...Azərbaycan əsgərinə güllə atan düşmən qədər təhlükəlidirlər
Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayaraq bildirib ki, son günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədi ilə həqiqətə uyğun olmayan informasiyalar yayımlanıb. İctimai-siyasi sabitliyin, insan hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olunub, onlar barəsində təsirli tədbirlər görülüb.
Bu məlumatdan sonra cəmiyyətdə yenidən ordu ilə bağlı məlumatlarda ehtiyatlı davranmanın vacibliyinə diqqət çəkilir. Lakin bu, heç də «ordu ilə bağlı heç nə yazmaq olmaz» anlamına gəlmir. Çünki orduya ictimai nəzarət vacibdir. Ancaq hərbi sirr kateqoriyasına aid olan məlumatların mediada tirajlanması qəti qadağandır. Çünki hərbi sirr mühafizə olunmalıdır. Bəzən bu cür xəbərlər məqsədli olaraq tirajlanır. Təbiidir ki, onlarla bağlı lazımi hüquqi addımlar atılmalıdır. Çünki indi ölkəmiz üçün həssas dövrdür. Ermənistanla hər an müharibə başlaya bilər. Ona görə də ordu haqqında dezinformasiya yayanlar Azərbaycan əsgərinə güllə atan düşmən qədər təhlükəlidir.
Təbii ki, Baş Prokurorluğun bu addımları qanunauyğundur və təqdir olunası hadisədir. Çünki media subyektləri və sosial şəbəkə istifadəçiləri anlamalıdırlar ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yol verilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Eyni zamanda, Baş Prokurorluğun bu xəbərdarlıqları və addımları söz və ifadə azadlığından sui-istifadə hallarına yol verənlərə qarşı adekvat addımdır və ictimai mühitin sağlamlaşmasına, birgəyaşayış qaydalarının, toplumu ayaqda saxlayan mənəvi dəyərlərin qorunmasına xidmət edir. Həmçinin bu kimi önləyici addımlar, həm də sosial sifariş kimi qəbul olunmalıdır. Çünki, sosial şəbəkələrdə o cümlədən bir sıra media resurslarında vətəndaşların və dövlətin informasiya təhlükəsizliyini təhdid edən informasiyalar bəzən ağır cinayətlərə səbəb olur. Ona görə də Baş Prokurorluğun bu istiqamətdə atdığı önəmli addımlar zərurətdən irəli gəlir və cəmiyyətimizin daha da saflaşmasına xidmət edir.
Xüsusi qeyd etmək lazımdır ki, son dövrlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ilə dövlətimizin və vətəndaşlarımızın informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində qlobal çağırışlara cavab verən mükəmməl hüquqi baza formalaşdırılıb. Bu isə informasiya müharibəsində qələbə qazanmaq üçün ölkəmizə əlavə sitmullar verir. Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, beynəlxalq təcrübədə dövlətin və cəmiyyətin informasiya təhlükəsizliyinə təhdid yaradan hallara qarşı ciddi vasitə tədbirləri də mövcuddur. Ona görə də ölkəmizdə də vətəndaşların hüquq və azadlıqlarının, informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri yanız alqışlamaq lazımdır. Çünki peşəkar jurnalistikanın kimlərinsə çirkin niyyətlərinə və şəxsi mənafelərinə alət edilməsi qətiyyən yolverilməzdir. Bu kimi mənfi tendensiyalara rəvac vermək isə artıq cinayətə qapı açmaq deməkdir.
Elçin Zaman, «İki sahil»