04 avqust 2022 03:27
1007

İdman saatı kişilər və qadınlar üçün fərqliymiş

Günün hansı saatlarında idman etməyinizdən asılı olmayaraq, bu, orqanizm üçün faydalıdır. Amma ABŞ-da həyata keçirilmiş araşdırmanın nəticələri göstərir ki, zaman faktorunun faydalılıq əmsalı qadınlar və kişilər üçün fərqlidir.

Məlum olub ki, səhər idmanı qadınların orqanizmindəki piyləri əridir.  Kişilərdə isə əksinə, buna axşam saatlarındakı idmanla nail olmaq olur. 

Alimlər qeyd ediblər ki, kişilər və qadınlar arasındakı hormonal və bioloji saat fərqlərinin, o cümlədən  yuxu dövrlərinin də nəticələrə təsiri ola bilər. 

 Onların keçirdiyi 12 həftəlik təcrübədə  aktiv və sağlam olan 25-55 yaş arası 30 kişi və 26 qadın iştirak edib. Bu müddət ərzində onların orqanizminə gərmə, sprint, dözümlülük və güc məşqlərinin təsiri izlənilib və qeydə alınıb. 

Təcrübə zamanı iştirakçılardan bir qrupu 07.30- 08:30, digər qrupu isə 18:00-19:00 aralığında məşq edib. Bütün iştirakçılar onlar üçün hazırlanmış pəhrizə də riayət ediblər. 

 Qeyd edək ki, iştirakçıların 12 həftə boyu  bədən elastikliyi, gücü,  bədən piyinin faizi və qan təzyiqi ölçülərək qeydə alınıb. 

Hansı saatlarda idman etmələrindən asılı olmayaraq təcrübə müddətinin sonunda bütün iştirakçıların atletik qabiliyyəti və sağlamlığı əvvəlkinə nisbətən xeyli yaxşı olub. Araşdırmanın rəhbəri, Nyu-York ştatındakı Skidmore məktəbinin sağlamlıq və insan fiziologiyası üzrə professoru Paul Arcerio qeyd edib ki, “İdman üçün ən yaxşı vaxt gündəlik rejiminizə uyğun olan vaxtdır”.

Amma o bu vaxtın kişilər və qadınlar üçün fərqli ola biləcəyinidə vurğulayıb.

Arcerionun sözlərinə görə, bel-göbək bölgəsindəki piylərdən xilas olmaq və qan təzyiqini aşağı salmaq istəyən qadınlar səhər idmanına üstünlük verməlidirlər. 

Bu, çox vacib məsələdir, çünki qarın nahiyəsindəki piy daxili orqanların, o cümlədən, qaraciyərin ətrafına toplanır və buna görə də təhlükəli hesab olunur. Lakin bədənlərinin yuxarı hissəsindəki əzələləri bərkitmək, qidalanmalarını tənzimləmək və ovqatlarını yaxşılaşdırmaq istəyən qadınlara axşam idmanı tövsiyə edib.

 Araşdırmaçılar  belə nəticəyə gəliblər ki, ürəyin sağlamlığını, maddələr mübadiləsini və ovqatı yaxşılaşdırmaq istəyən kişilər üçün ideal vaxt axşam saatlarıdır. 

Axşam saatlarında idman kişilərdə maddələr mübadiləsinin yaxşılaşdırır və  həmçinin piylənmə, 2-ci tip diabet, ürək xəstəlikləri, insult riskini də azaldmış olur. 

Kişi və qadın orqanizmlərinin idmanın vaxtına niyə fərqli reaksiya verməsinin səbəbi tam aydın deyil. Alimlərin sözlərinə görə, bu məsələni daha dərindən öyrənməyə ehtiyac var.

Samirə Tağıyeva, “İki sahil”