 29 il işğal altında saxladı. Bu illər ərzində nə vaxtsa Zəngilana qayıdacağınıza inanırdınızmı?

- Torpaqlarımıza qayıdacağımıza həmişə inanmışıq. Biz hər xoş günümüzdə süfrə başına yığışanda deyirdik ki, İnşallah bu süfrə gələn il Qarabağda açılacaq. Növbəti bayramımızı Qarabağda keçirəcəyik. Düzdür, illər bir az zaman aldı. Amma indi bayramımızı artıq Qarabağda keçiririk.

Sizə bir hadisəni danışım. Mənim uşaqlıq dostum vardı. Şəhərli idi. Ordu sıralarına yollananda söz verdi ki, sizin yurdunuzun işğaldan azd olunma xəbərini ilk mən verəcəyəm. Həqiqətən də elə oldu. Bizim evin kadrlarını, torpaqlarımızın işğaldan azad olunmasını o xəbər verdi. Üç gündən sonra məhz elə Zəngilanda o, şəhadətə qovuşdu. Ona görə mən Zəngilana gedəndə hislərim çox qarışıq idi. O, harada şəhid olmuşdusa mən o yerdə idim. Onun anasına zəng etdim. Dedim Sevil ana, bağışla. Mən torpağıma gəlmişəm, amma sevinə bilmirəm. Onun bir sözü hələ də yadımdadır... Sevil ana dedi ki, qızım səndən bir xahişim var. Get o torpaqları qarış-qarış gəz. Amma qətiyyən o torpaqlarda göz yaşı tökmə. Axıtdığın ancaq sevinc göz yaşı olsun. Söz ver ki, gedib o torpaqları dirçəldəcəksiniz, gələndə də mənə bir ovuc torpaq gətir. Biz hər birimiz o torpaqları dirçəltməli, orada sönən ocaqları yandırmalıyıq... O torpaqların hər qarışında bir igidin qanı var.

-2021-ci il aprelin 19-da Prezident İlham Əliyev “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzaladı. Prezident İlham Əliyev “Bu insanlar çox gözləyiblər, bu səbəbdən onlar Azərbaycanda mümkün olan ən yaxşı şəraitdə yaşamalıdırlar” deyə bəyan etdi. Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə bu konsepsiyaların tətbiqi böyük əhəmiyyət kəsb edir. İlk pilot layihədən - Ağıllı kənd konsepsiyasından, onun məqsədlərindən danışaq

Şəhərdə internetin sürəti 30-dursa, Ağalı kəndində 100-dür

- İşimlə bağlı bu yaxınlarda Bakıya qayıtmışdım. İşıqlar söndü internet kəsildi. Dedim haradasan, ay Ağalı? Bizim kənddə işıq söndükdən saniyə keçmir ki, yenidən yanır. Çünki sistemlər işə başlayır. Hər evin üzərində avadanlıqlar qurulub ki, suyun istiliyini, soyuqluğunu onlar tənzimləyir. “Ağıllı kənd” konsepsiyası təkcə Azərbaycanda yox, həm də MDB-də bir ilkdir. Eyni zamanda, şəhərdə internetin sürəti 30-dursa, Ağalı kəndində 100-dür. Face İD sistemi həyata keçiriləcək. Hələ tətbiq olunmur, amma quraşdırılıb. Biz Face ID adətən telefonda və ya kompyuterdə görürük. Burada hər bir evdə Face ID sistemi olacaq. Evə giriş-çıxış bu sistemlə olacaq.

- Bundan sonrakı həyatınızı necə təsəvvür edirsiniz? Böyük Qayıdış həyatınızda hansı yeniliklərlə qalacaq?

-Bundan sonrakı həyatımı, ancaq “Ağıllı kənd”də planlayıram. Bizim köçümüz barədə məlumat ötən ildən bəlli idi. Keçən il işimlə bağlı mənə çox gözəl təkliflər gəldi. Hətta müəllimim zəng etdi ki, həyatının ən parlaq zirvəsinə çatacağın təkliflərdir. Niyə dəyərləndirmirsən? Dedim mən “Ağıllı kənd”ə gedəcəyəm. Sözün düzü sarkazmla mənə güldü.Yəni ki, sən buradakı həyatını qoyub, oraya gedənsən? Universitetdə oxuyandan dörd ildi işləyirəm. Mən dörd ildə işlədiyim həyatla iki həftə işlədiyim həyatı müqayisə edəndə fərq çoxdur. Mən indi başqa cür zövq alaraq işləyirəm. Mənim təklifimlə könüllü komanda yaradılıb. Kimisə bank sektorundan, kimisə hüquq, müəllim və s. hər axşam biz gənclər yığışıb toplantı edirik. Müzakirələr aparırıq. Həftədə bir dəfə hər kəs o kitabı oxuyub gəlib müzakirə edirik. Mən Bakıda nə vaxt bədii kitab oxumuşam, müzakirə etmişəm yadımda deyil. Çünki şəhər həyatının işi qədər idi ki, vaxt qalmırdı. İndi bir növ monoton həyatdan çıxmışam.

Günel Eyyubova, “İki sahil”